Mobil versiya
Efirdə möhürlənən müəllim ömrü: Səyyad Ağbabalı portreti
Tarix: 04-02-2026 | Saat: 11:30
Bölmə:Karusel / Manşet / Özəl / Qərbi Azərbaycan / Yazar3 | çapa göndər

Efirdə möhürlənən müəllim ömrü:


"101 Ağbabalı" silsiləsinin budəfəki siması müstəqil Azərbaycan mətbuatının sarsılmaz sütunlarından biri, müqəddəs Kəbənin nuru ilə möhürlənmiş bir ömür yolunun sahibi, Əməkdar jurnalist Səyyad Ağbabalıdır.


Epiqraf:
"Dünya bir pəncərədir, hər gələn baxar gedər... Amma elə sədalar var ki, o pəncərədən çəkiləndən sonra da zamanın boşluğunda bir əks-səda kimi deyil, bir ucalıq rəmzi kimi qalır."

Tarix — sadəcə baş verib keçmiş hadisələr silsiləsi, rəqəmlərin soyuq sıralanması deyil; tarix — zamanın qaranlıq və amansız süzgəcindən süzülüb gələn, fırtınaların sarsıda bilmədiyi, sınaqların əyə bilmədiyi nəhəng şəxsiyyətlərin odla yazılmış ömür yoludur. Zaman — qəddar və amansız bir sərkərdə tək hər şeyi unudulmağa, tozlu səhifələrə məhkum etmək istəsə də, bəzi insanlar var ki, onlar öz xarakterləri, sarsılmaz əqidələri və qələmlərinin iti ucu ilə zamanın özünü yaddaşın əsirinə çevirirlər. Şəxsiyyət elə bir əlçatmaz ucalıqdır ki, o, zamanın içindən bir tufan kimi keçib gəlir, amma heç vaxt onun dalğaları altında qalmır; əksinə, zamanı öz addımlarının vüqarlı ahənginə, ruhunun sarsılmaz ritminə tabe edir.

Bəzən bir insanın taleyi bütöv bir millətin tarixi taleyi ilə elə bir nöqtədə kəsişir, elə bir vəhdətdə birləşir ki, orada fərdin ağrısı xalqın fəryadına, xalqın qələbəsi isə fərdin alın yazısına çevrilir. Belə anlarda harada insanın bitib, harada Vətənin başladığını ayırd etmək çətin olur. Çünki o insan artıq sadəcə özü deyil, mənsub olduğu torpağın dili, yaddaşı və heç vaxt sönməyəcək çırağıdır. İnsan var ki, yaşadığı dövrün sadəcə səssiz şahididir; insan da var ki, o dövrün həm sarsıdıcı fəryadı, həm oyaq vicdanı, həm də silinməz salnaməsidir.

Səyyad Ağbabalı fenomeni məhz belə bir möhtəşəm vəhdətin, ruhun zaman üzərindəki qələbəsinin təcəssümüdür. Onun ömür yolu Ağbaba mahalının dumanlı, sirli dağlarından başlayıb, tarixin ən təlatümlü, ən kəskin döngələrindən keçərək dövlətçiliyin uca efir məkanında möhürlənən bir həqiqət dastanıdır. Bu, sadəcə bir bioqrafiya deyil; bu, bir ziyalının öz mənliyini qorumaq üçün ölümün gözünə dik baxdığı, Arpaçayın bulaq şırıltısından müqəddəs Kəbənin nuruna qədər uzanan nurani bir cığırın hekayətidir. Biz bu gün onun haqqında danışarkən, əslində tarixin aynasında əks olunan bir ləyaqət tablosuna, şəxsiyyətin zamanla apardığı o şərəfli mübarizəyə nəzər salırıq. Səyyad müəllim üçün şəxsiyyət — sarsılmaz bir sədəfdir; onun içində həm ulu babaların qisası, həm zadəgan bir ananın sədəf duaları, həm də minlərlə şagirdin yaddaşındakı o müqəddəs müəllim işığı əbədi bir xəzinə kimi qorunub saxlanılır.


Arpaçayın pıçıltısı və Qarapapaq ruhunun qalası


Səyyad Ağbabalı (Məmmədov Səyyad Nəsib oğlu) 1952-ci il aprelin 14-də Ağbaba mahalının İlanlı (Çaybasar) kəndində dünyaya göz açdı. İlanlı — sadəcə bir kənd deyil, Arpaçayın sağ sahilində, kiçik bir dağın ətəyində sığınıb boy göstərən bir igidlik məkanıdır. Bura Ağbaba yalasının tam mərkəzində, döyüşkən Qarapapaq tayfalarının sarsılmaz ruhunun kök saldığı bir məğrur qaladır. Təsadüfi deyil ki, erməni mənbələrində belə kəndin adı qorxu ilə anılırdı: "Qazançı kəndindən İlanlıya 40 top atəşi açdıq, lakin kəndə girə bilmədik; bu kəndin adamları çox yaxşı silahlanıblar və ciddi müqavimət göstərirlər".

Bu torpaqların təbiəti sanki Səyyad müəllimin xarakterinin bədii təsviridir. Kəndin ətrafı gümüşü lent tək uzanan, şırıltısı ilə gecələri musiqi sədasına bürüyən buz bulaqlarla əhatə olunmuşdu. Bozqala yaylaqlarının uca zirvələri buludlarla pıçıldaşanda, dərin dərələrin gizli sükutu insanı sonsuz bir xəyala dalmağa vadar edirdi. Yaz gələndə güllü-çiçəkli düzlər əlvan bir xalıya bürünər, Arpaçayın coşqun suları sıldırım qayaların ətəyini döyərək bu dağlar kəndinə əzəmət bəxş edərdi.

Qışı sərt, qarlı-boranlı olsa da, İlanlının mənəvi iqlimi hər zaman isti idi. Burada ziyalı sözünə, saza, ulu dastanlara və el nəğmələrinə olan maraq hər bir evin ab-havasına hopmuşdu. Arpaçayın daşqınları yazda ətrafı bürüsə də, kənd sakinlərinin ürəyindəki o vətən sevgisi sarsılmaz bir bənd kimi dayanmışdı. Məhz bu təbiət lövhəsi – o dərələr, o bulaqlar və o sıldırım qayalar Səyyad Ağbabalının qələmində və sözündəki o sarsılmaz vüqarın ilk dərslikləri idi.

Zadəgan ruhlu Gülü ana: Ömrün sönməz mayakı və mənəviyyat beşiyi

Səyyad Ağbabalının uşaqlığı talehinin ən sərt rüzgarları ilə – atasızlığın gətirdiyi o vaxtsız və ağır sınağa çəkildi. Hələ körpə çiyinlərinə düşən bu yük onu erkən yetkinləşdirməli, bəlkə də sındırmalı idi. Səyyad Ağbabalının uşaqlığı talehinin ən sərt rüzgarları ilə – atasızlığın gətirdiyi o vaxtsız və ağır sınağa çəkildi. Hələ körpə çiyinlərinə düşən bu yük onu erkən yetkinləşdirməli, bəlkə də sındırmalı idi. Taleyi hələ o doğulmadan babalarının qanlı keçmişi və haqsız sürgünləri ilə yoğrulmuşdu. Ata babası Məhəmməd ağa, bütün əmiləri və yaxınları sovet rejiminin amansız 'qolçomaq' damğası ilə öz dədə-baba yurdundan didərgin salınmış, “xalq düşməni” elan edilərək uzaq sürgün yollarına məhkum olunmuşdu. Bu sürgün yalnız bir insanın fiziki uzaqlaşdırılması deyil, bütöv bir nəslin taleyinə vurulan ağır bir möhür idi. Sonralar ustadın özünün də qeyd etdiyi kimi, babasının bu acı qismətindən Səyyad Ağbabalıya “xalq düşməninin nəvəsi” damğası pay düşmüşdü. Bu damğa onu ömür 1980-ci ilə qədər kölgə tək izləyəcək, hər addımında qarşısına süni sədlər çəkəcəkdi, lakin o, bu sürgün ağrısını öz iradəsi ilə ləyaqət dastanına çevirməyi bacardı. Həm də İlahi qismət onun bəxtinə elə bir mənəvi ucalıq bəxş etdi ki, o, bu boşluğu bir ömür boyu yorulmadan dolduran sönməz bir çırağa söykəndi. Bu, İrəvan zadəganlarının nəcabətini, əsilzadə xanımların vüqarını ruhunda daşıyan, el arasında Gülü ana kimi tanınan müqəddəs bir qadın idi.

Gülü ana sadəcə bir valideyn deyil, sanki Ağbaba torpağının bütün hikmətini, sazın-sözün sehrini öz varlığında cəmləyən canlı bir dastan idi. O, sinədəftər bir ustad, mənəviyyatın ən təmiz qatlarından su içən bir el anası idi. Əslən İrəvan bəylərinin nəslindən olması onun hər bir rəftarında, hər bir kəlməsində bir zadəgan kübarlığı kimi boy göstərirdi. Bu xanım-xatın ana üçün zəhmət – ucalıq, söz isə – müqəddəs əmanət idi. Səyyadın bu gün belə tarını köksünə sıxıb o ulu el havalarını həzin-həzin zümzümə etməsində, barmaqlarının simlər üzərindəki o zərif toxunuşunda Gülü ananın sazının sədası, onun o nəsillərə örnək olan ruhu, bir də yaddaşlarda qalan bir qoşması yaşayır:

Bu obada doğulmuşam,
Çəmənlərdə mən gəzmişəm,
Toylarda da çox süzmüşəm,
Sonaların sonasıyam.

Tərifim edər İsgəndər
Vəfalıdır bizim ərlər.
Çoxdur bizsə qoç igidlər,
Mən igidlər anadıyam.

Qalxın, gəlir ər minbaşı,
Mərdi-mərdanə savaşı.
Ağbaba mahallar şahı,
Mən o şahın parasıyam.

Gülü çalar telli sazı,
Çox sevilər xoş avazı
Vəsf eyləyər qışı, yazı,
Məclislərin baş tacıyam.


Gülü ana darda qalanın, qapısına ümidlə gələnin son pənahı idi; onun ocağından bircə kimsə belə naümid, boynu bükük qayıtmazdı. Övladlarının təhsili, onların işıqlı gələcəyi üçün bir ömrü şam kimi əridən bu fədakar qadın Səyyad müəllimi həm zəhmətin sınağından çıxardı, həm də zadəgan ailəsinin o köklü tərbiyəsi ilə yoğurdu. Səyyad İrəvanda, sonra isə fərqlənmə diplomu ilə bitirdiyi Gəncə elm ocağında təhsil alanda Gülü ana hər bir müvəffəqiyyəti bir bayram kimi qeyd edər, oğlu ilə bir uşaq sevinciylə fərəhlənərdi.


Yollar uzandı, illər Səyyad müəllimi partiya işçisinə, ustad jurnalistə, tanınmış ziyalıya çevirdi. Amma Gülü ana üçün o, həmişə eyni qaldı: tarını sinəsinə sıxıb gözlərini məchul bir nöqtəyə zilləyərək el havalarını ruhunun dərinliyi ilə ifa edən o istedadlı, balaca Səyyad... Onun həyat yolu, məhz Gülü ananın zadəgan nəfəsi və ana fədakarlığı ilə nura boyanan bir məhəbbət yoludur.

Haşiyə: Bir müəllim ömrünün işığı və ruhun memarlığı

Zaman bəzən ən dərin izləri məhz bir müəllimin təbaşir tozuna qarışmış nəfəsində, bir şagirdin heyranlıqla baxan gözlərində buraxır. Səyyad müəllimin ömür yolunda müəllimlik – sadəcə bir peşə deyil, ruhun memarlığı, gələcək nəsillərin mənəvi xəritəsini cızan müqəddəs bir missiya idi.

Yaxşı yadımdadır... O zaman mən 6-cı sinifdə oxuyurdum. Hərbi xidmətini şərəflə başa vurub doğma kənd məktəbimizə qədəm qoyan Səyyad Ağbabalının gəlişi, durğun suları dalğalandıran bir bahar mehi kimi məktəbimizə yeni bir ab-hava, bitməyən bir coşqu gətirdi. Məktəbin komsomol təşkilatının katibi seçilən gənc Səyyad müəllim divarlar arasında sıxılıb qalan tədrisi canlandırdı; kitab müzakirələri, şeir müsamirələri, ədəbi-bədii gecələr sanki kəndimizin mənəvi iqlimini dəyişdi. O, bizdə ədəbiyyata, yaradıcılığa elə bir yanğı, elə bir sonsuz maraq oyatdı ki, artıq hər birimiz daha çox oxumaq, daha dərindən dərk etmək üçün yarışırdıq.

Bizə tarix dərsini Səyyad müəllimin tədris edəcəyini eşidəndə sevincimizin həddi-hüdudu yox idi. O, Molla Pənah Vaqif yaradıcılığının vurğunu, gözəlliyin və sözün aşiqi idi. Bizim tarix dərslərimiz quru faktlarla deyil, mütləq Vaqifin ruhu oxşayan "Pəri" qoşması ilə başlayırdı. Səyyad müəllim sinfə daxil olub salamlaşandan sonra mən fəxrlə ayağa durur, ruhumun bütün telləri ilə o şeiri söyləyərdim və yalnız bundan sonra tarixə pəncərə açılardı. Onun dərsləri canlı bir tamaşa idi; tarix və ədəbiyyatı elə məharətlə, elə bir ustalıqla inteqrasiya edirdi ki, zəngin səsi kəsilməsin, o sehirli anlar bitməsin istəyirdik.

8-ci sinifdə bizə anlatdığı "1812-ci il Vətən müharibəsi və Borodino döyüşü" mövzusu isə sadəcə bir dərs deyil, hər birimizin qəlbində döyüşən bir qəhrəmanlıq dastanı idi. O mövzunu elə mənimsəmişdik ki, sanki o topların səsini, o strateji gedişləri öz gözlərimizlə görmüşdük. Tale elə gətirdi ki, 1978-ci ildə Gəncədə qəbul imtahanında mənə məhz həmin sual düşdü. Səyyad müəllimin mənə aşıladığı o şövqlə, o zəngin faktlarla elə bir cavab verdim ki, professor Həsənbala Sadıqov digər suallara ehtiyac duymadan mənə yüksək qiymət yazdı.

İndi o vaxtdan düz 50 il keçib... Amma zaman o xatirələri köhnəldə bilməyib. Bu gün belə yuxudan oyansam, Borodino döyüşünü Səyyad müəllimin öyrətdiyi kimi danışa, "Pəri" qoşmasını eyni intonasiya ilə əzbər deyə bilərəm. Müəllimin insan həyatında buraxdığı iz, onun dəst-xətti məhz budur! Biz ondan təkcə bilik yox, müəllimlik sənətinin ləyaqətini, jurnalistikanın ilk cığırlarını, dramaturgiyanın sirlərini öyrəndik. Mənim bir şair, bir tarixçi kimi yetişməyimdə Səyyad müəllimin xeyir-duası ən böyük sərvətimdir. 13 yaşımda “Əmək” qəzetində dərc olunan “Müəllimim” adlı ilk şeiri o qədər səmimiyyətlə tərifləmişdi ki, o mehriban səs hələ də qulaqlarımda əks-səda verir.
O, tarını sinəsinə sıxıb ulu havaları ifa edəndə bütün dünya sükuta dalardı. Bizim uşaq dünyamızda Səyyad müəllim sadəcə bir müəllim deyil, əlçatmaz bir örnək, işıqlı bir ideal idi. Onun yaratdığı dram dərnəyində hazırladığımız səhnəciklər, oxuduğumuz mahnılar bizim taleyimizin ilk bəstələri idi. Müəllim belə olar – şagirdinin yoluna işıq tutar, onun daxilindəki istedadı bir usta zərgər kimi tapıb üzə çıxarar. Bu gün onun haqqında yazmaq, ustadımın ucalığından bəhs etmək mənim üçün ən müqəddəs vəfa borcudur.

İrəvan sınağı və Amasiya tufanı: Sahiblik haqqı və səngərə çevrilən redaksiya

Səyyad müəllimin ömür yolu sadəcə bir karyera yüksəlişi deyil, addım-addım daralan bir ideoloji mühasirədə milli varlığını və ləyaqətini qorumaq uğrunda verilən böyük bir imtahandır. Onun üçün İrəvan küçələri və Amasiya yaylaqları sadəcə təhsil aldığı və çalışdığı coğrafiya deyil, babalarının ruhunun dolaşdığı ulu yurd yerləri idi. İrəvan Dövlət Pedaqoji İnstitutunda oxuduğu illərdə gənc Səyyad azərbaycanlı tələbələrə qarşı hiss olunan gizli və aşkar təzyiqləri, aşağılayıcı münasibəti öz iti məntiqi, dərin biliyi və sarsılmaz iradəsi ilə darmadağın edirdi. O, hər addımında bu torpağın əsl varisi olduğunu, irəvanlı qlava Hüseynalının nəcabətini təmsil etdiyini qarşı tərəfə sükutla və vüqarla sübut edirdi.

Amasiya Rayon Partiya Komitəsində şöbə müdiri, daha sonra "Əmək" qəzetinin baş redaktoru olduğu illər isə Səyyad Ağbabalı üçün həqiqi bir "atəş xətti" idi. Qəzetin nəzdində yaratdığı "Ağbaba" ədəbi birliyi sadəcə istedadlı gəncləri bir araya gətirmirdi, o, həm də milli ruhun oyanış mərkəzinə çevrilmişdi. Bu birliyin ətrafında azərbaycanlı gənclərin sıx birləşməsi, onların yaradıcı potensialının üzə çıxması yerli erməni dairələrini ciddi şəkildə narahat edirdi. Səyyad müəllimi "millətçi", "pantürkist" damğası ilə sıradan çıxarmaq üçün qurulan gizli planlar, onun hər kəlməsində "itaətsizlik" axtaran tələlər ustadın sarsılmaz iradəsi qarşısında aciz qalırdı. Buna görə də 1988-ci ilin martında onu Ermənistan MK-da düz 5 saat dindirib, rayonu tərk etməmək haqqında iltizam aldılar.

1988-ci ilin iyunu... Amasiya artıq fırtınadan əvvəlki o ağır və boğucu sükutu yaşayırdı. Rayonun birinci katibi İldırım Bağırova qarşı törədilən təzyiqlər və sui-qəsd cəhdləri bölgədə vəziyyəti pik həddə çatdırmışdı. Rayon mərkəzinə quzğun tək doluşan və qanlı ssenarilər hazırlayan saqqallı daşnaq qüvvələri üçün Səyyad Ağbabalı ən təhlükəli hədəflərdən biri idi. Onun redaktor qələmi düşmən üçün minlərlə silahdan daha kəsərli idi.



Həmin təlatümlü günlərdə Səyyad müəllim ölümün gözünə dik baxaraq, milli qüruru hər şeydən uca tutdu. Amasiyanın dar küçələrində onu addım-addım izləyən təhlükədən, qurulan xain pusqulardan yalnız öz cəsarəti və xalqın ona olan sonsuz etimadı sayəsində xilas ola bildi. Mühasirənin daraldığı, nəfəslərin kəsildiyi o qanlı iyun günündə Səyyad Ağbabalı möcüzə nəticəsində düşmən halqasını yararaq Qızıl Qoç rayonu üzərindən Bakıya uzanan o şərəfli və ağrılı yola çıxdı. O, kəndini və mahalını tərk etmirdi; o, Ağbabanın fəryadını və haqq səsini dünyaya çatdırmaq üçün Bakıdakı böyük tribunaya – sarsılmaz mənəvi səngərə tələsirdi.

Bakı səngəri: 20 Yanvarın qanlı səhərindən Kəbənin nuruna

Bakıya pənah gətirən Səyyad Ağbabalı üçün dinc həyat deyil, daha böyük və qlobal bir mübarizə meydanı açıldı. 1988-ci ilin payızında Bakının meydanları xalqın azadlıq fəryadı ilə lərzəyə gələndə, ustad o izdihamın tam qəlbində idi. Hətta bir mitinq zamanı onu sındırmaq üçün atılan "narkoman" iftirası və həbs təhlükəsi belə Səyyad müəllimin iradəsini sarsıda bilmədi; çünki onu zindanlardan qurtaran minlərlə insanın ona olan sonsuz inamı idi.
1990-cı il, yanvarın 20-si... Bakı qan içində boğulurdu. Şəhərin üzərinə ölüm saçan tankların tırtılları altında inləyən o qanlı gecənin sabahında, Səyyad Ağbabalı televiziya və radionun qapısında ölüm saçan komendant Dubinyakın qanlı pəncəsi ilə üz-üzə qaldı. Ölümün nəfəsini duyduğu o an, Azərbaycan ruhunun nəhəngi Bəxtiyar Vahabzadənin od püskürən hiddəti bir ildırım kimi çaxdı və ustadı o qanlı pəncədən qoparıb aldı. Bu, taleyin Səyyad müəllimə bəxş etdiyi növbəti möcüzə idi.



Onun üçün jurnalistika sadəcə xəbər deyil, bir vətəndaşlıq savaşı idi. Polyaniçkonun rəhbərlik etdiyi Təşkilat Komitəsinin tərkibində Qarabağın ən qaynar nöqtələrinə yollanan ustad, Kərkicahanda yanıb kül oldu, Şuşanın dumanında xalqın dərdi ilə yaşadı, Malıbəylinin, Əskəranın ağrısını radio dalğalarında dünyaya fəryad etdi. Xankəndində erməni daşnaqları onun başını kəsmək üçün fürsət gəzəndə, şair Vahid Əzizin fədakar dostluğu onu bir daha ölümdən qopardı. Vahid Əzizin "Səyyad Ağbabalının başını Xankəndində kəsəcəkdilər" məqaləsi ustadın Qarabağ uğrunda ölümün gözünə necə dik baxdığının sənədli təsdiqi idi. 1992-ci ildə Xocalı soyqırımının acısı ilə qovrulan ustad, hətta bu faciədə onu günahkar çıxarmaq istəyən absurd ittihamları arxiv sənədlərinin dili ilə darmadağın etdi.
Lakin bütün bu qanlı sınaqların, atəş altındakı reportajların sonunda ustadı nurani bir mükafat gözləyirdi.



1993-cü ildə müstəqil Azərbaycanın memarı Heydər Əliyevin mətbuat salnaməçisi kimi 900 günlük o tarixi marafon başladı. Bu marafonun ən müqəddəs dayanacağı isə Səudiyyə Ərəbistanı oldu. Tale Səyyad Ağbabalıya hər bəndəyə qismət olmayan, milyonların xəyalındakı o əlçatmaz səadəti bəxş etdi: O, Ulu Öndərlə çiyin-çiyinə müqəddəs Kəbə evinin içərisinə daxil oldu. Bütün Amasiya ağrıları, Qarabağ nisgili sanki o müqəddəs evin nurunda yuyuldu. BMT-nin qarşısında Azərbaycan bayrağını dünyaya tanıdan, "Əsrin müqaviləsi"nin müjdəsini verən o səs, artıq Kəbənin nuru ilə möhürlənmiş bir haqq səsi idi. Onun rəhbərlik etdiyi "Xəbərlər", təsis etdiyi "Arena" qəzeti və jurnalı müstəqilliyimizin analitik yaddaş mərkəzinə çevrildi.



Ustad "Arena" qəzeti ilə dövlətçilik xəttini analitik dillə şərh etdi. Onun "Ağbaba" poeması (2020) hər bəndi "Babam" rədifi ilə bitən ulu türk ruhunun manifestidir. 60 illik yubileyində təqdim olunan "Bir ömür yaşadım ağlı-qaralı" (Zəlimxan Yaqubun "Ön söz"ü ilə) kitabı ustadın real gördüklərinin sənədli təsdiqidir. Kitabın üz qabığındakı o dağıdılmış İlanlı məktəbinin şəkli — ustadın heç vaxt qaysaq bağlamayan ürək yarasıdır.

Zirvədəki ocaq: Müdriklik çağı və əbədi varislik

Səyyad Ağbabalının ömür yolu sadəcə fırtınalardan keçən bir gəminin hekayəti deyil, o həm də sarsılmaz bir sevgi, sadiqlik və ləyaqət üzərində ucalan bir ailə qalasının dastanıdır. Bu qalanın ən möhkəm bürcü, ustadın yarım əsrlik yollarında onun ən sadiq silahdaşı və mənəvi dayağı olan kökü ulu Göyçəyə, ruhu qədim İrəvana bağlı olan Rasimə xanımdır. Özü də bir müəllim kimi düz 50 il Azərbaycan təhsilinin keşiyində bir şam kimi əriyən, zərifliyi ilə məğrurluğunu eyni sədəfdə birləşdirən Rasimə xanım, Səyyad müəllimin həyatındakı bütün fırtınaları sükuta, bütün ağrıları ümidə çevirməyi bacaran bir fədakar ziyalı ömrü yaşamışdır. Bu iki işıqlı insanın qurduğu ocaq, bu gün mənəviyyatımızın ən təmiz guşələrindən biridir.


Bu ocağın istisindən isə millətin ləyaqət salnaməsinə imza atacaq dörd nurani övlad boy göstərdi. Atalarının şərəfli adını bir bayraq, analarının maarifpərvər ruhunu bir mayak kimi daşıyan bu övladlar Səyyad müəllimin ömür boyu qələmi ilə cızdığı o düzlük və dürüstlük xəritəsinin canlı varisləridir. Hüququn və ədalətin keşiyində duran, hər addımları ilə valideynlərinin başını uca eyləyən oğulları – Xaqani və Nəsib, sadəcə bir nəslin davamçıları deyil, Ağbaba ucalığından gələn o sönməz ocağın sarsılmaz, odlu alovlarıdır. Ailənin göz nuru olan, anaları Rasimə xanımın yolunu ləyaqətlə davam etdirərək şərəfli müəllimlik peşəsini seçən qızları- Şəhla və Aynurə isə, bu ocağın mənəvi hərarətini gələcək nəsillərin qəlbinə daşıyan bir nur payıdırlar.

Nəvələrin zəfəri: Dünyanı fəth edən Ağbaba zəkası


Səyyad Ağbabalının ən böyük və ən dəyərli əsəri, heç şübhəsiz, onun adını və ruhunu gələcəyə daşıyan, dünyanı öz intellekti ilə heyran qoyan nəvələridir. Bir zamanlar İlanlı kəndinin dumanlı yollarından elm zirvəsinə boylanan ustadın nəvələri, bu gün müasir dünyanın ən nüfuzlu universitetlərində Ağbaba nəcabətini təmsil edirlər.

Ustadın nəvələrindən biri - Ayla xanımn York Universitetinin beynəlxalq münasibətlər üzrə magistraturasını müvəffəqiyyətlə bitirərək vətənə dönüb; o, artıq beynəlxalq aləmdə Azərbaycanın haqq səsini ucaldacaq bir mütəxəssisdir.

Digər bir qürur mənbəyi isə Toğruldur. O, dünyanın elm mərkəzi sayılan Nyu-York Universitetinin (NYU) maliyyə ixtisası üzrə doktoranturasının II kursunda təhsil alır. Toğrul təkcə Azərbaycandan olan ən gənc doktorant deyil, həm də intellekti ilə ABŞ dövlətini heyran edən bir istedaddır. Onun Amerika dövlətinin hesabına 500 min dollar məbləğində nəhəng bir təqaüd bursu qazanması, bir azərbaycanlı gəncin dünya elm arenasında qazandığı nadir və tarixi uğurlardandır.

Və nəhayət, ustadın adını çiyinlərində qürurla daşıyan gənc Səyyad Ağbabalı... O, İstanbul Aydın Universitetində stomatologiya ixtisası üzrə magistr təhsili alır. Babasının adını və imzasını Türkiyənin elm mühitində ləyaqətlə təmsil edən bu gənc, ocağın sönməyən çırağının gələcək şəfəqləridir.

Ustadın nəvələrinin bu uğurları, əslində İlanlı kəndindən başlayan o böyük idrak yolunun dünya xəritəsinə həkk olunmasıdır. Bu, Səyyad müəllimin "ağlı-qaralı" ömür yolunun ən parlaq və ən işıqlı zəfəridir.



Səyyad müəllim üçün Ağbaba sadəcə doğulduğu coğrafiya deyil, onun ruhunun pasportu, mənliyinin rəsmi möhürüdür. O, bu adı öz yaradıcılığında – jurnalist və publisist imzasında rəsmiləşdirən ilk jurnalist kimi tarixə düşdü. Lakin bu sevgi təkcə imza ilə bitmədi. Ustadın ən böyük arzularından biri də bu adı gələcək nəsillərə, nəvələrinə bir soyad əmanəti kimi ötürmək idi. Bu, heç də asan başa gəlmədi; uzunmüddətli bürokratik maneələr, gərgin mübahisələr və məhkəmə çəkişmələrindən sonra Səyyad müəllim öz istəyinə nail oldu. İndi onun nəvələri doğum şəhadətnamələrində "Ağbabalı" soyadını fəxrlə daşıyırlar. Bu soyad ustadın öz yurduna olan sadiqliyinin hüquqi təsdiqi, gələcək nəsillərin yaddaşına ötürdüyü sönməz bir nişanədir.

Səyyad Ağbabalının onilliklər boyu mətbuatın inkişafındakı misilsiz xidmətləri, onun sarsılmaz dövlətçilik mövqeyi cənab Prezident İlham Əliyevin Sərəncamı ilə ustadın "Əməkdar Jurnalist" fəxri adına layiq görülməsi ilə öz ali təsdiqini tapdı. Bu mükafat sadəcə bir titul deyil, Ağbabanın dumanlı yollarından Kəbənin nuruna, İrəvanın ideoloji səngərlərindən müstəqil Azərbaycanın efir məkanına qədər uzanan bir fədakarlıq simfoniyasına dövlətin verdiyi ən yüksək ehtiram bəyannaməsidir.



İndi Səyyad müəllim ömrünün ən gözəl çağını – müdriklik zirvəsini yaşayır. O, nəvələrinin əhatəsində, onlara Arpaçayın bulaq şırıltısından, İlanlı kəndinin yenilməzliyindən, Gülü ananın zadəgan nəcabətindən və Heydər Əliyev dühasının əzəmətindən dastanlar danışan bir el ağsaqqalıdır. Onun nəfəsi ilə isinən bu ocaq, zamanın amansız yaddaşında hər zaman dik duran, sarsılmayan və bitməyən bir Qayıdış Nəğməsi kimi səslənəcəkdir. O, mətbuatımızın sönməz mayakı, şagirdlərinin bitməyən dərsi və Azərbaycanın ən ləyaqətli imza sahibidir.
Səyyad Ağbabalı Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü kimi təkcə bir söz ustadı deyil, həm də dədə-baba torpaqlarımızın mənəvi hüquqlarını qoruyan, o torpaqların səsini bu günə daşıyan yaşayan bir tarixdir.

P.S. Beləcə... Mən bu sətirləri böyük bir şövq, sonsuz bir məhəbbət və bitib-tükənməyən bir ehtiramla yazıb bitirdim. Sonuncu nöqtəni qoyub, yazının altına imzamı atanda qeyri-ixtiyari baxışlarım pəncərəyə sataşdı. Artıq səhər açılıb... Gecənin qaranlığını yaran o ilk şəfəqlər sanki ustadımın bizə anlatdığı o işıqlı dərslərin rəmzidir. Yorğun olsam da, qəlbimdə qəribə bir hüzur var. Çünki bir gecəni deyil, bütöv bir ömrü Azərbaycan mətbuatına, dövlətimizə və bizlərə həsr etmiş əziz müəllimimə bircə gecəmi həsr etməyə hər mənada dəyərmiş... Bu ağ vərəqlərə köçən Sizin ömür dastanınız deyil, həm də mənim Sizə olan sonsuz şagird vəfamdır, Səyyad müəllim!



Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2026