Mobil versiya
Milli Məclisin iclasında 2026-cı ilin büdcə zərfinə daxil olan qanun layihələri birinci oxunuşda qəbul edilib - Yenilənib-Foto
Tarix: 21-11-2025 | Saat: 17:23
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Milli Məclisin iclasında 2026-cı ilin büdcə zərfinə daxil olan qanun layihələri birinci oxunuşda qəbul edilib

Noyabrın 21-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti iclası keçirilib. İclasda Hökumət üzvləri və nümayəndələri iştirak ediblər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Parlamentin sədri Sahibə Qafarova gündəlikdəki növbəti məsələnin Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) olduğunu söyləyib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsini təqdim edib.

O, bildirib ki, Vergi Məcəlləsinə və əlavə 16 qanunvericilik aktına dəyişikliklər edilməsini nəzərdə tutan bu layihə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında geniş müzakirə olunub, aidiyyəti qurumlar tərəfindən əhatəli təqdimatlar edilib. Qeyd olunub ki, Vergi Məcəlləsinə dəyişikliklər 2026-cı ilin büdcə zərfinin əsas tərkib hissəsi olaraq büdcənin parametrləri ilə bilavasitə bağlıdır. Bu dəyişikliklər yeni sahələr üzrə təşviqlərin verilməsini, vergi yığımı bazasının genişləndirilməsini nəzərdə tutur. Layihədə təklif olunan dəyişikliklər ölkənin iqtisadi inkişafını sürətləndirmək, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərini gücləndirilmək, daxili bazarı qorumaq və idxaldan asılılığı azaltmaq, strateji sahələrə investisiyaların təşviqi və inzibatçılığın təkmilləşdirilməsi üzrə istiqamətləri əhatə edir.
Komitə sədri diqqətə çatdırıb ki, Vergi Məcəlləsinə dəyişikliklər, ilk növbədə qeyri-neft özəl sektorunda əmək haqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi ilə bağlıdır. Belə ki, 2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir. 2026-cı ildə güzəşt dövrü başa çatır və gəlir vergisi 2500 manatadək gəlirlər üzrə 14 faiz, 2500 manatdan artıq gəlirlər üzrə isə 25 faiz tətbiq olunmalıdır. Ancaq Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər 2019-cu ildən əvvəlki vergi dərəcələrinin olduğu kimi yenidən bərpasını deyil, yeni güzəştli rejimin tətbiqini nəzərdə tutur. Dəyişikliklərə əsasən, 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 14 faiz əvəzinə 2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildən isə 7 faiz dərəcə ilə tətbiq ediləcək. Nəticədə bu, region ölkələri arasında ən aşağı göstərici olacaq.

Layihədə, habelə işğaldan azad edilmiş ərazilər üzrə müəyyən edilmiş vergitutma rejiminin eynilə Naxçıvan Muxtar Respublikasına da şamil edilməsi nəzərdə tutulur. Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azadetmə tətbiq ediləcək. Bu dəyişikliyin məqsədi Muxtar Respublikada iqtisadi fəallığın artırılması, investisiyaların cəlbi, məşğulluq səviyyəsinin və rifahın yüksəldilməsidir. Bununla yanaşı, Muxtar Respublikada sığortaedənlər tərəfindən işçilərə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması da təklif edilir.
Bildirilib ki, dəyişikliklərə əsasən, yerli avtomobil sənayesinin dəstəklənməsi üçün də müvafiq güzəştli vergi rejimi tətbiq ediləcək. Habelə, balıqçılıq (balıq kürüsünün istehsalı istisna olmaqla) kənd təsərrüfatı məhsullarının istehsalına aid edilməklə, aqrar sahəyə verilən güzəştlər balıqçılığa da şamil ediləcək.
Media sahəsinə dəstəyin davam etdirilməsi məqsədi ilə növbəti 3 il ərzində də media subyektlərinə verilmiş vergi güzəştlərinin müddətinin uzadılması nəzərdə tutulur.

Layihədə rezident fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəliri üzrə vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi təklif olunur.
Kirayə bazarı üzrə fiziki şəxslərə məxsus, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış sahələrinin kirayə haqları üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14%-dən 10%-ə endirilməsi təklif olunur.

Nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə ictimai iaşə fəaliyyəti sahəsində ƏDV və sadələşdirilmiş vergi üzrə güzəştlərin verilməsi nəzərdə tutulur. Belə ki, ƏDV qeydiyyat öhdəliyi yaradan 200 min manatlıq dövriyyə həddinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması təklif edilir.
Sənəddə “ƏDV gerial” mexanizminin tətbiqi dairəsinin genişləndirilməsi də nəzərdə tutulur.
Habelə dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində özəl tərəfdaş və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçılara idxalda ƏDV və gömrük güzəştlərinin şamil edilməsi təklif olunur.
Azər Əmiraslanov, eyni zamanda, qeyd edib ki, “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişiklikdə Naxçıvan Muxtar Respublikasında sənaye və texnologiyalar parklarının rezidentləri və investisiya təşviqi sənədi almış şəxslər tərəfindən idxal olunan mallar üzrə, müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın, dövlət-özəl tərəfdaşlığı layihələri üzrə texnika və avadanlıq, ölkədə istehsal olunan yük avtomobillərinin ehtiyat hissələrinin idxalı üzrə gömrük rüsumlarından azadolma təklif edilir.

Digər bir dəyişiklikdə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alınan malların siyahısına “tullantı yağlarının” əlavə edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, “Sosial sığorta haqqında” Qanuna fərdi sahibkarların sosial sığorta yükünün tənzimlənməsi ilə bağlı dəyişiklik də nəzərdə tutulur. Dəyişikliyə əsasən, bütün fərdi sahibkarlar dövriyyədən 2 faiz dərəcə ilə məcburi dövlət sosial sığorta haqqı ödəyir, bu zaman minimum hədd minimum aylıq əmək haqqının 15 faizi həcmində, maksimum hədd isə minimum əmək haqqının 1 misli, yəni 400 manat həcmində nəzərdə tutulur.
Layihədə, həmçinin büdcə gəlirlərinin tənzimlənməsi ilə bağlı nəzərdə tutulan tədbirlər çərçivəsində alkoqollu içkilərdə, tütün məhsullarında aksiz artımları, mobil cihazlara aksizlərin tətbiqi də nəzərdə tutulur.
Qeyd olunub ki, müzakirəyə təqdim edilən paket ölkədə iqtisadi fəallığın artırılmasını, kölgə iqtisadiyyatının məhdudlaşdırılmasını, vergi-büdcə sistemində sadəliyi və şəffaflığı, daxili istehsalın və ixracın stimullaşdırılmasını təmin edəcək.
Parlamentin sədri bu qanun layihəsinə daha 6 komitədə baxıldığını qeyd edib və sonra həmin komitələrin rəyləri səsləndirilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihədə olan “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunlarda redaktə xarakterli dəyişiklikilərin – “müharibə ilə əlaqədar əlilliyin müəyyən edilməsi” sözlərinin “əlilliyi olan” sözləri ilə əvəz edilməsinin nəzərdə tutulduğunu söyləyib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanun layihəsinin qəbulunun iqtisadiyyatın inkişafına, vergi və sosial sığorta münasibətlərinin daha da şəffaflaşdırılmasına, sosial ədalətin təmin olunmasına xidmət edəcəyini bildirib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev layihədəki “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda nəzərdə tutulan dəyişiklikdə sığorta vəsaitlərinin istifadəsi ilə əlaqədar maddədə "müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş" sözlərinin "əlilliyi olan" sözləri ilə əvəz edildiyini deyib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənəddə rəhbərlik etdiyi komitəyə aid 4 qanuna edilən dəyişikliklərin geniş müzakirə olunduğunu və müsbət dəyərləndirildiyini nəzərə çatdırıb.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı qeyd edib ki, sənəddə icbari şəxsi sığorta vəsaitlərinin əlilliyi olan bütün şəxslərə yönəldilməsi təklif olunur.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu məsələnin rəhbərlik etdiyi komitədə müzakirə olunduğunu, əlavə rəy və təkliflərin daxil olmadığını söyləyib.
Qanun layihəsi ətrafında aparılan müzakirələrdə parlamentin komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Qüdrət Həsənquliyev, Göydəniz Qəhrəmanov, Azər Badamov, Razi Nurullayev, Bəhruz Məhərrəmov, Rəşad Mahmudov, Aydın Hüseynov, Tahir Mirkişili, Vüqar Bayramov, Soltan Məmmədov, Səyyad Aran, Elçin Mirzəbəyli, Vüqar Rəhimzadə çıxış ediblər.
Deputatlar ölkədə sahibkarlığın inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıblar. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların bu sahədə dayanıqlığın, inkişafın və rəqabət qabiliyyətinin yüksəldilməsinin təmin edilməsinə, yerli və xarici investisiyaların təşviqinə xidmət etdiyini bildiriblər. Bununla yanaşı, vergi sahəsində aparılan islahatların ölkənin iqtisadi qüdrətinin artırılmasına və biznes mühitinin genişləndirilməsinə töhfə verdiyini söyləyiblər.
Millət vəkilləri müzakirəyə təqdim olunan qanun layihəsinin mühüm əhəmiyyət kəsb etdiyini, təklif olunan dəyişikliklərin ölkədə sahibkarlıq fəaliyyətinin daha da güclənməsinə yönəldiyini qeyd ediblər. Dəyişikliklərin həm vergi dərəcələrinin yenilənməsi, həm də iqtisadi idarəetmənin, fiskal intizamın və sahibkarlıq mühitinin yeni tələblər əsasında formalaşdırılması məqsədi daşıdığını nəzərə çatdırıblar. Müzakirələr zamanı bir sıra qeyd və təkliflər də səsləndirilib.
Deputatlar çıxışlarında Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü ilə əlaqədar fikirlərini açıqlayıblar və təbriklərini çatdırıblar. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinə əsaslanan Yeni Azərbaycan Partiyasının xalqımızın istək və arzularını ifadə etdiyini, dövlətçilik məfkurəsini hər şeydən üstün tutaraq, böyük nailiyyətlər qazandığını vurğulayıblar. Bu gün dövlətimizin iqtisadi və siyasi qüdrətinin güclənməsində bu Partiyanın və onun sədri Prezident İlham Əliyevin müstəsna rolunu qeyd ediblər.
İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, maliyyə naziri Sahil Babayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deputatlar tərəfindən qaldırılan məsələlərə münasibət bildiriblər, verilən sualları ətraflı cavablandırıblar.
Müzakirələrin yekununda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin son 2 məsələsi Milli Məclisin qərar layihələridir. Bunlar Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası haqqında qərar layihələridir.
Spiker diqqətə çatdırıb ki, həmin qərar layihələri bu gün müzakirə olunacaq, lakin bu iki məsələ bu gün yox, büdcə zərfinə daxil olan sənədlər üçüncü oxunuşda təsdiqlənən zaman onlarla birlikdə qəbul ediləcək. Parlamentin sədri Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il üçün xərclər smetası haqqında məlumat vermək üçün sözü Milli Məclisin işlər müdiri Firudin Hacıyevə təqdim edib.
Parlamentin işlər müdiri Firudin Hacıyev Milli Məclisin 2026-cı il üçün xərclər smetası haqqında məlumatı nəzərə çatdırıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası haqqında məlumat vermək üçün sözü Hesablama Palatasının auditoru Vüqar İbrahimova təqdim edib.
Vüqar İbrahimov bildirib ki, palatanın 2026-cı il üçün xərclər smetası 11,5 milyon manat məbləğində nəzərdə tutulur. O, palatanın növbəti il üçün nəzərdə tutulmuş xərc istiqamətləri barədə məlumat verib.
Sonra iclasda Milli Məclisin sədri Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi münasibətilə fikirlərini bölüşərək deyib ki, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin siyasi həyatının müstəsna əhəmiyyətli hadisələrindən biri olub. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin inkişafında, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, milli birlik və həmrəyliyimizin gücləndirilməsində son dərəcə böyük rol oynayıb.
Spiker bildirib ki, son 22 il ərzində möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə partiyamız cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi ictimai-siyasi proseslərin hərəkətverici qüvvəsinə çevrilib. O, qeyd edib ki, Milli Məclisə seçilmiş deputatların böyük əksəriyyəti də Yeni Azərbaycan Partiyasının üzvləridir. Bu isə partiyanın cəmiyyətdə və xalq arasında nə qədər böyük nüfuza malik olduğunu göstərir.
Yeni Azərbaycan Partiyası, nəinki ölkəmizin, həm də Cənubi Qafqazın ən güclü siyasi təşkilatıdır.
Milli Məclisin sədri Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi münasibəti ilə partiyanın sədri cənab İlham Əliyevi, partiya sədrinin birinci müavini Mehriban xanım Əliyevanı, partiyanın bütün üzvlərini ürəkdən təbrik edib, xalqa və dövlətə xidmət yolunda onlara yeni uğurlar arzulayıb.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2025