Azərbaycana saxta informasiyalarla təzyiq göstərmək mümkün deyil
Tarix: 6-09-2017, 21:56 | Saat: 15:47:00
Bölmə:Manşet2 | çapa göndər

Azərbaycana saxta informasiyalarla təzyiq göstərmək mümkün deyil






Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdür, yüksək beynəlxalq nüfuza malikdir, dünyada baş verən hadisələrə öz münasibətini bildirir, milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutur. Lakin bəzi xarici dairələr, ermənipərəst qüvvələr Azərbaycanın bu mövqeyindən, uğurlarından ciddi narahatlıq keçirir, maliyyələşdirdikləri QHT və KİV-lər vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar.

Bu yaxınlarda "The Organized Crime and Corruption Reporting Project" (OCCRP) adlı təşkilatın adından yayılmış və tez bir zamanda bəzi xarici KİV-lərdə, o cümlədən "The Guardian" qəzetində dərc olunmuş saxta, əsassız informasiya isə növbəti qarayaxma kampaniyasının tərkib hissəsidir. Bu kampaniya xarici antiazərbaycan və ermənipərəst qüvvələrin növbəti dəfə beynəlxalq ictimai rəyi çaşdırmaq, Azərbaycanın yüksək nüfuzunu ləkələmək cəhdidir. Onlar guya Azərbaycanın böyük pullar hesabına xarici siyasətçiləri, ekspertləri, rəsmi şəxsləri satın aldığını, onları gizli fondlardan maliyyələşdirdiyini iddia edir, bu barədə dezinformasiya yayır və süni şəkildə tirajlayırlar.

Lakin araşdırmalar göstərir ki, Azərbaycana qarşı belə iddiaların səsləndirilməsi və yayılmasında erməni lobbisi və onun təsiri altında olan media xüsusi fəallıq göstərir. Təsadüfi deyil ki, dünyada fırıldaqçılığı ilə ad qazanmış Corc Soros, erməni fondları və digər dairələr tərəfindən maliyyələşdirilən OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Həmçinin "The Guardian"da dərc olunmuş məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir.

OCCRP doğrudan da korrupsiya faktlarını araşdıran bir şəbəkədirsə, nəyə görə erməni lobbisinin satın aldığı siyasətçilər, ekspertlər barədə heç nə yazmır?

Bundan başqa, həmin dairələr təkcə Azərbaycana deyil, ölkəmizlə dost münasibətlərində olan, Azərbaycanın nailiyyətləri ilə bağlı müsbət fikirlər söyləyən ictimai-siyasi xadimlərə, ekspertlərə də qara yaxmağa çalışırlar. Bütün bunlar OCCRP-nin əslində qeyri-şəffaf bir qurum olduğunu göstərir.

"The Guardian"dakı adıçəkilən yazıdan sonra "The Washington Post"da "Azərbaycanda söz və məlumat azadlığının məhdudlaşdırılması", "jurnalistləri ələ almaq cəhdi" və s. kimi cəfəng iddiaların irəli sürüldüyü redaksiya məqaləsinin dərc olunması isə təsadüfi sayıla bilməz.

Ümumiyyətlə, "The Guardian" və "The Washington Post" nəşrlərinin son üç il ərzində fəaliyyətinə nəzər salsaq, bu KİV-lərin zaman-zaman Azərbaycana qarşı birtərəfli, əsassız məlumatlar yaydığını görərik:

- Məsələn, 2014-cü ilin yanvarında britaniyalı fotojurnalist Anastasiya Teylor-Laynd Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna qanunsuz səfər etmiş və bu səfəri barədə məqaləsinə məhz "The Guardian" qəzeti yer ayırmışdı.

- Həmin ilin noyabrında bu nəşrdə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Azərbaycanda insan haqlarının vəziyyətinə dair qeyri-obyektiv məqaləsi dərc olunmuşdu.

- "The Guardian" qəzeti Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsini 2015-ci ildə əyləncəli turizm mövsümü üçün ən yaxşı istiqamətlərin siyahısına daxil etmişdi.

- 2015-ci ildə İlk Avropa Oyunlarının Bakıda keçirildiyi bir vaxtda Azərbaycanın uğurlarına kölgə salmaq məqsədilə silsilə yazılarla, bəyanatlarla çıxış edən "Human Rights Watch", "Amnesty International", "Freedom House" kimi qərəzli, sifarişlə iş görən təşkilatların arasında "The Guardian" nəşri də vardı.

- 2015-ci il avqustun 1-dən 12-dək "The Washington Post" Azərbaycana qarşı ardıcıl 6 material vermişdi. Azərbaycanda idarəçilik sistemini bayağı şəkildə tənqiddən tutmuş Bakıya səfər edən konqresmenlərin diskreditasiyasına kimi etik normalara zidd ittihamlarla dolu belə materiallar antiazərbaycan kampaniyasının növbəti dalğası idi.

- "The Washington Post" qəzetinin 2015-ci il 17 avqust tarixli nömrəsində isə "Azərbaycanın ədalətsizliyi" adlı həqiqətə uyğun olmayan, qərəzli məqalə yayılmışdı.

- Bu yaxınlarda "The Guardian" nəşri vaxtilə Azərbaycan atletika yığmasının üzvü olmuş Layeş Abdullayevanın guya Bakıda pullarının mənimsənilməsi ilə bağlı yalan dolu məlumat tirajlamışdı və s. və i.a.

Bu siyahını çox uzatmaq olar, lakin həqiqət bundan ibarətdir ki, bu siyahı nə qədər uzun olursa-olsun, antiazərbaycan qüvvələr heç vaxt məqsədlərinə çatmayacaqlar. Həmin dairələrin, o cümlədən OCCRP-nin arxasında dayanan dairələr də yaxşı bilirlər ki, onların bu səyləri əbəsdir, Azərbaycana saxta informasiyalarla təzyiq göstərmək mümkün deyil.

Bəxtiyar Hacıyev,



565 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930