Mobil versiya
Savadsız gənclərin ali məktəbə qəbul edilməsi düzgün deyil
Tarix: 04-07-2014 | Saat: 12:18
Bölmə:Gündəm | çapa göndər

Savadsız gənclərin ali məktəbə qəbul edilməsi düzgün deyil



Zaur Məmmədov: “İslahatlar sistemin dəyişməsi, institutların fəaliyyətinin yenilənməsi ilə bağlı olmalıdır"

Artıq ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri bəlllidir. Gözlənilən kimi bu il də Tələbə Qəbulu üzrə Dövlət Komisssiyası ali məktəbə qəbul üçün keçid ballarını aşağı saldı. İxtisas seçimində Qəbul imtahanında 150 bal toplayan, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bildilər. Demək, bu il də 150 bal topayan şəxslər tələbə adını qazanaraq gələcəkdə müxtəlif sahələrdə çalışacaqlar. Amma ekspertlər bu nəticə əldə edənlərin tələbə adını qazanmasını birmənalı qəbul etmir.
Məsələyə münasibət bildirən “Müəllimlərə Dəstək” İctimai Birliyinin üzvü Zaur Məmmədov deyir ki, aşağı bal toplayan abituriyentlərin ali məktəbə qəbul edilməsi düzgün deyil: «Bu il I ixtisas qrupuna daha çox abituriyent sənəd vermişdi. İlk baxışdan belə hiss olunurdu ki, uşaqlar riyaziyyat, fizika və digər təbiət elmlərini daha yaxşı bildikləri üçün bu qrupa müraciət edirlər. Amma tamam əksini müşahidə etdik. Orta məktəbin buraxılış imtahanlarında 70 faizdən yuxarı şagirdin ana dili və riyaziyyat fənnindən qeyri-kafi və kafi qiymətləndirilməsi vəziyyət haqqında fikir söyləməyə əsas verirdi. Buraxılış imtahanında iki fəndən şagirdlərin aşağı göstəricisi qəbulda öz təsdiqini tapdı. Bundan sonra keçid ballarının 150 bala endirilməsi isə əvvəlcədən formalaşan qəbul planının doldurulmasına xidmət edir. Belə düşünürlər ki, plan yerləri dolmursa, ali məktəblərdə müəllimlərin dərs saatları azalar, ixtisarlar olar və nəticədə sosial narazılıq yaranar. Amma səbəblərin heç biri ali məktəblərin savadsız tələbələrlə doldurulmasına haqq vermir. Savadsız kadr istehsal etməyin nə dövlətə, nə də cəmiyyətə xeyri var. Çünki 150 bal toplayan abituriyent orta məktəb qiymətləndirməsi ilə götürsək, "2” qiymət alıb. Demək, adi cümlə təhlil edə bilməyən, riyazi tənlik həll edə bilməyənlər ali təhsil ala da bilməyəcəklər?”.
Zaur Məmmədov deyir ki, bu vəziyyət həm də orta məktəblərdə təhsilin keyfiyyətinin göstəricisidir: “Bu proses illərdir belə davam edir. Gözlənilirdi ki, təhsildə islahatlar aparılırsa, təhsilin keyfiyyəti də yüksələcək. Amma tamam əksi müşahidə olundu. Çünki 150 bal toplayaraq tələbə adını alan və indiki sistemdə təhsil alaraq sonda bilik deyil, diplom əldə edənlər orta məktəblərdə dərs deməyə başladılar. Müəllim sənətinə nüfuzun azalması isə peşəkar kadrların əksəriyyətinin məktəblərdən getməsinə səbəb oldu. Həmin müəllimlərin yerini isə savada deyil, diploma sahib olanlar tutdu. Onların dərs dediyi sagirdlər isə sonradan özlərindən də aşağı nəticə göstərdilər. Bu proses zəncirvari olaraq illərdir davam edir. Bu mənada 150 bal yığan abituriyentin ali məktəblərdə yeri olmamalıdır».
Zaur Məmmədovun qənaətinə görə, problemin həlli üçün real islahatlar aparılmalıdır: “Hazırda təhsildə islahat dedikdə məmurlar yeni məktəblərin tikintisi və təmirini önə çıxarırlar. Amma bu olsa-olsa kəmiyyət göstəricisidir. Sovet dövründə orta məktəb binalarının 70 faizi yararsız halda olsa da, orta təhsilin keyfiyyəti indikindən dəfələrlə yüksək idi. Demək, hökumətin hədəfləri təkcə orta məktəb binalarının tikintisi yox, həm də bu binaların içərisində təhsil verilməsi olmalıdır. İslahat isə sistemin dəyişməsi, institutların fəaliyyətinin yenilənməsi ilə bağlı olmalıdır. Təhsildə keyfiyyətin artırılması üçün orta təhsilin idarəetməsi dəyişilməlidir. Direktorlar Təhsil Nazirliyi deyil, icma qarşısında hesabatlı olmalıdır. Valideyn Şuraları formallıqdan çıxaraq işlək instituta çevrilməlidir. Onlar direktoru seçən tərəfdən birinə çevrilməli və bu sahədə ictimai nəzarət mexanizmləri artırılmalıdır”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024