Mobil versiya
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində ...
Tarix: 14-04-2016 | Saat: 16:48
Bölmə:Manşet | çapa göndər

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində ...







Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak edirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

İƏT-in qurucu üzvlərindən olan Türkiyənin ev sahibliyi etdiyi XIII Sammit "Ədalət və sülh üçün birlik və həmrəylik" devizi altında keçirilir. Bu Sammit İslam dünyasının layiq olduğu ədalətə və sülhə təhlükə yaradan mövcud problemlərin həll edilməsi, risklərin və təhdidlərin qarşısının alınması yollarının tapılması ilə bağlı İslam aləmində birlik və həmrəyliyə ehtiyac yarandığı bir dövrdə təşkil olunur.

Sammit müqəddəs "Qurani-Kərim"dən ayələrin oxunması ilə başladı.

İslam Əməkdaşlıq Təşkilatının XII Sammitinə sədrlik edən Misirin xarici işlər naziri Sameh Şukri çıxışında müsəlmanların və İslam ölkələrinin maraqlarının qorunması baxımından İƏT-in fəaliyyətini yüksək qiymətləndirdi. O, Misirin sədrliyi dövründə üzv ölkələrlə əməkdaşlıq şəraitində İslam dünyasında mövcud problemlərin həlli istiqamətində fəal səy göstərdiyini vurğuladı. Hazırda İslam dünyasında, ərəb ölkələrində, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranların yaşandığını vurğulayan sədr dedi ki, bu münaqişələrin, terrorun arxasında xarici qüvvələrlə yanaşı, daxili narazılıqlar da var.

Sameh Şukri son aylarda bölgədə silahlı münaqişələrin, terror hadisələrinin daha da şiddətləndiyini vurğulayaq, bunun ciddi bir təhdid olduğunu bildirdi. O, İslam dünyasında mövcud problemlərin, o cümlədən Fələstin məsələsinin, Suriya böhranının, həmçinin son illər artmaqda olan islamofobiyanın və digər problemlərin həlli üçün səylərin birləşdirilməsinin vacibliyini bildirdi. Misirin xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatına sədrliyin Türkiyə Respublikasına keçdiyini elan etdi.

İƏT-ə sədrliyi qəbul edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə çıxış edərək bu tədbirin bütün İslam dünyası üçün uğurlu olmasını arzuladı.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Amin Madani Sammitə yüksək səviyyədə ev sahibliyinə, eləcə də dünyada İslam ölkələrinin mənafeyini fəal müdafiə etməsinə görə Türkiyəyə minnətdarlığını bildirdi. İƏT-in baş katibi təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti barədə məlumat verib. Müsəlman ölkələrindəki qarşıdurmaların tezliklə həll olunmasını müasir dünyanın qarşısında duran əsas vəzifə olduğunu deyən baş katib diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həll olunmalıdır. O qeyd edib ki, İƏT problemin həllində Azərbaycana dəstəyini davam etdirəcəkdir. Baş katib əminliklə vurğulayıb ki, İƏT-in İstanbul Sammiti digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirəcək.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq söyləyərək toplantının əsas mövzusu olan prinsiplərin dünyada baş verən böhranların, xüsusən də İslam aləmində yaşanan gərginliklərin həll edilməsi baxımından qısa zamanda bərqərar olunmasının əhəmiyyətini vurğuladı. Rəcəb Tayyib Ərdoğan bu problemlərin əsas səbəbinin dünyada irqçilik, məzhəbçilik, etnik və dini ayrı-seçkiliyin olduğunu qeyd edərək həmin münaqişələr, böhranlar nəticəsində milyonlarla insanın əziyyət çəkdiyini dedi. "Dünyada yaşanan problemlərdən, münaqişələrdən, böhranlardan daha çox əziyyət çəkən sadəcə İslam dünyası və müsəlman ölkələridir", - deyən Rəcəb Tayyib Ərdoğan bu Sammitin müsəlmanların səylərini birləşdirməsi, əməkdaşlığı inkişaf etdirməsi yolunda dönüş nöqtəsi olacağına əminliyini bildirdi.

Son illərdə Türkiyədə baş verən terror hadisələrinə diqqət çəkən Prezident Rəcəb Tayyib Ərdoğan bəzi Qərb ölkələrinin terror təşkilatlarına və onların qanlı aksiyalarına ikili standartlarla yanaşdığını, Parisdə, Brüsseldə baş verən terror hadisələri anıldığı halda, Ankara, İstanbul və Lahorda baş verənlərin yad olunmadığını dedi. İslam ölkələrinin qarşıdakı dövrdə sülh, inkişaf və təhlükəsizlik məsələlərinə daha çox diqqət göstərmələrinin əhəmiyyətini vurğulayan Rəcəb Tayyib Ərdoğan qardaşlığı sadəcə sözdə yox, siyasi, iqtisadi, mədəniyyət və bir çox istiqamətlərdə qurulan əməkdaşlıqla da göstərməyin vacib olduğunu bildirdi, gənclərin fəaliyyətinin təşkilatlanmasının, qadın hüquqlarının qorunmasının zəruriliyinə diqqət çəkdi. İƏT-in qadınlarla bağlı konfransının keçirilməsi, bu sahədə qadın təşkilatının yaradılması təşəbbüsü ilə çıxış edən Rəcəb Tayyib Ərdoğan ortaq Qızıl Aypara Cəmiyyətinin yaradılmasının mümkünlüyünü bildirdi, İslam İnkişaf Bankını bu təşəbbüslərə fəal dəstək verməyə çağırdı.

Sonra müsəlman ölkələrində baş verən proseslərlə bağlı qısa film nümayiş etdirildi.

Daha sonra Asiya, ərəb və Afrika ölkələri qrupları adından çıxışlar dinlənildi.

Bəhreyn, Bruney, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Fələstin, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş, İordaniya, Livan, Oman, Özbəkistan, Tacikistan, Qırğızıstan, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Türkmənistan, Suriya, İraqın daxil olduğu Asiya qrupu adından çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Sammitin işinə və yeni sədrlik dönəmində Türkiyəyə uğurlar arzuladı.

Sonra ərəb ölkələri qrupu adından Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Afrika ölkələri qrupu adından isə Qambiya Prezidenti Yəhya Camme çıxış etdilər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlara görə dövlət başçılarına minnətdarlığını bildirdi.

Sonra Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud çıxış etdi.

---------

11:33

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti öz işinə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Sammitdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.

-----------------

13.04.2016

23:46

Aprelin 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün İstanbula gələn dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva naharda iştirak ediblər.

--------

21:04

Aprelin 13-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulandı. Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olundu. İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin münasibətlərimizin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırıldı. Yüksək səviyyəli görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində rolu, ölkələrimizin energetika və digər sahələrdə qlobal layihələrdə əməkdaşlığının önəmi qeyd edildi.

Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olundu. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

--------

20:41

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü olub.

Trend Türkiyə Prezidentinin saytına istinadən məlumat verir ki, İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti ərəfəsində İstanbulda görüşlər keçirən R.T.Ərdoğan tədbirdə iştirak etmək üçün Türkiyəyə səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşüb.

------------

19:35

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə münasibətlərimizin dinamik inkişafından məmnunluq ifadə edildi, qarşılıqlı əlaqələri bundan sonra daha da genişləndirmək üçün yaxşı imkanların olduğu bildirildi. Söhbət zamanı enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə son vaxtlar qoşunların təmas xəttində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıldı.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.

Dövlətimizin başçısı dəvətə görə minnətdarlığını bildirdi, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini Azərbaycana səfərə dəvət etdi.

-----------

15:11

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşıladılar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024