Mobil versiya
“Qarabağ”ın qış transferləri - Kimlər gedir, kimlər gəlir?
Tarix: 9-12-2019, 16:37 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

“Qarabağ”ın qış transferləri -


Azərbaycan Premyer Liqasında qış fasiləsinin başlaması ilə diqqət yenə iddialı klubların transferlərinə yönəlib. Xüsusən çempionluq uğrunda son turadək rəqabətdə olacaq “Qarabağ” və “Neftçi”dən kimlərin gedəcəyi, kimlərin gələcəyi maraq doğurur. Bu yazıda son çempion və turnir cədvəlinin hazırkı lideri “Qarabağ”ın transferləri haqda danışacağıq.

Qapıçı

Öncədən qeyd edək ki, baş məşqçi Qurban Qurbanov qışda bir neçə mövqeni gücləndirmək haqda düşünür. Bu ayın sonu müqaviləsi başa çatacaq Asmir Beqoviçlə yolların ayrılacağı demək olar ki, qətiləşib. Ona görə də Ağdam klubuna əlavə bir qapıçının lazım olduğu şübhə doğurmur. Düzdür, daxili çempionatda Vaqner da Silva və Şahruddin Məhəmmədəliyevə şans verilir və onlar ümumən etimadı doğruldurlar. Amma istənilən halda Avropa kuboku üçün komandaya yeni qapıçı lazımdır. Nəzərə alsaq ki, Vaqnerin “Qarabağ”la müqaviləsi gələn yay başa çatır, onun klubda qalıb-qalmayacağı da hələ bilinmir, bu mənada klubun artıq indidən yeni qapıçı axtarışında olduğunu söyləmək olar. Namizədlər arasında Şotlandiyanın “Sent Mirren” klubunun çexiyalı qolkiperi Vatslav Qladki var. Ağdam klubu yayda da bu oyunçunu almaq istəyib. Onun üçün müqavilə ilə məxsus olduğu klubuna hətta 200 funt sterlinq də təklif olunub. Amma şotlandlar qapıçını satmaq istəməyiblər (bəzi məlumatlara görə, ona görə iki dəfə artıq pul istəyiblər). Qladkinin şotlandlarla müqaviləsi hələ gələn yay başa çatır. Buna baxmayaraq, onun artıq qış fasiləsində maddi və nəticə baxımdan (Şotlandiya liqasında sonuncu yer) hazırkı klubundan getmək istədiyi bildirilir.


Vatslav Qladki

Lakin istər qapıçı, istərsə də digər mövqelər üçün işin çətin tərəflərindən biri odur ki, qışda azad agent statuslu oyunçu tapmaq çətin olur. Çoxusunun klubları ilə müqaviləsi olduğundan onlara görə klublarına əlavə pul ödənilir. Lakin problem tək bu da deyil. Bir çox əcnəbi futbolçu Premyer Liqanın səviyyəsinin çox aşağı olması səbəbindən Azərbaycana gəlmək istəmirlər. Bu fakt təkcə bizim məşqçilər, klub rəhbərləri deyil, həm də transferlərdən gəlir əldə edən menecerlər tərəfindən acı bir fakt kimi etiraf olunur. Yerli oyunçuların səviyyəsi isə bir çox halda “Qarabağ”ın tələblərinə cavab vermir. Amma onlar yox da deyil.

Müdafiə

Böyük ehtimal “Qarabağ” müdafiə xəttinə də azı bir oyunçu almaq istəyəcək. İlk öncə bu, mərkəz müdafiəçisi ola bilər. Məsələ burasındadır ki, Rəşad Sadıqov yəqin ki, bu mövsümün sonu karyerasını başa vuracaq. Ona görə də Bədavi Hüseynov və Rahil Məmmədovla yanaşı komandaya əlavə stopper lazım olacaq. Əcnəbilərin adı bilinməsə də, yerli oyunçulardan gənc Bəhlul Mustafazadənin həm keyfiyyət, həm də xaraktercə “Qarabağ”a uyğun gəldiyini demək olar.


Bəhlul Mustafazadə

Qurban Qurbanovun sol cinah mövqeyinə də müdafiəçi axtardığını təxmin etmək olar. İndi həmin mövqedə daimi oynayan Ailton Silva bu yay “Qarabağ”a icarə qaydasında keçib və mövsümün sonu onun müqavilə müddəti başa çatır. Ailton hər nə qədər start heyətinin oyunçusu olsa da, Donald Gerye qədər hücumlara effektli qoşula bilmir, ciddi səhvləri olub. Bundan başqa onun xarakterində müəyyən problemlərin olduğunu Qurban Qurbanov özü də etiraf edib. Bu mənada, istisna deyil ki, artıq qışda, ən geci isə yayda onun mövqeyinə futbolçu alınsın.

Yarımmüdafiə

Azı bir namizəd futbolçu da yarımmüdafiə mövqeyinədir. Simeon Slavçev böyük ehtimalla göndəriləcək, Ozobiç zədəsini təzə sağaldıb. Ona görə də istənilən halda ortaya bir futbolçu lazımdır.

Yaralı yer: hücum

Amma heç şübhəsiz, “Qarabağ”ın Dino Ndlovunun gedişindən sonra, 2 ilə yaxındır ən yaralı yeri hücum xəttidir. Bu mövqeyə ötən ildən bəri 2 oyunçu alındı. İnnosent Emeqara ümidləri doğrultmadığı üçün bu yay göndərildi. Onun yerinə gələn Maqaye Qeye isə avrokuboklar və yerli çempionat da daxil olmaqla iştirak etdiyi ümumən 20-dək oyunda cəmi 5 qol vurdu. Razılaşaq ki, bu, bir hücumçu üçün çox aşağı göstəricidir və haqlı tənqidlərə əsas verir.


Maqaye Qeye

Bu səbəbdən Qurban Qurbanovun hücum mövqeyinə də əlavə oyunçu almaq istədiyini təxmin etmək olar. Amma bütün bunlar hələ o demək deyil ki, “Qarabağ” qışda istədiyi bütün futbolçuları ala biləcək. Bu məsələdə klubdan asılı olan (transfer üçün büdcənin artırılması) və olmayan (futbolçunun azad agent olub-olmaması, müqaviləsi olan üçün Azərbaycan reallığı üçün tələb ediləcək kompensiyanın məbləği, nəhayət, futbolçunun Azərbaycan çempionatında oynaması) səbəblər də öz sözünü deyəcək.

Amma reallıq budur ki, “Qarabağ” indiki heyəti ilə növbəti dəfə Premyer Liqanın qalibi adına əsas iddiaçı kimi qalsa da, növbəti mövsüm avrokuboklarda istədiyi uğura nail olmaq üçün yeni futbolçular alınmalıdır. Və təəssüf ki, yerli oyunçu qıtlığı səbəbindən “Qarabağ” yenə xarici bazara üz tutacaq.

Qol.az




5127 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-01-2020
24-01-2020
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}