Mobil versiya
Direktorunun otağına qumbara atdı: "Dedi, bezmişəm" - MƏHKƏMƏDƏN
Tarix: 05-07-2019 | Saat: 14:59
Bölmə:Gündəm | çapa göndər

Direktorunun otağına qumbara atdı:


Müdirinin otağına qumbara atıb onu öldürməyə cəhddə təqsirləndirilən Şirin Astanovun məhkəməsi davam edib.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Azkompozit” MMC şirkətində mütəxəssisi Ziya Məmmədov bildirib ki, hadisə günü müdirləri Rəsul Baxşəliyevin köməkçisinin qışqırdığını eşidib: "Biz tez otağa tərəf getdik. Otaqda Rəsul müəllimlə Şirin yerdə idi. Biz onları sakitləşdirməyə çalışdıq. Həmin vaxt qumbara ayağımın arasından keçdi. Sonra mühafizəçi Rəşad da gəldi. Rəşad Şirin müəllimi apardı. Biz də Rəsul müəllimin yanında qaldıq".

Ziya Məmmədov qumbaranı ayağı ilə vurduğunu da söyləyib. Qeyd edib ki, qumbara açıq vəziyyətdə olub.

Məhkəmə iclasında zərərçəkmiş Rəsul Baxşəliyevin köməkçisi Aynur Quliyeva da ifadə verib.

Şahid deyib ki, hadisə günü Şirin Astanov şirkətə gələrək Rəsul Baxşəliyevlə görüşmək istəyib.

"Dedi ki, işlə bağlı görüşmək istəyir. Mən də Rəsul müəllimə dedim. Rəsul müəllim dedi ki, əgər işlə bağlı sualı varsa, aşağı mərtəbədəki kadrlar şöbəsinə getsin. Mən də bunu Şirin dayıya dedim. Şirin dayı gedəndən bir neçə dəqiqə sonra qayıtdı. Yenə də Rəsul müəllimlə görüşmək istədiyini dedi. Məni itələyib otağa keçdi. Arxadan da qapını bağladı. Mən də qışqırdım, özümü itirdim. Ziya və digər işçilər gəldi. Biz otağa keçəndə Şirin dayı yerdə idi. Rəsul müəllim onun əllərindən tutmuşdu".

Prosesin davamında şirkətdə mühafizəçi işləyən Rəşad İbadov da dindirilib. Rəşad da eyni məzmunlu ifadə verib. Əlavə edib ki, Şirin Astanovu müdirin otağından çıxardıqdan sonra çıxışda olan mühafizə otağına aparıb.

"Şirin dayını yolda aparanda soruşdum ki, bu nə məsələdir? Dedi ki, bezmişdim. Mənə dedi ki, qumbara partlayan deyil, qorxutmaq üçün atıb. Mən onu digər mühafizəçinin yanında qoyub geri qayıtdım" - deyə şahid söyləyib.

Şirin Astanov isə əlavə edib ki, həmin vaxt mühafizəçilər onu döyüb.

Rəşad İbadov isə buna etirazını bildirib: "Allahımıza and olsun ki, Şirin dayıya əl vurmamışam. Balamın canı, ona bir söz də deməmişəm. Bircə dəfə soruşdum ki, bu nə məsələ idi? Hələ Şirin dayının əl-üzünü şəxsən mən yudum. Sonra da öz postuma qayıtdım. Şirin dayının xətrini hamı çox istəyirdi. Elə indi də çox istəyirik. Hamı ona "Şirin dayı" deyə müraciət edirdi. Hər kəslə də mehriban idi. Belə bir hadisənin necə olduğunu da bilmirəm".

Şahidin dediyinə görə, Şirin Astanov ona oğurluqda suçlandığını da deyib.

Xatırladaq ki, hadisə bu ilin martında Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətində baş verib.

Şirkətin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Astanov direktor Rəsul Baxşəliyevin kabinetinə gəlib. Onda əvvəlki işinə bərpa olunmasını tələb edib. Tərəflər arasında mübahisə yaranıb.

Daha sonra Şirin Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb və direktorun otağına atıb. Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024