Mobil versiya
Azərbaycanlı deputat Zurabişvilini dəstəkləməyə çağırdı: “Saakaşvili ən böyük hörmətsizlik etdi”
Tarix: 01-11-2018 | Saat: 10:19
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanlı deputat Zurabişvilini dəstəkləməyə çağırdı: “Saakaşvili ən böyük hörmətsizlik etdi”


“Oktyabrın 28-də ölkəmizdə keçirilən prezident seçkiləri şəffaf, demokratik və ciddi qanun pozuntuları olmadan başa çatdı. Seçkilərin ikinci tura keçməsi bunun baris nümunəsidir. Seçki ərəfəsində müxalifət nümayəndələri bir sıra provokasiyalara əl atıb qeyri-sağlam seçkiöncəsi təbliğat-təşviqat kampaniyası aparsalar da, eyni proses seçki günü də müşahidə olundu”.


Bunu Modern.az-a açıqlamasında hakim “Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev Gürcüstanda keçiriləcək prezident seçkilərinin II turundan danışarkən deyib.


Deputatın sözlərinə görə, müxtəlif üsul və təxribatlara əl atan bəzi müxalifət nümayəndələri seçki prosesini pozmağa çalışsalar da, qanun çərçivəsində bu məsələlərin qarşısı alınıb.


“Tam şəffaf seçkilərə nail olduq. İkinci tura müstəqil namizəd Salome Zurabişvilinin qalibiyyəti şübhəsiz ki, baş tutacaq. Buna bir çox səbəblər göstərmək olar. Salome xanımın siyasi rəqibinin təmsil etdiyi partiya liderinin Gürcüstanda hakimiyyətini hər kəs xatırlayır. Vahid Milli Hərəkat Partiyasının hakimiyyəti dövründə ölkədə insan haqlarının tapdalanması, biznes imkanlarının məhdudlaşdırılması, həddindən artıq cərimə sanksiyalarının tətbiqi, media azadlığının məhdudiyyəti, bir neçə kanalın bağlanması, müxalif fikirli insanların cəzalandırılması, seçki saxtalaşdırılması və s. Yaddan çıxmayıb. Azadlıq istəyən xalq meydanlara çıxdığında o zamanki prezidentin öz vətəndaşlarına qarşı silah tətbiq etməsini kimsə unutmamalıdır. Bu tip misallar çoxdur. Gürcüstan xalqı bu günlərə geri dönmək istəməz”.


Azərbaycanlı deputat eks-prezident Mixail Saakaşvili haqqında da danışıb.


“Eyni zamanda, qarşı partiyanın lideri könüllü şəkildə Gürcüstan vətəndaşlığından imtina edərək Ukraynadakı siyasətə qoşuldu, onun meydanlarda "Mən ukraynalıyam" deməsi gürcü xalqına qarşı, vətəndaşına qarşı ən böyük hörmətsizlik idi. Gürcüstan dövləti Avropaya inteqrasiya dövründədir. Biz Avropa ailəsinə daxil olmağa yaxınlaşdığımız dövrdə dövlətimizdə qarşıdurmalara, siyasi çaxnaşmalara ehtiyac yoxdur. Gürcüstanda parlament idarə-üsuludur, ölkəmizdə çoxsaylı müxtəlif siyasi partiyalar var. Prezidentin müstəqil, bitərəf olması vacib faktordur”.


Ruslan Hacıyev bildirib ki, Salome Zurabişvili seçiləcəyi təqdirdə ölkədə bir çox müsbət işlər görəcək:


“Salome xanım ikinci turda qalib gəlib prezident olduğunda ölkənin xarici siyasətində ciddi inkişaf hiss olunacaq, işğal olunmuş ərazilərimizin danışıqlar yolu ilə həll olunmasına öz töhfələrini verəcək. Ölkənin Avropaya inteqrasiyasını sürətləndirəcək, milli azlıqlarla bağlı çoxsaylı layihə və reformalar həyata keçiriləcək. Salome xanım Gürcüstanda yaşayan azərbaycanlıların problemlərilə yaxından maraqlanaraq, onların həlli istiqamətində bir sıra təkliflər irəli sürdü. O, Avropada yaşayıb, Avropa dəyərlərini və milli azlıqlarla bağlı görüləcək işlərin mexanizmlərini çox yaxşı bilir. Eyni zamanda o, uzun müddət xarici işlər naziri və diplomatik korpusda çalışıb, ölkəmizi xaricdə yüksək səviyyədə təmsil edəcək. Hakim partiya bu il namizəd irəli sürməsə də, müstəqil namizəd olan Salome xanımı dəstəkləyir. Bu da ölkədə demokratik prinsiplərə söykənən bir cəmiyyətin, hakimiyyətin qurulmağından xəbər verir. Ölkədə söz azadlığı tam təmin olunur, müxtəlifətin 5 TV kanalı fəaliyyət göstərməkdədir, aksiya, toplaşma keçirməyə qadağa yoxdur, seçki zamanı heç bir hədə-qorxu və ya təzyiq göstərilmir, bunu biz artıq bir neçə ildir ki görürük. O üzdən mən Gürcüstan vətəndaşlarına səslənərək tövsiyə edirəm ki, seçkilərdə Salome Zurabişviliyi dəstəkləsinlər. Ölkədə stabillik, azadlıq, inkişaf, rifah naminə!”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024