Mobil versiya
“Kreditlərlə bağlı şayiələrə inanmayın...”- Xəbərdarlıq
Tarix: 30-06-2015, 09:01 | Saat: 15:47:00
Bölmə:Gündəm / İqtisadiyyat / Karusel | çapa göndər

“Kreditlərlə bağlı şayiələrə inanmayın...”- Xəbərdarlıq

Son günlər ölkədə əhalinin kredit borclarının ləğv olunması barədə məlumat yayılıb. “Qafqazinfo” xəbər verir ki, bu xəbər banklara borcu olan çoxsaylı ölkə vətəndaşlarının sevincinə səbəb olub. Hazırda Azərbaycanın bütün bölgələrində yaşayan əhali bir-birinə zəng edərək bu sevinci paylaşır.


Maraqlıdır ki, bu gün ölkə gündəminə bomba kimi düşən bu məlumatı kim yayıb? Baxmayaraq ki, rəsmi qurumlar bu barədə hələ ki, heç bir açıqlama verməyiblər.

Xatırladaq ki, bir müddət əvvəl manatın devalvasiyasından sonra da dollar kreditlərinin hansı məzənnə ilə qaytarılması məsələsi gündəmə gəlmişdi. Bu zaman banklara dollarla krediti olan vətəndaşlar Konstitusiya Məhkəməsinin qərarını gözləyərək kredit ödənişlərini dayandırmışdı. Onlar ümid edirdilər ki, məhkəmə borcluların xeyrinə qərar verəcək. Amma nəticədə bankların xeyrinə qərar qəbul edildi.

Problemli kreditlər 1 milyard 030,9 milyon manatdan 1 milyard 213,3 milyon manata qalxdı

Fevral ayından aprel ayına qədər olan zaman ərzində gözləmə mövqeyi tutulduğundan problemli kreditlərin həcmi dəfələrlə artmışdı. Belə ki, problemi kreditlərin həcmi 2015- ci ilin fevralın 1-nə 1 milyard 030,9 milyon manat, martın 1-nə 1 milyard 138,2 milyon manat, aprelin 1-nə isə 1 milyard 213,3 milyon manat təşkil edib.

Əhalinin 26 faizinin krediti var

İndi də kreditlərin ləğv edilməsi bağlı ölkə daxilində kütləvi şayiə yayılıb. Qeyd edək ki, Mərkəzi Bankın 2015-ci ilin mayın 1-nə olan məlumatına görə, Azərbaycanda 2 milyon 414 min 122 nəfər kredit götürən şəxs var. Bu da ölkə əhalinin 26%-ni təşkil edir.

Hazırda bu 2 milyon borc alan ümid edir ki, onların ödənilməyən kreditləri silinəcək.

Ekspertlər isə əhalini heç də bu barədə ümid etməməyə səsləyirlər.



"Borclarının bağışlanması fikrini kim ortaya atıbsa, həmin şəxs insanlara ancaq pislik edib"

İqtisadçı ekspert Samir Əliyev nə qədər ağır olsa da, insanların bir həqiqəti anlamalarını məqbul hesab edir : “Heç kim onlara kredit borclarını bağışlamayacaq. Bir sıra iqtisadçı dostlarımız haqlı olaraq bunu qeyd ediblər. Ona görə çalışın borclarınızı ödəyin və ya banklarla dil tapıb güzəşt əldə etməyə çalışın. Kredit borclarının bağışlanması fikrini kim ortaya atıbsa, həmin şəxs insanlara ancaq pislik edib. İnsanların hisləri ilə oynamaq olmaz!”.

Digər ekpert Qubad İbadoğlu bildirib ki, dövlət tərəfindən borcların silinməsinin reallaşma dərəcəsi aşağıdır: “Mərkəzi Bankın bu varianta üstünlük verəcəyinə ciddi şübhələrim var. Həqiqətən də müraciətlər və müzakirələr göstərir ki, xüsusilə də manatın devalvasiyasından sonra banklara və qeyri-bank kredit təşkilatlarına əsasən dollarla kredit borcu olanlar çıxılmaz vəziyyətə düşüb. Bəzi borcalanlar problemini həll etmək üçün yenidən banklara üz tutur və digər banklar qarşısındakı öhdəliklərini başqa banklardan götürdükləri yeni kreditlər hesabına həll etməyə çalışırlar. Əslində ödəmə qabiliyyəti pis olanlara və ya olmayanlara banklar tərəfindən təkrar kredit verilməsi problemin müvəqqəti həllinə xidmət edir və nəticəni dəyişmir”.



"Mərkəzi Bank məsələyə operativ şəkildə cavab verməlidir"

Millət vəkili Zahid Oruc məsələylə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, iki gündür ki, bu məlumat sosial şəbəkələrdə, ictimaiyyət arasında fəal şəkildə müzakirə olunur: “Buna ilk növbədə Mərkəzi Bank tərəfindən aydınlıq gətirilməlidir.

Hər bir kredit öhdəliyi altında olan şəxslərin münasibəti bilavasitə banklarladır. Bu baxımdan Mərkəzi Bankın göstərişi onlar üçün məcburi qüvvəyə malik olmaya bilər. Hesab edirəm ki, Avropa Oyunlarının ölkədə yaratdığı milli birlik, uğur fenomeni fonunda insanlarda belə bir ümidin yaranmasını hardasa başa düşmək olar. Təkcə kredit yox, əhalinin qaz borcalrının silinməsi barədə də bizə müraciətlər daxil olur. Belə çıxır ki, cəmiyyətdə bununla bağlı bir gözlənti var. Əgər kimlərinsə kredit borcları bağlanacaqsa, bu halda kredit öhdəliyini hazırda yerinə yetirən və müxtəlif çətinlik şəraitinə qatlanan insanların da maraqlarına toxunulmuş olacaq. Ona görə də vətəndaşları süni şəkildə qeyri-müəyyən bir perspektivə söykəmək düzgün deyil. Sonradan bunlar reallaşmayanda bu, dövlət orqanlarına mənfi münasibətə səbəb ola bilər. Buna görə də Mərkəzi Bank bu məsələyə operativ şəkildə cavab verməlidir. Amma nəzərə almalıyıq ki, Konstitusiya Məhkəməsinin məlum qərarından, Mərkəzi Bank rəhbərinin parlamentdəki çıxışından sonra yalnız kredit faizlərinin aşağı salınması ilə bağlı güzəşti gözləmək olar. Kreditlərin silinməsi ilə bağlı məsələnin dövriyyəyə buraxılması düşünmürəm ki , vətəndaşlara olan yanğıdan doğur, mənə elə gəlir ki, onlar dövləti hansısa məsələdə sınağa çəkirlər ki, alınmayanda həmin insanlar dövlətdən narazı qalsınlar”.

“Qafqazinfo” sözügedən məsələ ilə bağlı Mərkəzi Bankla əlaqə saxlasa da, zənglərə cavab verən olmayıb.

Bu arada qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1% həcmində məhdudlaşdırılmasına dair göstəriş verib. Hələ ki, bu məlumat təsdiqlənməsə də, report.az saytının əldə etdiyi məlumata görə, qərar artıq bu gündən qüvvədədir.



5725 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30