Mobil versiya
Burada hər şey tapa bilərsən - Fahişə, kokain, silah... + Foto
Tarix: 15-02-2017 | Saat: 11:13
Bölmə:Media | çapa göndər

Burada hər şey tapa bilərsən - Fahişə, kokain, silah... + Foto







“Uşaqlıqdan bəri kəşf etməyə çox həvəsli olmuşam. Özüm də kinorejissor olmaq istiyirdim. Böyüdükcə kəşf etmək arzumu səyahətlərdə tapmağa başladım. Tanıyanlar yaxşı bilir ki, mən milliyyətçi adam deyiləm. Mənim üçün insan bölgüsü və bölgə ayrımları sadəcə coğrafidi və bu fəxr ediləsi bir şey deyil. Bizim üçün çəkilmiş sərhədlər beyinlərdədi vətənin bitdiyi yerdə yox. Mənim vətənim dünyadır: pisi ilə, yaxşısı ilə qəbullandığımız yeganə evimiz”.

Baba Nəbili hazırda Kolumbiyada səyahət edir. Biz də “Qafqazinfo” olaraq səyahəti ilə bağlı maraqlı situasiyaları sosial şəbəkədə paylaşan həmyerlimizi daha yaxından tanımaq qərarına gəldik.

Onu qeyd edim ki, müsahibimlə aramızda 9 saat zaman fərqi olduğu üçün, söhbətimizin məğzi kimi, gedişatı da maraqlı alındı. Belə ki, mən sualları ünvanlayanda, müsahibim, o, cavablandıranda isə mən yatmış olurdum. Bir az qəribə olan bu nüans söhbətimizi daha da əyləncəli etdi.

Müsahibim UNDP, USAİD və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan "SYSLAB"da layihə asistentidir. Dediyinə görə, vəzifələri işsizlərlə işləmək, onlara harada və necə iş axtarmaqla bağlı təlimlər keçmək və işə düzəlmələrində kömək etməkdir. Bununla yanaşı sənədli filmlər çəkir və əlavə işlər də görür:

“Məni əsas maraqlandıran müxtəlif həyat hekayələridir. Həyatda çox vaxt bizi əsas ayaqda tutan xırdalıqlara fikir vermirik. Yaşadığın yerdən uzaqlaşmaq isə insana olduğun vəziyyəti qıraqdan izləmək şansı verir. Məsələn, əvvəllər düşünürdüm ki, insanlar iki yerə bölünür pis və yaxşılar. Elə deyilmiş. İnsanları da bölən, ayrı-seçkilik salan bizik. Bunun yaşadığın yerdən km-lərcə uzaqdan daha yaxşı görmək olur. Dil bilmədiyim bu yerlərdə çox vaxt hərəkətlərlə fikrimi ifadə etməyə çalışıram. Ən böyük çətinliyim isə donuz əti olmadan yemək istəməkdir. İlk günlər izah eləmək üçün min cür hoqqadan çıxırdım. Sonra ofisiantla bir-birimizə baxıb gülüşürdük, mənə də yemək üçün toyuq əti gətirirdilər. Burada ən sevdiyim meyvələrdən biri də banandır. O qədər ucuzdur ki, görməmişlik edib hər gün 5 dənə yeməsəm, o günü olmadı sayıram. Qiyməti aşağı yuxarı 10-15 sent arasında dəyişir”.



"Səyahət etmək istirahət etmək demək deyil"

- İndiyə kimi neçə ölkədə olmusunuz və bu səyahətləriniz sizə nə verib?

- 11 ölkədə, 50-ə yaxın şəhərdə olmuşam. Məqsədim bu il siyahımı uzadaraq 13 ölkə etməkdir. Amma rəqəmlərə o qədər də fikir verməmək lazımdır. Məni bu səyahətlərimdə daha çox maraqlandıran yerli insanlarla qalmaq, onların yaşamlarına uyğunlaşmaqdır. Nə yalan deyim, uzun müddətli səyahət pafoslu şəkillər, əla yeməklər, gecə klubları- hər şey görüldüyü kimi olmur. Bir müddət səyahət edəndən sonra insan beyni öyrəşdiyindən artıq yeni məlumatlar qəbul edən zaman tez yorulur. Bir də fərqli anlayışlar, fərqli dadlar, fərqli düşüncələr bir az əzab verməyə başlıyır. Belə hal yaşadığım zaman bunu dəniz, od və ya ulduzlara baxmaqla müalicə edirəm. Onlar hər yerdə eynidir...

Səyahət etmək istirahət etmək demək deyil. Səyahət edən adam başda qərar verməlidir ki, dincəlmək, yoxsa öyrənmək istəyir.

- Xeyli səyahət etmisiz, seçdiyiniz ölkələr də elə də yaxın deyil. Bəs səyahətləriniz üçün maddi gəliri necə çatdırırsınız?

- Çalışdığım iş yerlərinin birində mənə maraqlı bir hekayə danışmışdılar. Hər kəsin həyatında özünün də bilmədiyi "sehrli pullar"ı var. Bu xəyali və ya da bacarıq mənasında deyil. Bİldiyimiz milli məzənnə "manat" ilə. Təsəvvür edin ki, hal-hazırda oturduğunuz yerdə sizdən 2200 AZN pul istəyirlər. Siz qara-qara bu pulu hardan tapacağınızı düşünürsüz, amma tapa bilmirsiniz. İndi isə olduğunuz vəziyyəti bir az daha dəyişək. Təsəvvür edin ki, həyatda ən çox dəyər verdiyiniz adam qəzaya düşür və sizdən 2200 AZN pul istiyirlər ki, onu əməliyyata alsınlar və siz onu tapırsınız. Bu hekayə mənə dünyanı gəzən belarusiyalı bir nəfərdən yarı-yamalaq ingiliscəmlə "Gəzmək üçün pulu hardan tapırsan?" və "pulun bitəndə nə edirsən?" soruşmağımı xatırladır. Demişdi ki, səyyahlar bu haqda düşünmür, mən gəzmək istəsəm, yol mənə hər şeyi verəcək.

Bir deyim var ki, pulu qazanmaq yox, xərcləməyi bilmək lazımdır. Məncə isə pulu yox, enerjini xərcləməyi öyrənməliyik. Maşın almaq şansım oldu, ancaq o şansımı gəzmək, görmək, yaradıcılığım üçün xərcləməyi üstün tutdum.

Müsahibim səyahəti zamanı özünü qorumaq üçün hətta bir nəfərə bıçaq belə çəkməli olub. Deyir ki, ömrünün sonuna kimi həmin hissləri unutmayacaq:



“Səyahət boyu çətinliklər qaçınılmazdır. Çətinliklər isə həmişə sual kimi görünür gözümə. Sufi fəlsəfəsinin dediyi kimi: Bir problemin varsa, cavab tapmalı olduğun bir sualın var deməkdir. Ən böyük problemi Kolumbiyada yaşamışam. Yüküm çox olduğu üçün taksi ilə getmək qərarına gəldim. Gedəcəyim yol maksimum 10000 peso – 3 dollar edirdi, amma 12000 peso ilə yolun 1/3-ni gəlmişdik. Sürücü yolu məndən soruşur, gah ara küçələrə salır, gah da 2 küçə o tərəfdən dönüb təzdən eyni tərəfə qayıdırdı. Bir ara küçəyə dönən kimi saxlatdırdım maşını. Taksimetr 16000 peso yazmışdı, 10000 peso verib çıxanda hiss elədim ki, telefonum yoxdur. Çıxdığım 3 saniyə olmadı ki, yenidən maşına soxulub cibimdəki bıçağı üstünə çəkdim. Nə yalan deyim, qorxudan da əlim əsirdi. İngilis dili, ispan heç nə vecimə deyil. Qışqırdım ki, "telefonumu ver". Telefonumu ondan aldım və həmin hadisədən sonra məcbur qalmadıqca taksilərdən istifadə etmirəm”.

- Sizi ən çox heyrətləndirən nə olub?

- Müdellində bir Gutepenin tam zirvəsində yağışdan sonra göyqurşağını görəndə başa düşdüm ki, bunun üçün burdayam. “Cənnət yelləncəkləri” də maraqlı təcrübə oldu. Cənubi Amerika bizə tamamilə yad bir yerdir. İnsanları, mədəniyyəti, yeməkləri, adətləri, oraya günəşin bizim ölkəyə düşməyən şuaları düşür. İndiyə qədər 19 gündür ki, yoldayam. Təxmini olaraq 300-350 dollar pul xərcləmişəm. (bilet xaric) Kolumbia ( Bogota, Medillin, Cali) Ekvador (Quito, Banos) Peru (Lima, İCA) da olmuşam.

Hiss edirəm ki, Baba Nəbili son sualımı digərlərinə nisbətən daha həvəslə cavablandırır. Odur ki, bu dəfə xahiş edirəm ki, bu dəfə də bizə qısa, ancaq əsas xüsusiyyətləri ilə olduğu şəhərlərdən danışsın.

- Başlayaq elə Boqotadan.

- Boqota filmlərdə gördüyümüz qaradərili insanların çiyinlərinə maqnitafon qoyub yüksək səslə mahnıya qulaq asdığı, qızla oğlanın sağollaşarkən avtobus dayanacağında heç kəsə fikir vermədən dəli kimi öpüşdüyü şəhərdir. Burada elə küçələr var ki, günün ən qızmar vaxtında küçənin ortasında üstünə silah çəkib səni soya bilərlər. Bundan başqa, nəbadə sağollaşan zaman kiməsə "bye bye" deyəsən. Adama elə baxırlar ki, Nəsibə demiş: “Bye-bye atondu, anondu!”

"Marixuana - 1 dollar, kokain – 7 dollar, silahın qiyməti isə növünə görə dəyişir"

- Bəs Eskobarın torpağı necə? Yəqin ki, marixuana bol olar.

- Medillin insanı üçün deyilən bir söz var: "Burada hər 3 nəfərdən biri potensial kokain satıcısıdır". Hətta almanın içindən belə “ot” çıxırdı. Yaxşı olar ki, qarşıdan gələn həmcinslərinizin gözünün içinə baxmayasız. Orada olan zaman məşhur narkobaron Pablo Eskobarın doğulduğu küçələrdə də oldum. Medellin fahişələr şəhəridir. Qısacası, burada axtardığınız hər şeyi tapa bilərsiniz. Marixuana - 1 dollar, kokain – 7 dollar, silahın qiyməti isə növünə görə dəyişir. Hətta kiralıq qatillər də tapmaq mümkündür.



Ümumiyyətlə, burada çox maraqlı ənənələr var. Məsələn, Cənubi Amerikanın insanları etirazını musiqilərində və rəqslərində göstərirlər. Burdakılar deyir ki, musiqilərin ritmi insanların etiraz səiyyəsinə görə dəyişir. Məsələn, dollar qalxan zamanı musiqilərin ritmi də qalxmağa başlıyır. Kolumbiyada qadının könlünə gedən yol isə salsadan keçir. Düzü, kişi olaraq bədənini sağa - sola oynatmaq bütün bu olmazlar xofu ilə böyümüş bir adam üçün o qədər də asan deyil. Onu da qeyd edim ki, burada şənbə günləri demək olar ki, heç bir iş görmürlər. Hətta çox ev qadınları yemək belə bişirmir. Bu gün onlar üçün istirahət günü sayılır.

- Bəs haradan gəldiyinizi soruşurlar? Reaksiyalar necə olur?

- Bəli, elə ən çox verilən sual dudur. Cavabında isə Azərbaycan deyəndə aldığım reaksiyalar çox vaxt belə olur:

- Ərəbsən?

- O Afrikadır?

- Hə, Bakı Avropa Oyunları.

- Ooo Azərbaycan İspaniyanın yanıdır

- (tanımadığı üçün üzr istəyir)

- (harda olduğu ilə maraqlanır)

Edilən ən iyrənc zarafatlar sırasına isə çantanda bomba yoxdur ki? Sualıdır.

- Səyyahlar ölkələrdə xeyli gözəl qızlarla qarşılaşır və bu, axtardığı yarını tapmaq üçün bilavasitə bir köməklikdir. Bəs siz elə biri ilə qarşılaşmamısız?

- Səyahətlərdə sevgilər müddətlikdi. Bunu uzun müddətli səyahətçilər daha yaxşı başa düşür. Mən isə həmişə tək səyahətə üstünlük verirəm. Yolda tanış olduğum insanları elə tanış olduğum yerdə qoymağın tərəfdarıyam.

Hazırda Kolumbiyanı qarış-qarış gəzən, yeni macəralar axtarışında olan həmsöhbətimin əsas məqsədi 5 ölkə gəzdikdən sonra möhtəşəm Braziliya karnavallarını canlı izliyə bilməkdir. (qafqazinfo)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024