Ana Sayfa > Özəl > Zəfər tariximizi yazan Zabil
Zəfər tariximizi yazan Zabil31-10-2023, 09:46. Yazar: sevinc1 |
İndi Lerikin Biləvər kəndində, eləcə də bütün rayonda Zabil Tələt oğlu Azadlının adı Vətənə, torpağa sədaqət rəmzi kimi dillər əzbəridir. Elin igid oğlu Zabil İkinci Qarabağ müharibəsində 30 il erməni əsarətində olan əzəli Azərbaycan torpaqlarının azad edilməsində göstərdiyi qəhrəmanlıqla tarixin şanlı səhifəsində özünə layiqli yer tutub. Məhz Vətən naminə ölüm-dirim savaşında böyük zəfərimiz Zabiltək qəlbi sevdalı minlərlə mərd igidin qanı bahasına qazanıldı. Lerikli balası “Təki Vətən sağ olsun!”- deyib sinəsini düşmən gülləsinə sipər edəndə ömrünün 21-ci baharını yaşayırdı. Bu həyatdan tez getdi, amma Vətənə, xalqa olan övladlıq borcunu şərəflə verdi. Qısa, olduqca mənalı, dəyərli ömrü saflıq, paklıq dünyasına dönüb ürəklərdə özünə əbədi yurd-yuva qurdu. Elə dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda” medalı da onun sağlığında Vətəninə ilahi sevginin bir nişanıdır... Uşaqlıqdan elinə, yurduna məhəbbət ruhunda böyüyən Zabil orta məktəbi ”əla” qiymətlərlə başa vurur. Yüksək zəkası, istedadı, vətənpərvərliyi, əxlaqi keyfiyyətləri onun parlaq gələcəyindən xəbər verir. Arzusu ali təhsil almaq olsa da, birinci ordu sıralarına getməyə üstünlük verir. Zabil 3 ay kəşfiyyat bölüyündə xidmət edir. Xidmət zamanı qorxmaz, intizamlı əsgər olaraq fərqlənir. Daha sonra Ağstafada Ermənistanla sərhəddə Vətənin keşiyində ayıq-sayıq dayanır. Zabil ordudan tərxis olunan kimi Azərbaycan Kooperasiya Universitetinin İngilis dili (tərcüməçi ) fakültəsinə yüksək balla qəbul olur. Ali təhsil alıb xalqına, elinə fayda vermək əzmi ilə oxusa da, Qarabağın dığalar tərəfindən işğalına dözə bilmir, müharibə başladığı təqdirdə ön sırada olacağına and içir. Belə də alınır. 27 sentyabrda İkinci Qarabağ müharibəsi başlayanda könüllü qeydiyyatdan keçir və Vətən üçün hər an canında keçməyə hazır duran igid oğlanların sırasında müvafiq hərbi hissəyə yollanır. Zabil bir müddət Ağcabədidə təlim keçib, dığalara qarşı döyüşmək üçün Füzuliyə gedir. Qaraxanbəyli, Merdinli kəndlərində dığalara qan qusduraraq əsl Azərbaycan oğlu olduğunu sübut edir. Hər qazanılan qələbə Zabili canından artıq bildiyi Vətənə daha ürəkdən bağlayır. 8 oktyabr döyüşündə düşmənə çoxlu itki verən igid əsgər özü də şəhidlik zirvəsinə ucalır. Və bu şərəfli ölüm addım-addım zəfərimizə yan alan Ordumuza bir qorxmazlıq dərsi olur... Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü aia.az Geri dön |