Ana Sayfa > Özəl > 18 iyul 2023-cü il Gündüz Əliyevin dünyaya gəldiyi günüdür

18 iyul 2023-cü il Gündüz Əliyevin dünyaya gəldiyi günüdür


18-07-2023, 09:55. Yazar: sevinc1
18 iyul 2023-cü il Gündüz Əliyevin dünyaya gəldiyi  günüdür

Millətin qürur yeri

Gündüz Etibar oğlu Əliyev özünü Vətən ,torpaq yolunda fəda edəndə ömrünün 18 ilinə hələ təzə qədəm qoymuşdu. Həyatın bu qısa vaxtında insanlığın zinəti sayılan saf və ülvi dəyərləri parlaq xarakterində cəmləyən yeniyetmə ikinci Qarabağ döyüşündə göstərdiyi qəhrəmanlıqla yaşının çərçivəsinə sığmayan bir tarix yazdı. Bu, hünər Lerik rayonunun ucqar dağ kəndi Lodada dünyaya göz açan Gündüz Əliyevi bütün Azərbaycana tanıtmaqla, millətin qürur yerinə döndərdi.
Erməni dığaların  Azərbaycanın ulu, müqəddəs yurd yerləri olan Qarabağ torpaqlarına  təcavüzü orta  məktəbdə oxuduğu zaman Gündüzü narahat  edirdi.  Odur ki, 2020-ci ilin aprel  çağırışında  Milli Ordu sıralarına   yola düşəndə ürəyində bir istək vardı: nəyin bahasına olursa-olsun  mənfur düşməndən qisas almalı.  Qəlbi  sevdalı lerikli balası  Tərtərdə   Vətən torpaqlarının keşiyini çəkir. Yaxşı döyüş qabiliyyətinə malik olmaqdan ötrü ilk gündən hərbi hissənin bütün  əməliyyat təlimlərində fəal iştirak edir. Əsgər  yoldaşları, komandirləri  tərəfindən  cəsur, mərd, ləyaqətli vətəndaş kimi tanınır.
İgid əsgər Gündüzün düşmənlə ilk vuruş meydanı Tovuz  döyüşləri olur.  Dığalara layiqli cavab  verməklə bir qədər Vətən eşqli ürəyi rahatlıq tapır və qarşıdan gələn böyük zəfəri gözləyir...
Vətən müharibəsi başlayan gündən  Gündüz  yağı düşmənə  yenə qalib  gəlmək istəyi ilə odun-alovun içində öndə döyüşür. Qarabağ torpaqlarının qarış-qarış azad olmasında  böyük fədakarlıq nümunəsi göstərir. Ağır məqamlarda yaralı döyüş yoldaşlarını da müharibə  meydanından çıxarmağı bacarır.   30 sentyabrda  Hadrut istiqamətində gedən döyüşlərdə Vətənin şərəfini, torpağın qürurunu uca tutmaqla şəhidlik zirvəsinə ucalır. Qarabağın  mətin, xilaskar qəhrəman oğlu kimi tarixin yaddaşında  iz qoyur.
 Bəli, indi milyonların dilində ən əziz kəlmə Gündüzün adıdır.  Ölümündən sonra layiq görüldüyü  “Vətən uğrunda”, “İgidliyə görə” medalları dövlətin də öz qəhrəman oğluna sədaqətindən irəli gəlir.

 Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az

Geri dön