Ana Sayfa > Özəl > Azərbaycan xalqının, dövlət müstəqilliyimizin əbədi xilaskarı

Azərbaycan xalqının, dövlət müstəqilliyimizin əbədi xilaskarı


25-05-2023, 10:37. Yazar: sevinc1
Azərbaycan xalqının, dövlət müstəqilliyimizin əbədi xilaskarı

Vətən böyüklüyünə görə deyil, özününkü olduğu üçün sevilir.  Azadlığı canından artıq sevən Azərbaycan xalqı  müstəqillik uğrunda mübarizə aparmaq cəsarətini, qüdrətini ötən əsrdə iki dəfə göstərdi. Amma  cənnətməkan Azərbaycana uzanan yad əllər xalqın azadlıq   istəyini boğmağa çalışdılar. «Mən ya Vətənimin rifahı üçün yaşamalı, yaxud onunla birlikdə məhv olmalıyan» əqidəsi uğrunda  canından keçən fədailər üçün deyiblər:  «Ölməz o adamdır ki,  özündən sonra Vətən üçün böyük və faydalı yadigarları qalır.»  Belə ümumxalq məhəbbətinə layiq olanlar  yaşamaq və  həyatını  azadlıq uğrunda   qurban verməyi bacaranlardır.  Həyatının mənasını xalqına xidmətdə görən ulu öndər Heydər Əliyev də  el məhəbbəti qazanan belə   böyük şəxsiyyətlərdəndir. 
    Azərbaycan xalqının müstəqillik arzusunu əbədiləşdirən, ən ağır günlərdə  insanları arxasınca aparmaq qüdrətinə malik ulu öndər Heydər Əliyevin  siyasi fəaliyyətinin əsasını bu amal təşkil edir: Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf, mədəniyyət tələb edən real mənəvi qüvvə, zənginlikdir.
Respublikaya  rəhbərliyinin hər iki dövründə Azərbaycanın müstəqilliyi naminə göstərdiyi xidmətləri ilə  Ümummilli Lider adını qazanan Heydər Əliyev bu inamda idi ki, kim özünü təmsil olunduğu millətin övladı hesab edirsə,   canından artıq sevdiyi Vətəni onun üçün and yeri olmalıdır.
 Dövrünün ən təcrübəli, yüksək zəkaya, siyasi bilik və təcrübəyə malik şəxsiyyəti adına  fenomen bacarığı ilə möhür vuran Ulu Öndər   Azərbaycanın ən çətin günlərində belə qətiyyətlə  mübarizə aparmış, vəzifə  məsuliyyətini vətəndaşlıq borcu ilə birləşdirərək  həyatı bahasına olsa belə mücadilədən qalib kimi çıxmışdır.
Ulu Öndər mənalı həyatının, siyasi fəaliyyətinin  məqsəq və məramını bu sözləri ilə ifadə etmişdir: «Azərbaycan dünyaya Günəş kimi doğacaq.» Ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan artıq dünya birliyində öndə gedən flaqman kimi  uğurları ilə  hamının diqqətini cəlb edir.
 Amma bu   zirvəyə yüksəlmək o qədər də asan olmamışdır. Hələ sovetlər dövründə  yaranan ən kiçik fürsətdən belə Azərbaycanın rifahı naminə  bacarıqla istifadə edən müdrik şəxsiyyət Heydər Əliyev  ötən  əsrin sonlarında  qətiyyətli dövlət və siyasi xadim olduğunu bir daha göstərdi.
Dahi Heydər Əliyev ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı.
Xalq-iqtidar birliyinin sarsılmazlığı 1994, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlər zamanı da  təsdiqləndi. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı  xilaskarının ətrafında sıx birləşdi. Bu  həmrəylik  sabaha böyük ümidlərlə dolu  Heydər Əliyevə inamın  əbədiyyət  yolu oldu. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları  hamar olmasa da,  ümummilli lider Heydər Əliyev zəkası ilə  bütün çətinliklərə  qalib gələrək müstəqilliyimizin əbədi müəllifi adını qazandı. 
Dahi şəxsiyyət Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür.
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcək.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön