Ana Sayfa > Gündəm / Manşet / Karusel > Elnur Nağızadə haqda sənədlər Korrupsiya İdarəsinə göndərilib
Elnur Nağızadə haqda sənədlər Korrupsiya İdarəsinə göndərilib19-02-2016, 13:42. Yazar: admin |
“Mən Elnur Nağızadənin fəaliyyətinə münasibətimi hələ ötən ilin noyabrında bildirmişəm və onu işdən azad etmişəm”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə APA-ya açıqlamasında deyib. M. Abbaszadə bildirib ki, Elnur Nağızadə əmək məzuniyyətindən qayıtdıqdan sonra işdən çıxarılıb: “Bu ilin yanvarında isə iki nəfər onunla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edib. Biz xidməti araşdırma aparmışdıq. Həmin şikayətlərin TQDK-nın fəaliyyətinə heç bir aidiyyəti yoxdur”. M. Abbaszadə bildirib ki, E. Nağızadə ilə bağlı sənədlər Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına göndərilib: “Onunla bağlı bütün sənədləri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına göndərmişik. Biz TQDK olaraq maraqlıyıq ki, onun qanuni və ya qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələlər araşdırılsın. Lakin Elnur Nağızadənin fəaliyyəti TQDK-nın işinə, komissiyanın daxilindəki proseslərə heç bir təsir göstərməyib. Bilirsiniz ki, o yalnız komissiyanın mətbuat katibi olub”. Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. E. Nağızadə isə hazırda xaricdə olduğunu deyərək, bütün ittihamları rədd edib. Qeyd edək ki, Elnur Nağızadə 2005-ci ildən TQDK-da çalışıb. Geri dön |