Ana Sayfa > Siyasət > ABŞ səfirliyindən Cenevrə danışıqları barədə
ABŞ səfirliyindən Cenevrə danışıqları barədə31-01-2020, 10:43. Yazar: sevinc1 |
ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) Cenevrədə keçirilən danışıqları ilə bağlı açıqlama yayıb. Oxu.Az-ın məlumatına görə, səfirliyin “Twitter” hesabında yazılıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrədə Ermənistan və Azərbaycanın Xarici İşlər nazirləri ilə görüşdülər. “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində kömək etmək üçün qətiyyətli olaraq qalır”, - deyə bildirilib. Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrə danışıqları ilə bağlı bəyanat yayıb. Bildirilib ki, üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər həm birlikdə, həm də ayrı-ayrılıqda görüşüb, fikir mübadiləsi aparıblar. Danışıqlarda ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədri Stefani Viskonti və amerikalı həmsədri Endryu Şofer iştirak edib. Daha sonra müzakirələrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qoşulub. Üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər gündəliyin aşağıdakı maddələrini müzakirə ediblər: 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası və əhalini sülhə hazırlamaq üçün mümkün addımlar; Gələcəkdə birgə yaşayışın əsasını təşkil edən prinsiplər və elementlər; Nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi. Nazirlər yaxın vaxtlarda həmsədrlərin iştirakı ilə yenidən görüşməyə razılıq veriblər. aia.az Geri dön |