Ana Sayfa > Özəl > Generaldan Trampın F-35 açıqlamasına analiz: Ankara–Vaşinqton xəttində yeni mərhələ başlayır?
Generaldan Trampın F-35 açıqlamasına analiz: Ankara–Vaşinqton xəttində yeni mərhələ başlayır?Bu gün, 20:33. Yazar: vasif |
![]() ABŞ Prezidenti Donald Trampın Türkiyəyə tətbiq olunan S-400 sanksiyalarının ləğvi ilə bağlı açıqlaması Ankara-Vaşinqton münasibətlərində yeni mərhələnin başlaya biləcəyi barədə müzakirələri gücləndirib. Mövzunu şərh edən ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib ki, Trampın bəyanatı mühüm siyasi siqnal olsa da, bunu hələlik ABŞ-ın rəsmi dövlət siyasətinin tam dəyişməsi kimi qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, sanksiyaların ləğvi və Türkiyənin F-35 proqramına qayıdışı Konqresin qərarları və hüquqi prosedurlardan da asılıdır. General hesab edir ki, Vaşinqtonun Türkiyəyə münasibətində müəyyən dəyişiklik müşahidə olunur. Bunun əsas səbəbləri arasında Rusiyanın yaratdığı təhlükə fonunda NATO-nun cənub cinahının gücləndirilməsi, Türkiyənin Qara dəniz, Yaxın Şərq və Cənubi Qafqazdakı artan strateji rolu, eləcə də Ankaranın İran və Ukrayna məsələlərində dialoq qura bilən nadir ölkələrdən biri olması göstərilir. Karauzun fikrincə, Trampın açıqlaması Türkiyənin F-35 proqramına qayıtması ehtimalını artırsa da, bu proses avtomatik baş verməyəcək. O bildirib ki, S-400 sistemlərinin gələcək statusu, təhlükəsizlik tələbləri və ABŞ Konqresinin mövqeyi hələ də əsas maneələr olaraq qalır. General həmçinin Trampın Prezident Rəcəb Tayyib Ərdoğanın İran və Ukrayna məsələlərində ABŞ-a dəstək verdiyini vurğulamasını da əhəmiyyətli siyasi mesaj kimi dəyərləndirib. Onun sözlərinə görə, bu yanaşma Türkiyənin təkcə regional deyil, qlobal böhranların həllində vasitəçi dövlət kimi rolunun Vaşinqton tərəfindən qəbul edilməyə başlandığını göstərir. Karauz hesab edir ki, mövcud dinamika davam edərsə, Türkiyə ilə ABŞ arasında müdafiə əməkdaşlığı genişlənə, F-35 və digər strateji layihələr yenidən gündəmə gələ, Ankaranın NATO daxilində siyasi və hərbi çəkisi daha da arta bilər. Geri dön |