Ana Sayfa > Özəl > Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsi: Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə birliyi

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsi: Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə birliyi


Bu gün, 13:35. Yazar: azer
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsi: Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə birliyi

Azərbaycanın müasir tarixində elə sənədlər vardır ki, onlar yalnız iki dövlət arasında münasibətlərin hüquqi bazasını formalaşdırmır, eyni zamanda bütöv bir regionun gələcəyini müəyyən edən siyasi hadisəyə çevrilir. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” məhz belə tarixi sənədlərdəndir. Bu Bəyannamə Azərbaycan-Türkiyə qardaşlığının siyasi, hərbi, iqtisadi və mənəvi zirvəsini ifadə etməklə yanaşı, XXI əsrdə türk dünyasının strateji birlik modelini də ortaya qoydu.
Təsadüfi deyil ki, Şuşa Bəyannaməsi Milli Qurtuluş Günündə, Qarabağın tacı olan Şuşada imzalandı. Bu tarix və məkan seçimi böyük rəmzi məna daşıyırdı. Bir tərəfdən 15 İyun Azərbaycan dövlətçiliyinin xilası günü kimi tarixə düşmüşdürsə, digər tərəfdən Şuşa Azərbaycanın ərazi bütövlüyünün və tarixi Zəfərinin simvoludur. Beləliklə, Şuşada imzalanan Bəyannamə həm Qurtuluşun, həm də Zəfərin siyasi məntiqi davamı kimi tarixə yazıldı.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” fəlsəfəsi uzun illər Azərbaycan-Türkiyə münasibətlərinin əsas ideoloji dayağı olmuşdur. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi isə bu tarixi tezisi yeni mərhələyə yüksəldərək onu müttəfiqlik səviyyəsində rəsmiləşdirdi. Artıq iki qardaş ölkə arasındakı münasibətlər təkcə dostluq və qardaşlıq deyil, həm də beynəlxalq hüququn təsbit etdiyi strateji müttəfiqlik formatına keçdi.
Şuşa Bəyannaməsinin ən mühüm xüsusiyyətlərindən biri təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın yeni mərhələsini müəyyən etməsidir. Sənəddə əks olunan müddəalara əsasən, tərəflərdən birinin təhlükəsizliyinə, müstəqilliyinə və ya ərazi bütövlüyünə qarşı yönələn təhdid digər tərəf üçün də ciddi məsələ hesab olunur. Bu yanaşma Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakterini daha da gücləndirərək regionda sülhün və sabitliyin qorunmasına mühüm töhfə verir.
Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək iki qardaş xalqın birliyinin ən parlaq nümunələrindən biri oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk günlərindən etibarən Azərbaycanın yanında olduğunu açıq şəkildə bəyan etməsi beynəlxalq müstəvidə mühüm siyasi mesaj idi. Bu dəstək Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, ölkəmizə qarşı təzyiq göstərmək istəyən qüvvələrə də ciddi xəbərdarlıq oldu.
Şuşa Bəyannaməsi yalnız hərbi-siyasi sənəd deyil. O, iqtisadi əməkdaşlığın, enerji təhlükəsizliyinin, nəqliyyat layihələrinin və regional inteqrasiyanın yol xəritəsidir. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəalar sənədin strateji əhəmiyyətini daha da artırır. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməklə yanaşı, Türkiyə ilə birbaşa quru əlaqəsinin formalaşmasına, Türk dünyasının inteqrasiyasına və Avrasiyanın yeni nəqliyyat xəritəsinin yaranmasına xidmət edir.
Bu gün Azərbaycan və Türkiyə enerji təhlükəsizliyi sahəsində də mühüm tərəfdaşlardır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələr Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Şuşa Bəyannaməsi bu əməkdaşlığın daha da genişlənməsinə, yaşıl enerji və yeni texnologiyalar sahəsində ortaq layihələrin həyata keçirilməsinə əlavə imkanlar açır.
Son illərdə müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı da Şuşa Bəyannaməsinin praktiki nəticələrindən biridir. Müasir hərbi texnologiyaların tətbiqi, birgə təlimlər, müdafiə sənayesi məhsullarının istehsalı və hərbi kadr hazırlığı sahəsində əməkdaşlıq Azərbaycan Ordusunun güclənməsinə mühüm töhfə verir. Bu gün Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı regionun ən güclü strateji tərəfdaşlıq nümunələrindən biri hesab olunur.
Şuşa Bəyannaməsinin mühüm istiqamətlərindən biri də türk dünyasının birliyinə xidmət etməsidir. Son illərdə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması, üzv ölkələr arasında siyasi və iqtisadi əməkdaşlığın genişlənməsi Azərbaycan və Türkiyənin birgə təşəbbüslərinin nəticəsidir. Şuşada imzalanmış sənəd türk dövlətlərinin yaxınlaşmasına və ortaq strateji maraqlar ətrafında birləşməsinə əlavə stimul vermişdir.
2023-cü ildə Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyi də Şuşa ruhunun real təzahürü oldu. Azərbaycan dövlətinin və xalqının ilk gündən Türkiyənin yanında olması, Kahramanmaraşda Azərbaycan məhəlləsinin inşası iki ölkə arasındakı münasibətlərin siyasi maraqlardan daha yüksək, qardaşlıq və mənəvi bağlılıq üzərində qurulduğunu bir daha nümayiş etdirdi.
Bu gün dörd ilini qeyd etdiyimiz Şuşa Bəyannaməsi artıq özünü tam doğrultmuş strateji sənəd kimi çıxış edir. Regionda baş verən hadisələr göstərir ki, Azərbaycan və Türkiyənin birliyi təkcə iki dövlət üçün deyil, bütövlükdə bölgədə sülhün, sabitliyin və inkişafın təmin olunması baxımından mühüm amildir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan ikinci dövlət tapmaq çətindir. Bizi birləşdirən yalnız ortaq tarix, dil, din və mədəniyyət deyil, həm də ortaq gələcək hədəfləridir. Məhz buna görə də Şuşa Bəyannaməsi sadəcə diplomatik sənəd deyil, qardaşlığın əbədi simvolu, türk birliyinin strateji manifesti və gələcək nəsillərə ünvanlanmış siyasi və mənəvi irsdir.
Şuşa Bəyannaməsi göstərdi ki, “Bir millət, iki dövlət” ideyası artıq yeni mərhələyə qədəm qoyaraq “Bir millət, iki dövlət, bir yumruq” reallığına çevrilmişdir. Bu birlik və həmrəylik gələcəkdə də Azərbaycan və Türkiyənin ortaq uğurlarının əsas təminatçısı olacaqdır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü.
Geri dön