Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov : "28 May-Müstəqillik Günü Azərbaycanın istiqlal salnaməsi və dövlətçilik düşüncəsinin zəfər yoludur"

Eltun Süleymanov : "28 May-Müstəqillik Günü Azərbaycanın istiqlal salnaməsi və dövlətçilik düşüncəsinin zəfər yoludur"


Bu gün, 10:15. Yazar: azer
Eltun Süleymanov : "28 May-Müstəqillik Günü Azərbaycanın istiqlal salnaməsi və dövlətçilik düşüncəsinin zəfər yoludur"

Tarixdə elə günlər var ki, onlar sadəcə müəyyən bir hadisənin baş verdiyi tarix kimi deyil, bütöv bir xalqın taleyini dəyişən dönüş nöqtəsi kimi yadda qalır. Azərbaycan xalqı üçün 28 May məhz belə müqəddəs və tarixi günlərdən biridir. Bu gün xalqımızın milli iradəsinin, azadlıq əzminin, dövlət qurmaq bacarığının və gələcəyə inamının rəmzinə çevrilib. Məhz 1918-ci il mayın 28-də Azərbaycan xalqı öz siyasi taleyini özü müəyyən etmək qüdrətini nümayiş etdirərək Şərqin və bütün müsəlman aləminin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, bu hadisə təkcə Azərbaycanın deyil, bütövlükdə regionun və Şərq dünyasının siyasi tarixində yeni mərhələnin başlanğıcı idi. Çünki həmin dövrdə bir çox xalqlar hələ dövlət idarəetməsinin demokratik prinsiplərinə doğru yol axtardığı bir vaxtda Azərbaycan xalqı müasir dövlətçilik nümunəsi ortaya qoymuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması uzun illər davam edən milli oyanışın və azadlıq ideyalarının məntiqi nəticəsi idi. XIX əsrin sonlarından başlayaraq Azərbaycanda milli düşüncə formalaşmış, maarifçilik hərəkatı güclənmiş, xalqın qabaqcıl ziyalıları və mütəfəkkirləri milli özünüdərk prosesinə ciddi töhfələr vermişdilər. Xalqın içərisində istiqlal arzusu güclənmiş, milli dövlət qurmaq ideyası böyük bir ideala çevrilmişdi. Ulu Öndər Heydər Əliyev həmin dövrün tarixi reallığını belə xarakterizə etmişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı." 1918-ci ilin mayında qəbul olunan İstiqlal Bəyannaməsi Azərbaycan xalqının müstəqillik hüququnu bütün dünyaya bəyan etdi. Bu sənəd yalnız siyasi akt deyildi, eyni zamanda dövlətçilik tariximizin yeni ideoloji platforması idi. İstiqlal Bəyannaməsində xalq hakimiyyəti, demokratik idarəetmə, bərabərlik və insan hüquqları kimi prinsiplər öz əksini tapmışdı. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində dövlət quruculuğunda mühüm uğurlara nail oldu. İlk parlament yaradıldı, hökumət təsis edildi, dövlət atributları qəbul olundu, milli ordu formalaşdırıldı, vətəndaşlıq institutu yaradıldı və beynəlxalq əlaqələrin qurulması istiqamətində mühüm addımlar atıldı. Xüsusilə, həmin dövrdə qəbul olunan qərarlar dövlətçilik tariximizdə böyük əhəmiyyət daşıyırdı. Təhsil sisteminin milliləşdirilməsi, ana dilində tədrisin təşkili, Bakı Dövlət Universitetinin yaradılması gələcəyin milli kadr potensialının hazırlanmasına hesablanmış mühüm qərarlar idi. Ədliyyə sisteminin qurulması və hüquqi islahatların həyata keçirilməsi isə demokratik idarəçilik prinsiplərinin bərqərar edilməsinə xidmət edirdi.

Cənab Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdir: "Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir." Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük xidmətlərindən biri xalqımızda milli dövlətçilik düşüncəsini gücləndirməsi və milli mənlik şüurunu özünə qaytarması idi. Bu dövrdə xalq ilk dəfə özünü siyasi hakimiyyətin və dövlət idarəçiliyinin sahibi kimi hiss etdi. Lakin 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoyuldu və ölkə bolşevik işğalına məruz qaldı. Müstəqillik itirilsə də, onun yaratdığı ideya yaşayırdı. Çünki müstəqillik arzusu xalqın qəlbindən və yaddaşından silinməmişdi. XX əsrin sonlarında Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Lakin həmin dövrdə ölkədə baş verən siyasi böhranlar, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü dövlətçiliyimizin gələcəyini ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir mürəkkəb şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkənin xilası missiyasını öz üzərinə götürdü. Dövlətçiliyin qorunması, ictimai-siyasi sabitliyin təmin olunması və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi məhz onun uzaqgörən siyasəti nəticəsində mümkün oldu. Ulu Öndərin məşhur fikri həmin dövrün və ümumiyyətlə dövlətçilik anlayışının mahiyyətini aydın ifadə edir: "Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi." Bu gün həmin siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun olaraq uğurla davam etdirilir. Son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi gücünün artması, güclü ordu quruculuğu və milli maraqların təmin olunması dövlətimizin qüdrətini daha da artırmışdır. Tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması isə müstəqil dövlətçilik tariximizin ən mühüm səhifələrindən birinə çevrilib. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli dövlət bayrağımız ölkəmizin bütün ərazilərində qürurla dalğalanır. Cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi: "Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik."
Bu gün 28 May Müstəqillik Günü Azərbaycan xalqının keçmişinə ehtiramının, bu gününə qürurunun və gələcəyinə inamının təcəssümüdür. Azərbaycan xalqı bir əsrdən artıq əvvəl başladığı dövlətçilik yolunu uğurla davam etdirir. Şərqdə ilk demokratik respublikanı yaradan xalq bu gün regionun ən güclü dövlətlərindən birinin sahibidir. Dövlətçilik ənənələrinə söykənən müasir Azərbaycan gələcəyə doğru inamla irəliləyir və tarix bir daha sübut edir ki, müstəqillik yalnız əldə edilən siyasi hüquq deyil, həm də qorunan, yaşadılan və gələcək nəsillərə ötürülən milli sərvətdir-deyə E. Süleymanov fikrini tamamlayıb.
Geri dön