Ana Sayfa > Manşet / Siyasət > Vüqar Rəhimzadə: Azərbaycan-Tacikistan münasibətləri qardaşlıq, dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır

Vüqar Rəhimzadə: Azərbaycan-Tacikistan münasibətləri qardaşlıq, dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır


Bu gün, 10:43. Yazar: azer
Vüqar Rəhimzadə: Azərbaycan-Tacikistan münasibətləri qardaşlıq, dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır

Azərbaycanın açıq və çoxşaxəli xarici siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Həm qarşılıqlı şəfərlər, həm də dövlət başçısı İlham Əliyevin iştirak etdiyi tədbirlər dinamikliyi ilə diqqətdədir. Bunun üçün təkcə son aylarda qeyd olunan istiqamətdə atılan addımlara diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-York şəhərində işgüzar səfərdə oldu. Onun ardınca “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə Görüşündə iştirak etmək üçün Danimarkaya işgüzar səfər etdi. Bu günlərdə, oktyabrın 7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü keçirildi. Bunun ardınca isə Prezident İlham Əliyev oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfər etdi. Bu tədbirlər, eyni zamanda, öz növbəsində onların keçirildiyi ölkələrlə Azərbaycanın münasibətlərinə işıq saldı. Tədbirlər çərçivəsində diqqətçəkən və qürurverici məqamlardan biri qarşı tərəflərin müraciətləri əsasında Prezident İlham Əliyevin çoxsaylı görüşlər keçirməsidir. Bu baxımdan Düşənbə səfəri də mühüm əhəmiyyət kəsb etdi.

Tacikistanın paytaxtında keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən dövlət başçısı İlham Əliyev Düşənbədə dəfələrlə olduğunu, ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini gördüyünü xüsusi vurğuladı. Cənab İlham Əliyev çıxışında, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etdi. Bu münasibətlər qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan və Tacikistan prezidentlərinin görüşündə yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə verdiyi töhfəyə toxunuldu. MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının aktual məsələlərin müzakirəsinə yaxşı imkan yaratdığı qeyd edildi. Görüşdə Azərbaycan və Tacikistan prezidentləri əlaqələrimizin uğurla inkişaf etdiyini vurğuladılar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar.

Son illərin reallıqlarından biri də budur ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin tarixinə qısa nəzər salaq. Diplomatik münasibətlərimiz 1992-ci ildə qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında ümumilikdə 60-dan çox sənəd, o cümlədən 2007-ci ildə “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Ölkələrimizin münasibətlərində elm və təhsil sahəsində əməkdaşlıq əlaqələri də mühüm yer tutur. Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günləri və kino həftəsi keçirilib. Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. Ölkələrimiz arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan-Tacikistan münasibətləri ilə yanaşı, qurum daxilində əlaqələrin inkişafına diqqəti yönəltdi. “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim” söyləyən cənab İlham Əliyev bildirdi ki, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi. Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış Laçın bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib. Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi bu şəhərin mədəni dirçəlişinə və beynəlxalq əməkdaşlıq sisteminə fəal inteqrasiyasına mühüm töhfədir.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında diqqəti, eyni zamanda, Birliyin həyatında daha bir mühüm hadisəyə yönəltdi. Sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində III MDB Oyunları keçirildi. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verilir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilmişdir. Azərbaycan müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir. Bakıda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları yüksək səviyyədə keçirilmişdir.

Vüqar Rəhimzadə bildirib ki, bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir. III MDB Oyunları Azərbaycanın yüksək ev sahibliyi ilə tarixə yazıldı. Bu tədbir MDB ölkələri arasında dostluğa, əməkdaşlığa yeni əlavələr etdi.
Geri dön