Ana Sayfa > Manşet / Siyasət / Özəl > Eldar Quliyev: “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair qərarın qəbul edilməsi çox böyük tarixi nailiyyətdir”
Eldar Quliyev: “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair qərarın qəbul edilməsi çox böyük tarixi nailiyyətdir”Bu gün, 09:29. Yazar: azer |
![]() MÜSAHİBƏNİN ƏVVƏLİ BURADA Bugünkü buraxılışımızda cənab Prezident İlham Əliyevin Vaşiqtona səfəri, Ağ Evdə imzalanmış Birgə Bəyannamənin müddəalarında nəzərdə tutulan məsələlərin önəmi, Ermənistanla bağlanacaq sülh sazişinin paraflanmasından irəli gələn məsuliyyətlər, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır. - Azərbaycan Prezidentinin Vaşinqtona səfəri çərçivəsində baş vermiş daha bir mühüm hadisə 907-ci düzəlişin ləğv olunmasıdır. Eldar müəllim, bu düzəlişin iqtisadi mahiyəti nəzərə alınaraq, onun ləğvi bu gün Azərbaycan üçün nə dərəcədə önəmlidir? - İlk növbədə bunu deməliyəm ki, Azərbaycanın 1992-ci ilin oktyabr ayından bəri ABŞ Konqresi tərəfindən məruz qoyulduğu ədalətsiz sanksiyanın, 907-ci düzəlişin ləğv olunması ölkələrimiz arasında ikitərəfli münasibətlərinin yeni müstəvidə inkişafına güclü təkan olacaq. Bu düzəliş qəbul olunduğu dövrdə Amerika konqresmenləri Azərbaycandakı və ümumilikdə Cənubi Qafqazdakı vəziyyətdən xəbərsiz idilər. Onlara kifayət qədər təsir imkanlarına malik olan Ermənistanın lobbi qruplaşmaları isə, ölkəmizi təcavüzkar kimi təqdim etmişdilər. Müstəqilliyini yeni bərpa etmiş Azərbaycan onsuz da mürəkkəb vəziyyətdə idi. Bu düzəliş isə ölkəni birbaşa ABŞ-ın dəstəyindən məhrum etdi. Sonradan ABŞ hökumətinin Əfqanıstanda Azərbaycanın dəstəyinə ehtiyacı olması səbəbindən 907-ci düzəlişin tətbiqi dayandırıldı. Bu hal 2023-cü ilə qədər davam etdi və hər il ABŞ prezidentləri bu düzəlişi müvəqqəti olaraq dayandırırdılar. Lakin 2023-cü ildə Bayden administrasiyası artıq Əfqanıstanda bizə ehtiyac olmadığı bir zamanda, amerikalılar oranı tərk edəndən sonra həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etdi. Bu da iki ölkə arasında münasibətlərə ciddi şəkildə mənfi təsir göstərdi. Əlbəttə ki, Azərbaycanın hazırda heç bir xarici dəstəyə, xarici yardıma ehtiyacı yoxdur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bizim iqtisadiyyatımız sabitdir, dövlətin xarici borcu ümumdaxili məhsulun 7 faizindən də aşağıdır. Bununla belə, artıq rəmzi bir xarakter daşıyan bu düzəlişin ləğv olunması, həm də bunun məhz Azərbaycan Prezidentinin iştirakı ilə baş tutması ABŞ Prezidenti tərəfindən ölkəmizə qarşı siyasi bir jest oldu. Yənu bu hadisənin siyasi-mənəvi əhəmiyyəti əlbəttə ki, daha böyükdür. - Necə bilirsiniz, biz 907-ci düzəlişin ləğvini həm də Amerikada, ABŞ Konqresində anti-Azərbaycan qüvvələrin fiaskosu kimi qiymətləndirə bilərikmi? - Əlbəttə. Bu, tamamilə doğru yanaşmadır. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, Prezident Trampın ədalətli şəkildə “saxta xəbər” adlandırdığı media orqanları, o cümlədən “Washington Post”, “New York Times”, “Newsweek” və digər media qurumları uzun illər boyunca müntəzəm olaraq Azərbaycan haqqında şayiələr yayır, ölkəmizə informasiya hücumları edir, təhqiramiz məqalələr dərc edir və Amerika ictimai rəyini yanlış istiqamətə yönəldirdilər. Bunu əsasən erməni lobbi nümayəndələri edirdi. Elə həmin qrup bu gün erməni maraqlarına qarşı çıxış edir. Çünki onların ideyaları, məsləhətləri, pulları və müxtəlif erməni hökumətlərinə təsiri Ermənistanın özündə dağıdıcı rol oynadı. Əgər onlar olmasaydı, Ermənistan bu gün daha inkişaf etmiş, müstəqil və möhkəm dövlət sisteminə malik bir ölkə olardı. Onlar isə sadəcə, vaxt itirdilər. Razılaşın ki, bir ölkənin inkişafında 30 il az müddət deyil. Azərbaycan haqqında yayılan bütün şayiələr və yalan məlumatlar, ölkəmizi tanıyanlar üçün tamamilə qərəzli görünür. Çünki Azərbaycan etnik və dini müxtəlifliyi ilə tanınan ölkələrdən biridir. Bütün dini abidələr dövlət tərəfindən qorunur. Azərbaycanda heç vaxt etnik və dini zəmində nə münaqişə, nə də anlaşılmazlıq olub. Əksinə, Azərbaycan bu gün dünyanın multikulturalizmin mərkəzlərindən biridir. Burada müxtəlif dini və etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar. Odur ki, cənab Prezident İlham Əliyevin Vaşiqtona səfərinin nəticələri Azərbaycanın demonizasiyası üçün çalışanlara tutarlı bir cavab oldu. - Eldar müəllim, yəqin mənimlə razılaşarsınız ki, bu səfərin ən önəmli nəticələrindən biri Azərbaycan ilə Ermənistan arasında imzalanacağı gözlənilən sülh sazişinin mətninin paraflanması oldu. Bu barədə nə deyə bilərsiz? Əgər bu gün Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqton Zirvə görüşü regionda sülh prosesi baxımdan mühüm mərhələ kimi qiymətləndirilirsə, bu ilk növbədə həm də sülh sazişinin paraflanması barədə qərarın qəbul edilməsi səbəbindəndir. Azərbaycan və Ermənistan hələ indiyədək sülhə bu qədər yaxın olmayıblar. Görüşdən sonra tərəflərin sülh sazişinin mətni üzərində razılığa gəlməsi, sənədin paraflanması və növbəti addımların müzakirəsi prosesin həlledici mərhələyə daxil olduğu anlamına gəlir. Məsələ bundadır ki, beynəlxalq hüquqa görə paraflanmış sənədə dəyişiklik etmək mümkün deyil. Onu ya tam şəkildə qəbul etmək, ya da ləğv etmək olar. Bu isə o deməkdir ki, həm Ermənistan, həm də Azərbaycan indiki mətndən razıdırlar və onu təsdiqləyirlər. Təbii ki, sülh sazişinin imzalanması üçün Ermənistan hələ daha bir addım atmalıdır. Bilirsiniz ki, Azərbaycanın irəli sürdüyü tələblərdən biri də məhz Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəaların götürülməsindən ibarətdir... - Sizcə Ermənistan buna gedəcəkmi ? - Mən Sizin bu sualınıza cənab Prezident İlham Əliyevin sözləri ilə cavab vermək istəyirəm. Dövlətimizin başçısı Ağ Evdə Azərbaycan media təmsilçilərinə verdiyi müsahibəsində bildirdi ki, Ermənistanın əsas qanunundan - Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması tam real görünür. Çünki Azərbaycanın bütün şərtləri tam məntiqli, əsaslı və qanunauyğundur. Müxtəlif mərhələlərdə Ermənistan cəmiyyətində və hakim dairələrində belə bir fərziyyə irəli sürülürdü ki, sanki Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaq istəyir və hətta danışıqlar zamanı dəfələrlə belə bir məsələ qaldırılmışdı. Lakin Azərbaycanın mövqeyi ondan ibarət idi ki, bu, belə qəbul edilməməlidir. Bu, ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş açıq-aşkar tələb olduğuna görə, birbaşa Azərbaycana aidiyyəti olan məsələdir və bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz. Yeri gəlmişkən, məhz Ermənistan konstitusiyasında olan Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, avqustun 8-də Ağ Evdə sülh sazişi imzalansın. Ermənistan Konstitusiyası dəyişdiriləndə Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Ermənistan tərəfi özü də təsdiq edir ki, belə dəyişikliklər edilməlidir. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Azərbaycanın isə mövqeyi demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və ölkəmizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Hər halda əminliklə demək olar ki, paraflanan sülh sazişi də artıq bölgəyə sülh gətirib. Bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün Cənubi Qafqaz üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. - Eldar müəllim, son olaraq mən Prezident Donald Tramp tərəfindən cənab Prezident İlham Əliyevə Ağ Evin rəmzi açarının təqdim olunması ilə bağlı fikirlərinizi eşitmək istərdim... - Çox maraqlı bir məqama toxundunuz. Ağ Evin rəmzi açarı Prezident Trampın ən nadir və simvolik hədiyyələrindən biri hesab edilir. Məhz buna görə də Ağ Evdə keçirilən tarixi görüş zamanı baş tutan bu jest, həmin açarın Azərbaycan Prezidentinə təqdim olunması Vaşinqton-Bakı münasibətlərində yeni mərhələ kimi qiymətləndirilir. Mən ABŞ və Azərbaycan Prezidentlərinin şəxsi münasibətlərinin formatına aydınlıq gətirən daha bir məqamı qeyd etmək istərdim. Məsələ bundadır ki, Prezident Tramp Ağ Evin rəmzi açarını cənab Prezident İlham Əliyevə təqdim etməkdən başqa, həm də dövlət başçımızı şəxsən özü Ağ Evdə gəzdirərək onu ABŞ prezidentlərinin iqamətgahı ilə tanış etmişdir. Əlbəttə ki, Ermənistanın Baş naziri bu iltifatlardan heç birinə layiq görülməyib. Bu da öz növbəsində həm Ermənistan ictimaiyyətində, həm də ABŞ-da fəaliyyət göstərən erməni diasporu dairələrində narazılıqlara səbəb olub. Əlbəttə ki, cənab Prezident İlham Əliyevə göstərilən bu diqqət dərin siyasi-diplomatik məna kəsb edir, etimad, strateji tərəfdaşlıq və şəxsi aspektdə yüksək hörmətin göstəricisi sayılır. Hesab edirəm ki, bu yanaşma sadəcə protokol jesti deyil, eyni zamanda həm də strateji mesajdır. - Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın. - Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun. Söhbətləşdi: Azər Məmmədov aia.az Geri dön |