Mobil versiya
"Əlavə pul ödəyən sərnişinlər nəzərə alsın..." - Bolt-dan rəsmi AÇIQLAMA
Tarix: 28-07-2026 | Saat: 15:08
Bölmə:Manşet / Özəl | çapa göndər

"Əlavə pul ödəyən sərnişinlər nəzərə alsın..."

Son günlər redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə taksi sifarişləri zamanı bəzi sürücülərin sərnişinlərdən müxtəlif əsassız tələblər irəli sürdüyü iddia olunur. Oxucuların sözlərinə görə, bu hallar xüsusilə onlayn taksi platformaları vasitəsilə sifariş verilən zaman daha çox müşahidə edilir.

Aia.az-a daxil olan müraciətlərdə bildirilir ki, bəzi sürücülər sifarişi qəbul etdikdən sonra sərnişinlə əlaqə saxlayaraq sifarişin onların tərəfindən ləğv edilməsini tələb edir. Bəzi hallarda isə tətbiqdə göstərilən gedişhaqqının kifayət etmədiyini əsas gətirərək sərnişindən əlavə 1-2 manat ödəniş etməsini istəyirlər. İddialara görə, sərnişin bu tələblə razılaşmadıqda sürücülər sifarişi özləri ləğv etməyərək vətəndaşı bunu etməyə məcbur edir və ya ünvana getməkdən imtina edirlər.

Şikayətçilər qeyd edirlər ki, bu cür hallarla tez-tez qarşılaşmaları həm vaxt itkisinə, həm də əlavə çətinliklərə səbəb olur. Xüsusilə tələsik olduqları vaxtlarda sifarişin ləğv edilməsi və ya əlavə ödəniş tələbi sərnişinləri çətin vəziyyətdə qoyur. Vətəndaşlar hesab edirlər ki, tətbiqdə əvvəlcədən göstərilən tarif sonradan dəyişdirilməməli, sərnişindən əlavə ödəniş tələb edilməməli və bu kimi hallara qarşı daha ciddi nəzarət mexanizmləri tətbiq olunmalıdır.

Məsələ ilə bağlı Aia.az tərəfindən Bolt şirkətinə sorğu ünvanlanıb.

Şirkətdən bildirilib ki, Bolt-un əsas məqsədi sərnişinlər və tərəfdaş sürücülər üçün rahat, təhlükəsiz və keyfiyyətli xidmət təmin etməkdir:

“Platforma üzərindən qəbul edilmiş sifarişlərin məsafəsindən və ya ödəniş üsulundan asılı olmayaraq yerinə yetirilməsi gözlənilir. Qeyd olunub ki, sürücünün sərnişindən əlavə ödəniş tələb etməsi, sifarişi ləğv etməsini xahiş etməsi, əsassız səbəbdən sifarişi ləğv etməsi, sərnişinə qarşı qeyri-peşəkar davranması, o cümlədən narahatlıq yaradan şəxsi suallar verməsi və ya hər hansı digər uyğunsuz davranış nümayiş etdirməsi platformanın qaydalarına ziddir və qəbuledilməz hesab olunur. Şirkət sərnişinlərə belə hallarla qarşılaşdıqları təqdirdə tətbiq vasitəsilə şikayət göndərməyi tövsiyə edib. Bildirilib ki, daxil olan hər bir müraciət araşdırılır və qaydaların pozulduğu təsdiqləndiyi hallarda müvafiq tədbirlər görülür”.

Bolt-un açıqlamasına əsasən, dəstək xidməti daxil olan bütün müraciətləri araşdırır:

“Şikayət təsdiqləndiyi təqdirdə sürücü ilə əlaqə saxlanılır, bu hallar onun reytinqinə təsir göstərir və qayda pozuntuları təkrarlanarsa, hesabın deaktiv edilməsinə qədər tədbirlər görülə bilər. Tərəfdaş sürücülərlə mütəmadi kommunikasiya aparılır, onlara platforma qaydaları, müştəri məmnuniyyətinin əhəmiyyəti və peşəkar xidmət standartları barədə mütəmadi məlumat verilir. Məqsəd həm sərnişinlərin rahatlığını və təhlükəsizliyini, həm də platformada göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə saxlamaqdır”.

Aysel Timur
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-07-2026