Mobil versiya
Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü təntənəli şəkildə qeyd edilmişdir
Tarix: 18-08-2026 | Saat: 20:54
Bölmə:Manşet | çapa göndər

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü təntənəli şəkildə qeyd edilmişdir


Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir.

aia.az xəbər verir ki, silsilə tədbirlər çərçivəsində “Elite Events Hall”da Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

Çıxışlarda Ulu Öndərin əsasını qoyduğu siyasi-strateji kursun bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, həyata keçirilən ardıcıl və genişmiqyaslı islahatlar nəticəsində ölkəmizin sərhəd mühafizə sisteminin müasir tələblərə cavab verən yüksək səviyyəyə çatdırıldığı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən vurğulanmışdır.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edərək Azərbaycan sərhədçilərinin dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması işini şərəflə yerinə yetirdiklərini böyük qürur hissi ilə qeyd etmişdir.

Bildirilmişdir ki, sərhədçilərimiz Vətən müharibəsində döyüş meydanında nümayiş etdirdikləri igidlik və yüksək peşəkarlıqla şanlı Zəfərimizin qazanılmasına mühüm töhfə vermiş, Azərbaycan sərhəd mühafizəsinin tarixində yeni qəhrəmanlıq salnaməsi yazmışlar. Azərbaycan sərhədçisinin Vətənimizin quru və dəniz sərhədlərinin etibarlı mühafizəsini təmin etməklə yanaşı, dövlət sərhədində yarana biləcək istənilən təhdidə çevik və qətiyyətli cavab verməyə, dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısı kimi qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirməyə qadir olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları şəxsi heyətə elan edilmiş, zabitlərə ali hərbi rütbələr təqdim olunmuş, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltif edilmişdir.

Sərhədçilərin xidmətinin daim yüksək qiymətləndirilməsinə, şəxsi heyətə göstərilən ali diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə olunmuşdur.

Tədbirin bədii hissəsində Azərbaycan sərhədçisinin keçdiyi şərəfli xidmət yolunu, Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı, dövlət sərhədlərinin etibarlı mühafizəsi istiqamətində görülən işləri və müasir sərhəd mühafizə sisteminin imkanlarını əks etdirən film nümayiş olunmuş, vətənpərvərlik ruhunda musiqilər ifa edilmişdir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-08-2026