Mobil versiya
Əli Hüseynli: “Eldar Mahmudov kimi riyakarın...”
Tarix: 30-10-2015 | Saat: 14:30
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Əli Hüseynli: “Eldar Mahmudov kimi riyakarın...”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Qafqazinfo”ya müsahibə verib

Aia.az həmin müsahibəni oxucularına təqdim edir:

- Əli müəllim, artıq bu gün seçki təbliğatının sonuncu günüdür və beynəlxalq müşahidəçilər Azərbaycana gəlməkdədirlər Seçki gününə qədər olan bu dövrü necə dəyərləndirirsiniz?

- Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, əmin-amanlıq seçki öncəsi mühitə də öz müsbət təsirini göstərməkdədir. Təssüf ki, son illər seçkilər zamanı qonşu ölkələrdə baş tutmuş, Azərbaycanda isə cəhd edilmiş “məxməri inqilablar” sağlam siyasi rəqabətə ciddi kölgə salmışdır. Bəzən insanlara elə gəlirdi ki, seçki prosesi zamanı mütləq qarşıdurmalar olmalıdır. Amma, xalqımızın yüksək siyasi mədəniyyəti və dövlətçilik təfəkkürü indiki parlament seçkiləri ərəfəsində də özünü göstərməkdədir. Seçki prosesi dövlətin siyasi həyatının vacib, amma bir elementidir və bu sivil şəkildə həyata keçirilməlidir.

- Əvvəllər də parlamentdə seçkinin nəticələrinə uyğun olaraq YAP üzvləri çoxluq təşkil edirdi. Hakim partiyanın üzvü kimi bu seçki ilə bağlı proqnozlarınız necədir?

- Ölkə prezidenti cənab İlham Əliyev həmçinin Yeni Azərbaycan Partiyasının sədridir. Cənab prezident isə xalq arasında çox yüksək nüfuza malikdir. Bu baxımdan bütün respublika üzrə seçicilər əsas etibarilə hakim partiya üzvlərinə, bəzi yerlərdə isə Prezidentin siyasətini dəstəkləyən bitərəf namizədləri dəstəkləyirlər. Bunu mətbuatda işıqlandırılan seçki təbliğatı prosesində də müşahidə etmək mümkündür.

- Amma bir sıra ekspertlər bunu hakim partiyanın və bitərəflərin güclü müxalif rəqiblərinin olmaması ilə əlaqələndirirlər. AXCP əvvəlcədən seçkiyə qatılmadı, Müsavat partiyası isə bu günlərdə seçki prosesini tərk etdi.

- Bu partiyaların 90-cı illərin əvvəllərində yarıtmaz, bəzən isə xəyanətkar fəaliyyəti bütün Azərbaycan xalqına məlumdur. Yeni formalaşan nəsil də onları yaxşı tanımağa başlayıb. Onlar hansı güclü rəqabəti təşkil edə bilərdilər ? Misal üçün, bitərəf namizəd Ülvi Quliyevin nəinki özü, hətta idmançı tələbələri belə onun dairəsində rəqib olmuş İsa Qəmbərovdan daha nüfuzludurlar. Əslində, AXCP daha öncə, Müsavat partiyası isə bir az gecikmiş də olsa anladılar ki, seçkilərdə onların heç bir şansı yoxdur. Onların bir neçə gün əvvəl keçirdikləri iki yüz adamdan ibarət mitinqi isə müxalifətin nəinki bu seçkidə, bütövlükdə iflasa uğradığını bir daha sübut etdi.

Həmçinin qeyd etməliyəm ki, Azərbaycan vətəndaşları Yaxın Şərqdə bölgəmizdə baş verən hadisələr fonunda cənab Prezidentin necə müdrik xarici siyasət yürütdüyünə bir daha əmin olublar. İqtisadi böhrana baxmayaraq, ölkəmizdə ümumən iqtisadi inkişaf tempinin qorunub saxlanması isə daxili proseslərə müsbət təsir göstərir. Eyni zamanda, cənab prezident tərəfindən son dövrlər həyata keçirilən keyfiyyətcə yeni idarəetmə islahatları və kadr dəyişiklikləri, xüsusən də Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin dəyişdirilməsi, korrupsiyaya qarşı mübarizə ilə bağlı yeni addımlar, verilmiş fərmanlar və sərəncamlar əhali arasında daha da böyük ruh yüksəkliyi yaratmışdır.

Çünki hazırda korrupsiya və qanunsuz halların qarşısının alınmasında Prezidentin ən yaxın yardımçıları məhz insanlar özləri, ölkə ictimaiyyəti, və obyektiv araşdırıcı mətbuatdır.

- Dövlətin və insanların təhlükəsizliyini qorumalı olan orqanda artıq geniş ictimaiyyətə də məlum olan belə halların aşkarlanması insanları həm də narahat edir.

- Əlbəttə cinayətkarlığa qarşı mübarizədə güc strukturlarının, hüquq-mühafizə orqanlarının hər zaman rolu olmuşdur və bu cəmiyyət tərəfindən dəyərləndirilir. Amma, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov kimi riyakar şəxsin fəaliyyəti ilə ölkəmizdəki ictimai-siyasi sabitliyin və təhlükəsizliyin heç bir əlaqəsi olmayıb. Azərbaycan dövlətçiliyinin, ölkəmizdəki sabitliyin, təhlükəsizliyin və inkişafın qarantı ölkə prezidentidir və onunla xalq arasında mövcud olan birlikdir. Məhz bu səbəbə görə nə xaricdən hər hansı bir qüvvələr, nə də ki ölkə daxilində baş verən bir sıra bu cür neqativ hadisələr ümumi müsbət ab-havaya təsir edir. Əksinə, zaman-zaman dövlətçiliyimizin inkişafı yolunda rast gəlinən bu cür maneələr aradan qalxdıqca xalqımızın ölkə prezidenti İlham Əliyevə və onun siyasətinə olan inamı daha da artmaqdadır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024