Ana Sayfa > Özəl > Azərbaycanın siyasətinə heç bir xarici qüvvə təsir edə bilməz

Azərbaycanın siyasətinə heç bir xarici qüvvə təsir edə bilməz


Bu gün, 11:56. Yazar: sevinc1
Azərbaycanın siyasətinə heç bir xarici qüvvə təsir edə bilməz

Yanvar ayının 7-də Ölkə Prezidenti cənab İlham Əliyev yerli telekanallara müsahibə verdi. İlk növbədə dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, 2024-cü ildə də Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və müşahidə edilən inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Qeyd olundu ki, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. O cümlədən nəzərə alsaq ki, artıq uzun illər Azərbaycanın iqtisadi inkişafla bağlı əsas hədəflərindən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Bu göstəricilər əlbəttə ki, sadəcə keçən ilin məhsulu deyil. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik müşahidə olunur. Bütün bunlar onu deməyə əsas verir ki, ölkımiz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilib və dövlətimizin başçısı öz əminliyini bildirdi ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq.

Sözsüz ki, cənab Prezident İlham Əliyevin Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın tələb kimi irəli sürdüyü şərtlər barədə səsləndirdiyi fikirlər çox böyük önəm kəsb edir. Eyni zamanda da dövlət başçımızın açıqlamalarında dünyada anti-Azərbaycan mövqeylərindən çıxışları ilə tanınan bəzi ölkə rəhbərlərinə ünvanlanmış kifayət qədər sərt ismarıclar da yer almışdır. Cənab Prezident birmənalı olaraq bildirdi ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz qəbul edilməlidir. Yox, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, o zaman bu, bizə heç lazım deyil. Azərbaycan sülh müqaviləsi imzalanmadan da yaşaya və öz siyasətini apara bilər. Bu gün Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bu günlərdə Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da Kanadanın baş naziri vəzifəsindən getməli oldu. Məlumdur ki, Kanada İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyinə görə heç Fransadan çox da geri qalmırdı. Həmçinin Fransada baş verənlər barədə fikirlərini səsləndirən cənab Prezident bir daha xatırlatdı ki, bu günlərdə Fransa prezidenti növbəti dəfə Azərbaycana qarşı cəfəng ittihamlar irəli sürmüşdür. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim istədiyimiz yalnız budur ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun və heç bir xarici qüvvə bizə mane olmasın. Ən əsası da həmin qüvvələr Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməyə çalışmasınlar. Bu fikirlərini səsləndirməklə, cənab Prezident İlham Əliyev heç bir xarici qüvvənin Azərbaycanın siyasətinə təsir etmək iqtidarında olmadığı barədə dünyaya növbəti ismarıcını göndərdi.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir təşkilatının sədri.


Geri dön