Ana Sayfa > Özəl > Azərbaycanın uğurları yeni dünya nizamının formalaşmasına əhəmiyyətli töhfə olacaq
Azərbaycanın uğurları yeni dünya nizamının formalaşmasına əhəmiyyətli töhfə olacaqBu gün, 10:59. Yazar: sevinc1 |
Hər yeni il yeni hədəflərin və onların icra mexanizmlərinin müəyyənləşdirilməsi ilə xarakterizə edilir. Tarixi Zəfərimizdən sonrakı dövrün mühüm reallıqlarından biri də hər ilin ilk ayında dövlətimizin başçısı İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinin ənənəvi xarakter almasıdır. Ötən müsahibələrdə olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə də ilk diqqət yönəldilən məsələ hər bir ölkənin inkişafında vacib amil olan iqtisadi tərəqqi oldu. 2025-ci ilin dövlət büdcəsinin fonunda Azərbaycanın iqtisadi və maliyyə imkanlarının aydın mənzərəsi təqdim olundu. Belə ki, büdcə parametrlərinin hər bir ölkənin iqtisadi potensialını əks etdirdiyini önə çəkən Prezident İlham Əliyev bildirdi ki, bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Azərbaycan yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət sayəsində bu nəticələrə nail olub. Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, müstəqil siyasət apara bilərsən. Ölkəmizdə aparılan iqtisadi islahatlar, şəffaflıq, xarici sərmayələrin cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişikliyin şahidi oluruq. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Azərbaycanın həm iqtisadi inkişafının, həm də beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 sözügedən müsahibədə əsas diqqət göstərilən məsələlər sırasında oldu. Reallıq budur ki, COP29 böyük bir çağırış idi. “Yaşıl dünya naminə həmrəy olaq!” çağırışını edən Azərbaycan dünyanı Bakıya toplamaqla növbəti uğur hekayəsini yazdı. Azərbaycan hər zaman çoxtərəfliliyin tərəfdarı kimi tanınır. Yeni əməkdaşlıq formatlarının yaradılması, ölkələr arasında əməkdaşlıq körpülərinin qurulması Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində onu da vurğuladı ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət ölkəmizə körpülər qurmaqda yardımçı olacaq. Bu reallıq da diqqətə çatdırıldı ki, COP-a ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin Azərbaycan bunun da öhdəsindən gələ bildi. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. “Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu” söyləyən Prezident İlham Əliyev səksən dövlət və hökumət başçısının Bakıya səfərini Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinin nümayişi kimi qeyd etdi. Bu tədbir Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. İlham Əliyev müsahibəsində Ermənistanın silahlandırılmasından da bəhs edib. Ermənistanda gedən silahlanma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Azərbaycan sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilməz. Bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, Azərbaycan bu imkanları verməyəcək. Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Müqayisə üçün qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərclənəcək. Ermənistanın silahlanma yarışı maliyyə resurslarımızı hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ermənistan silahlanma yarışında ölkəmizlə rəqabət apara bilməz. Prezident İlham Əliyev hazırkı dövrün reallıqları fonunda Azərbaycanın regionda və dünya siyasətində yerini və rolunu, ümumi mənzərəsini təqdim edərək bildirib ki, ölkəmiz Cənubi Qafqazda söz sahibidir. Azərbaycan regionda aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Ölkəmiz yeni dünya nizamının formalaşması prosesinin fəal iştirakçısı olmalıdır. Yeni nizamı ədalətli nizam kimi görürük. Suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək, bütün bunlar xarici siyasət xəttimizdir. Azərbaycan öz siyasəti ilə Cənubi Qafqazda yeni nəqliyyat və energetika xəritəsini yaradıb. Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir. Ölkəmiz yeni dünya nizamına öz töhfəsini əməlləri ilə verir. Yaxın və orta keçmişə nəzər salsaq görərik ki, dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil. Nərgiz Hüseynova YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri Laçın rayon 12 nömrəli məktəbin direktoru Geri dön |