Ana Sayfa > Manşet > Maşallah Əhmədov məhkəmə zalında həbs edildi - 8 il həbs

Maşallah Əhmədov məhkəmə zalında həbs edildi - 8 il həbs


30-01-2017, 15:00. Yazar: Sevinc
Maşallah Əhmədov məhkəmə zalında həbs edildi - 8 il həbs








Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə M.Əhmədov son sözlə çıxış edib. O deyib ki, zərərçəkən Yusif Əzizovla İrandan aqlay daş gətirib satmaq üçün razılaşıblar, amma işləri istədikləri kimi alınmayıb:

“O daşların qarşılığında torpağımı vermişəm, evimi vermişəm. Amma qəbul etmir. Onu kimlərsə öyrədib. Yusif nə istəyir, bilmirəm. 20 min kompensasiya da vermişəm. 57 yaşımda ilk dəfədi başıma belə iş gəlir. Şantaj edirlər məni. Yusif Məni tutdurmaq istəyir?”

Y.Əzizov M.Əhmədovun təklif etdiyi 30 min manat nağd pul və 70 min manatlıq evdən imtina edib və barışmadığını bildirib.

M.Əhmədov məhkəmədən ədalətli qərar çıxarmasını istəyib və prosesdə iştirak edən oğluna müraciət edib: “Oğlum, narahat olma. Allah da bilir ki, bu şər-böhtandır”.

Məhkəmə kollegiyası hökmü oxumaq üçün müşavirəyə çıxıb.

Qeyd edək ki, ittihama görə, M.Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəməyib.

Xatırladaq ki, dövlət ittihamçısı M.Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. M.Əhmədov ibtidai istintaq dövründə və məhkəmə prosesi zamanı zamində olub.

***

Müşavirədən qayıdan hakimlər hökmü elan ediblər. Məhkəmə kollegiyasının hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib və o məhkəmə zalında həbs edilib.
Geri dön