Ana Sayfa > Manşet / Siyasət > "Fransanın ədəb kriteriyalarına sığmayan davranışları Aİ-yə olan etimadı sarsıdıb"
"Fransanın ədəb kriteriyalarına sığmayan davranışları Aİ-yə olan etimadı sarsıdıb"Dünən, 15:50. Yazar: sevinc1 |
"Avropa İttifaqının bəzi təmsilçilərinin və bir sıra üzv ölkələrin, o cümlədən Fransanın hüquq və ədəb kriteriyalarına sığmayan davranışları, Brüsselin öz öhdəliklərini yerinə yetirməməsi də qeyri-sabit, bəzi hallarda riyakar siyasət yürütməsi bu təsisatla Azərbaycan arasındakı münasibətlərə zərbə vurub və cəmiyyətimizdə Aİ-yə olan etimadı ciddi şəkildə sarsıdıb. Avropa İttifaqının, təkcə qondarma müşahidə missiyasının Ermənistan ərazisindəki davranışları, missiyanın Praqa razılaşmasına zidd olaraq Ermənistan-Azərbaycan sərhədindəki mövcudluq müddətinin uzadılması və missiyanın tərkibinə Aİ üzvü olmayan ölkənin daxil edilməsi sözügedən qurumun bölgəyə sülh deyil, münaqişəyaratma missiyası göndərdiyini sübuta yetirir." Bu sözləri Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına müsahibəsini şərh edən Milli Məclisin deputatı Azər Kərimli deyib. Millət vəkili Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının, ölkəmiz üçün heç də asan başa gəlmədiyini, rəsmi Bakının enerji dəhlizlərinin diversifikasiyası istiqamətində, total maneələrə baxmayaraq, həyata keçirdiyi siyasətin Aİ-nin enerji təhlükəsizliyinə önəmli töhfə verdiyini xatırladıb: “Bütün hallarda, qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün bütün imkanlar əldən verilməyib və hər şey, yeni komissiyanın, daha öncə buraxılan ciddi səhvlərdən necə nəticə çıxaracağından və hansı zəruri addımları atacağından asılıdır. Müstəqil hüququn subyektləri arasında milli maraqlar zəminində əməkdaşlıq qarşılıqlı olmalıdır. Bunun alternativi yoxdur. Yalnız vassal, sattellit, forpost statusunu qəbul edənlər, qarşı tərəfin maraqlarına xidmət edən davranışlar sərgiləyə bilərlər. Müstəqil siyasət, milli maraqların güzəştsiz qorunması Azərbaycan dövlətinin suverenliyinin təməl sütunudur. Azərbaycanın milli maraqlarının, suverenliyinin sərhədləri dövlətimizin sərhədləri qədər müqəddəs və toxunulmazdır. Yaxşı olardı ki, Ermənistan ərazisindən Azərbaycan sərhəddinə, artıq binoklla baxmağa da cəsarət etməyənlər, gizlətdikləri binokllarla Azərbaycanın milli maraqlarının sərhədlərinə diqqətlə baxsınlar və reallıqları daha aydın görsünlər”. Azər Kərimli Ermənistanın silahlandırılması və bəzi Avropa təsisatlarının rüsvayçı davranışları ilə bağlı Prezident İlham Əliyevin müsahibəsində yer alan məqamlara da diqqət çəkib. Millət vəkili qeyd edib ki, ötən zaman kəsiyində Azərbaycana qarşı sərgilənən ədalətsiz mövqe Avropa İttifaqını, tamamilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən kənarda qoyub: “Bu günədək həyata keçirilən siyasətin, Aİ-nin təhrikçi təsisatlarının, o cümlədən Avropa Parlamentinin qondarma qətnamələrinin nəticəsi ortalıqdadır. Nə əldə edə bildilər? Heç nə! Əksinə mövcud olanları da yerlə bir etdilər. Əgər, cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistanın silahlandırılması və qondarma “Sülh fondu”nun Cənubi Qafqaz istiqamətində təxribat ssenarilərinin davamı olacaqsa, şübhəsiz ki, buna qarşı adekvat addımlar atılacaq. Çünki Azərbaycan uzun illər boyu bütün potensialını səfərbər edərək bərpa etdiyi suverenliyini həm bir ölkənin, yaxud qurumun təxribat ssenarilərinin girovuna çevirmək niyyətində deyil. Dövlətimizin başçısı, bu gün ölkəmizə qarşı yürüdülən şər-böhtan kampaniyalarının mahiyyətinin, öz müsahibəsində bir neçə cümlə ilə dəqiq izahını verdi və qeyd etdi ki, “onlar bizi asılı vəziyyətdə saxlamaq, buraya gəlmək, bizə mühazirə oxumaq, prosesdə iştirak etmək, gedib-gəlmək, monitorinq aparmaq istəyirdilər”. Azərbaycanın qələbəsi, liderimizin qətiyyəti onları bütün bunlardan məhrum edib və həm də bizə “mühazirə” oxumaq istəyənlərin iç üzünü açaraq, bütün dünyaya nümayiş etdirib. Yeganə seçim və çıxış yolu, ölkəmizə, onun layiq olduğu dəyərin verilməsi və hörmətlə yanaşılmasıdır. Prezident İlham Əliyevin dediyi kimi, yaxşılığa yaxşılıqla, pisliyə isə adekvat cavab veriləcək. Biz azərbaycanlıların fərqi bizə edilən bir yaxşılığın qarşılığını bir neçə dəfə artıq verməyənə qədər rahatlıq tapmamağımızdadır. Şübhəsiz ki, pisliyi də eyni qaydada qiymətləndiririk”. Geri dön |