Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-2 > Kamaləddin Qafarov: “Ölkəmizin gələcəyi daha da möhtəşəm olacaq”
Kamaləddin Qafarov: “Ölkəmizin gələcəyi daha da möhtəşəm olacaq”Dünən, 10:28. Yazar: sevinc1 |
“Ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətindən bəhs olunarkən əlbəttə ki, Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə olunmuş parlaq tarixi Qələbə və bu qələbədən doğan möhtəşəm nəticələr xüsusi qeyd olunmalıdır. Dövlət başçımızın gələcəyə xidmət edən strategiyası sayəsində bu gün təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır”. Bu sözləri ölkə mətbuatına verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputatın fikrincə, münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. “Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Əlbəttə ki, parlaq qələbələrimizdən daha biri kimi keçən ilin sentyabr ayında keçirilmiş bir günlük antiterror əməliyyatının nəticələri göstərilməlidir. Bu tədbir nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş oldu. 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldıran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətlə etdiyi çıxışında bu sözləri dedi: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq”. Bu gün artıq bütün dünya Azərbaycan Prezidentinin hər bir vədinə mütləq əməl edən qətiyyətli bir siyasi lider olduğunu bilir.” Bu gün Azərbaycanın bütün dünyada islahatlar ölkəsi olaraq qəbul edildiyini vurğulayan K.Qafarov ölkəmizin qlobal miqyasda tanınan nailiyyətlərindən bəhs edib: “Diqqətəlayiq faktlardan biri kimi qeyd edə bilərik ki, Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkəsi elan olunması və 190 dövlət arasında 25-ci yeri tutması da ölkəmizin dünya birliyinə uğurlu inteqrasiyasının göstəricilərindən biridir. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Xüsusi nailiyyətlərdən biri də əlbəttə ki, Azərbaycanın artıq “kosmik ailənin” üzvü olmasıdır. Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb.” K.Qafarov Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində ölkəmizin qısa zamanda dünyada tolerantlıq məkanı olaraq tanındığını və bu günlərdə Bakıda öz işini başa çatdırmış BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) da bunun daha bir möhtəşəm təsdiqi olduğunu diqqətə çatdırıb: “Azərbaycanın sədrliyi ilə keçən və bu günlərdə öz işini başa çatdırmış COP29 möhtəşəm nəticələri ilə bütün dünyanı heyrətləndirdi. Təsadüfi deyil ki, Ölkə Prezidenti İlham Əliyev bu tədbirin ən yüksək səviyyədə keçirildiyini vurğulayaraq Bakı COP tədbirinin ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcəyini xüsusi qeyd edib. Dövlət başçımızın təşəbbüsü və səyləri ilə bütün proses boyunca Azərbaycan, ilk növbədə, inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırışlar etdi. Nəticə olaraq bütün dünya tarixi Bakı nailiyyətinə şahid oldu. COP29-a ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi bizim ölkəyə beynəlxalq aləmdə göstərilən böyük hörmətin əlamətidir və ölkəmizin fəal rolunun yüksək qiymətləndirilməsi deməkdir. Bütün bu uğurların əsasında isə cənab Prezident İlham Əliyevin beynəlxalq aləmdə sahib olduğu yüksək şəxsi nüfuzu, dövlət başçımızın məqsədyönlü fəaliyyəti və həyata keçirdiyi praqmatik müstəqil siyasət kursu durur”. Geri dön |