Ana Sayfa > Siyasət / Seçilənlər-9 / Özəl / Gündəm > İlham Əliyev Azərbaycan xalqının inandığı və inandığı qədər də sevdiyi müdrik rəhbər, böyük strateq və qalib sərkərdədir

İlham Əliyev Azərbaycan xalqının inandığı və inandığı qədər də sevdiyi müdrik rəhbər, böyük strateq və qalib sərkərdədir


Dünən, 09:20. Yazar: sevinc1
Əziz Ələkbərli,
Qərbi Azərbycan İcması
İdarə Heyətinin sədri,
Milli Məclisin deputatı


İlham Əliyev Azərbaycan xalqının inandığı və inandığı qədər də sevdiyi müdrik rəhbər, böyük strateq və qalib sərkərdədir

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə söylədiyi müdrik bir fikir var: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Elə bu fikirdən başlayaraq cənab Prezident İlham Əliyevin siyasi lider obrazının mahiyyətinə varmağa çalışaq.
Müasir dünyamızda insanları ən çox düşündürən suallardan biri də XXI əsrin siyasi liderinin hansı keyfiyyətlərə malik olması ilə bağlıdır.
İlham Əliyev klassik MDB liderlərindən deyil, Qərb nomenklatura daşıyıcısı olmayan, həm də heç bir halda diktə qəbul etməyən, bütün qlobal oyunçularla maraqla və sərbəst oynaya bilən yeni siyasi lider kimi siaysət səhnəsində özünəmxsus obrazı olan liderdir.

İlham Əliyevin liderliyinin miqyasının sərhədlərini də müəyyənləşdirmək qeyri-mümkündür. İlham Əliyev dünyadakı çox nadir liderlərdəndir ki, onun siyasi portreti çərçivəsinə mənəvi, siyasi, hərbi lider obrazlarını yerləşdirmək mümkündür. Bu, ondan xəbər verir ki, İlham Əliyevin hərtərəfli potensialı ona həyat fəaliyyətinin bütün sahələrində məsuliyyəti öz üzərinə götürmək imkanı verir. O, bütövlükdə dövlətin məsuliyyətini daşıyır və qlobal məsələlərlə bağlı ciddi təsir imkanlarının mövcudluğunu ortaya qoyur. Müasir dünya dövlətlərinin böyük əksəriyyətinin təcrübəsi göstərir ki, ölkə rəhbəri olmaq hələ lider olmaq demək deyildir. Çünki bir çox hallarda dövlət başçısı öz ölkəsinin məsuliyyətini ya ümumiyyətlə daşıya bilmir, ya da qismən daşıya bilir. Belə siyasi subyektlərin qlobal proseslərə təsir imkanlarından isə, ümumiyyətlə, danışmaq mümkün deyil.

Cənab İlham Əliyev əvvəlcə iqtisadi sabitlik və inkişaf təminatı yaratdı. Azərbaycanın milli sərvəti olan neft kapitalını insan kapitalına çevirməyə başladı. Torpaqların azad edilməsi üçün lazım olan infrastrukturu addım-addım qurdu. O, Azərbaycanın peykini orbitə buraxdı, “nə ehtiyac var, harada lazım olacaq, niyə bu qədər pul xərclənir” deyib, tənqid elədilər. Ölkənin bütün bölgələrində aeroportlar qurdu, mobil, təchizatlı xəstəxanalar yaratdı. Və bir gün müharibə başlayanda biz bütün bunların nəyə lazım olduğunu anladıq. Məcburi köçkün olan yüz minlərlə vətəndaşı çadırlardan işıqlı evlərə daşıdı, amma hər dəfə onların özünə də “Qarabağa qayıdacağıq” dedi. Azərbaycanı beynəlxalq maraqları təmin edən transmilli layihələrə qoşdu. Sabitliyin qarantı olmaqla böyük layihələri, beynəlxalq brendləri ölkəyə gətirdi. Özünün uzaqgörən siyasəti ilə sabitliyin və inkişafın olmasını təkcə Azərbaycan xalqının deyil, həm də regionun və qlobal güclərin marağına çevirdi. Burda böyük layihələri olan transmilli korporasiyalar, beynəlxalq tədbirlər keçirən brendlər ölkəni, eyni zamanda burdakı multikultural dəyərləri, həm də Qarabağ problemini tanıdı.
Təsadüfi deyildir ki, bu gün Avropanın enerji təhlükəsizliyi problemindən bəhs edilərkən ilk yada düşən məhz Azərbaycan Respublikası olur. Regionda həyata keçirilən nəhəng enerji layihələrinin əsas iştirakçısı olmaqla Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin əvəzolunmaz subyektinə çevrilib. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb.
Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.
Bu illər ərzində beynəlxalq təsisatlarla səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin beynəlxalq imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Bu sıraya həmçinin Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və bu kimi digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri daxildir.
Bu prosesdə liderin həlledici rolu danılmazdır. Belə ki, bütün beynəlxalq əməkdaşlıq sahələrində Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması İlham Əliyevin qətiyyəti, çevik davranışları, müdrik siyasi manevr etmə qabiliyyəti sayəsində mümkün olmuşdur. Son dövrlərdə Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərə nəinki uğurlu ev sahibliyi etmişdir, həmçinin belə tədbirlərin ən yüksək səviyyədə və təhlükəsizlik şəraitində həyata keçirilməsinin yeni standartlarını yaratmışdır.

Məlumdur ki, iqlim dəyişikliyi hamımızın üzləşdiyi əsas qlobal problemdir. Qafqaz və Mərkəzi Asiya ölkələri də iqlim dəyişikliyindən əziyyət çəkib və əziyyət çəkməkdə davam edir. Bu il Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi etdi. Belə bir möhtəşəm tədbirin məhz Azərbaycanda keçirilməsi cənab İlham Əliyevin ən böyük uğurlarından biridir. Cəmiyyət bir daha əmin oldu ki, dünya liderləri cənab Prezidentin praqmatik siyasətini qəbul edir, ölkəmizin beynəlxalq tədbirlər keçirilməsi sahəsində təcrübəsini yüksək qiymətləndirir.
İlham Əliyev olduqca praqmatik və realist siyasi liderdir. O, həyata keçirdiyi siyasətin nəticələrini əvvəlcədən hesablayır, aydın konturlarını cızır. Azərbaycan dövləti proqramlarla idarə olunan, proqnozlaşdırıla bilən bir siyasət yürüdür. İlham Əliyev hansı hədəfləri müəyyən edirsə, hansı vədləri verirsə, proqramlaşdırıb həyata keçirir. Formalizm, populizm, qeyri-real vədlər, cari, situativ hədəflər naminə dövlətin enerjisinin sərf edilməsi, gündəlik siyasi tələblər haqqında düşünmək İlham Əliyev idarəçiliyinə yad bir xüsusiyyətdir.
Cənab Prezidentin: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”, - fikri bütün zamanlarda özünü doğruldan, dəqiq və düşünülmüş proqrama malik liderə məxsus fikirdir.

Məhz bu xüsusiyyətlər ilə İlham Əliyev planetimizdə və ölkədə milli-mənəvi bütövlük, ictimai-siyasi sabitlik yaratmaq üçün mədəniyyət və din faktorundan bacarıqla istifadə etməyin modelini yaratmışdır. Bu xüsusiyyətlər sayəsində xalqı öz ətrfafında birləşdirən, onu mübarizələrə səsləyərək 30 illik işğala son qoyan, 200 il ərzində itirilmiş torpaqların qaytarılması yolunun əsasını qoyan Ali Baş Komandan obrazı da belə yaranmışdır.
Cənab İlham Əliyev 21 il ərzində güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail olmuş, bu üç gücün vəhdəti sayəsində Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurmuş, bölgədə yeni reallıqlar yaratmış, ata vəsiyyətini yerinə yetirmiş, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxaraq güclü Azərbaycan yaratmış, düşməni onunla hesablaşmağa vadar etməklə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırmış, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrilmişdir.
Hər il dekabrın 24-də doğum gününü məcburi köçkün ailələri, ictimaiyyət nümayəndələri ilə birlikdə, həm də paytaxt Bakıda deyil, bölgələrdə - zəhmətkeş insanlar arasında qeyd edən Müzəffər Ali Baş Komandan, qalib sərkərdə, böyük strateq və nəhayət, Azərbaycan xalqının inandığı və inandığı qədər də sevdiyi cənab İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edir, ilk növbədə cansağlığı, yenilməz iradə və millət naminə mübarizədə uğurlar arzu edirik.
Geri dön