Ana Sayfa > Siyasət > Milli maraqlardan irəli gələn müstəqil siyasət
Milli maraqlardan irəli gələn müstəqil siyasətDünən, 16:25. Yazar: sevinc1 |
Ulu Öndər Heydər Əliyev bu sözləri siyasi varisi cənab Prezident İlham Əliyev haqqında deyib. Artıq 21 ildir biz bir xalq olaraq bu fikirlərin gerçəkliyi ilə yaşayırıq. O, öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış xoşbəxt liderdir. Böyük qürur və fəxr hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev ata vəsiyyətini yerinə yetirən xoşbəxt dövlət rəhbəridir. Xalq bir də ona görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 21 il ərzində ölkəmizi ən uca zirvələrə yüksəldib. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 21 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı. Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi. Bu inkişaf kursu sistemli və davamlı xarakter kəsb edir. Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilmişdir. Azərbaycan xalqı bu dəfə də doğru və müdrik seçim etmişdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Nəticədə daxili siyasətin davamı və tamamlanmsı olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir. Prezident İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanıb və bir çox halda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər. Belə unikal və uzağagedən siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmamaq Hərəkatına üzv oldu. Bu xəbəri eşidən kimi radikal siyasi ünsürlər hay-həşir qaldırdılar ki, mövcud iqtidar Azərbaycanı Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdırır. Mətləb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi olan İlham Əliyev Azərbaycanın dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-ya üzv olmasını əsas siyasi hədəf kimi müəyyən etmişdi. Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi. Bu halda tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci yerdə dayanan Qoşulmamaq Hərəkatına (QH) (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-ya keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. İti zəkası və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 21 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı siyasi gedişləri heyranlıq doğurur. Bildiyimiz kimi enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək 2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqəlardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə analoji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP kəməri üzrə işlər 2020-ci ilin 15 noyabr tarixində tamamlandı. Azərbaycan qazının birbaşa olaraq Avropa bazarına çıxışı tam təmin olundu. Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu. 8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik. Bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar. Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri “Miatsum” ideologiyası-İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. Eyni məkanda “Ermənistan-diaspora-artsax” ideoloji triadası da yer almışdır. Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaradıldı. Xüsusi olaraq onu da qeyd edək ki, Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 44 günlük Vətən müharibəsinin çətin və şərəfli günlərində torpaq uğrunda canını fəda etmiş şəhidlərlə bağlı rəsmi “İnstaqram” səhifəsində çoxsaylı paylaşımlar edərək, onların şücaətini əsl qəhrəmanlıq, rəşadət və qorxmazlıq nümunəsi kimi qiymətləndirmişdir. “Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq”, - deyən ölkəmizin birinci xanımı Mehriban Əliyeva şəhidlərimizin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını vurğulamışdır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası Moskvada və Soçidə olduğu kimi, Brüsseldə də postmüharibə dövrünün həllini gözləyən məsələlərinin tənzimlənməsi istiqamətində milli maraqları ləyaqətlə müdafiə etmişdir. Beləliklə, müharibəni udan Ali Baş Komandanın sülhü qazanacağı da sırf zaman məsələsidir. Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Geri dön |