Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Cənab Prezident İlham Əliyevin müstəqil siyasəti Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir”

Novruzəli Aslanov: “Cənab Prezident İlham Əliyevin müstəqil siyasəti Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir”


Bu gün, 12:35. Yazar: sevinc1
Novruzəli Aslanov: “Cənab Prezident İlham Əliyevin müstəqil siyasəti Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir”

“Azərbaycan həqiqətən də son 21 il ərzində öz tarixində ən böyük, ən möhtəşəm qələbələri əldə edib. Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi son dərəcə uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya arenasında sabit və güclü mövqeyə malik bir dövlət olaraq qəbul olunub. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə böyük töhfələr verməkdədir. Cənab Prezidentin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmizin 2012-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakı sessiyasının möhtəşəm nəticələri də sözsüz ki, Azərbaycanın hörmətini və nüfuzunu daha da artırmaqla beynəlxalq mövqelərinin bir qədər də möhkəmlənməsinə xidmət edəcək. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirərək, COP29-un iqlim diplomatiyasında dönüş nöqtəsi olduğunu və bu irsin gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini vurğulamışdır. Əlbəttə ki, ölkəmizə göstərilən bu böyük etimad və hörmət ilk növbədə cənab Prezident İlham Əliyevin son iyirmi bir ildə gördüyü möhtəşəm işlər, hər zaman nümayiş etdirdiyi siyasi iradə və qətiyyət, eləcə də davamlı olaraq həyata keçirdiyi müstəqil xarici siyasət sayəsində qazanılmışdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, Prezident İlham Əliyevin 2003-2020-ci illər ərzində bütün fəaliyyəti ilk növbədə Qarabağ probleminin həllinə yönəlmişdi. Bu məqsədlə ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirlidyini vurğulayan N.Aslanov dövlət başçımızın bu sahəni prioritet kimi müəyyənləşdirdiyini də qeyd edib: “Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz xalqına tarixi Qələbəni bəxş edərək müzəffər Orduya çevrildi. Əlbəttə ki, bu Zəfərimiz uzun illərin gərgin səyləri nəticəsində əldə edilmişdir və Ölkə Prezidenti cənab İlham Əliyevin bu məsələdə hər zaman şəxsən xüsusi diqqət mərkəzində saxladığı ordu quruculuğu məsələsi sözsüz ki, müstəsna önəm kəsb etmişdir. 2020-ci il sentyabrın 27-də cəbhədə törədilən növbəti erməni təxribatından sonra Ali Baş Komandanımızın əmri ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başladı. Artıq noyabr ayının 10-da Paşinyan faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı. Şanlı Azərbaycan Ordusu bu müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi Qələbə qazandı. Azərbaycan Zəfər yolunda irəliləyişini növbəti illərdə də davam etdirdi. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bundan beş ay sonra keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. 15 oktyabr tarixində isə, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında şəxsən özü Azərbaycan Bayrağını qaldırdı. Həmin tarixi gündə öz xalqına müraciət edən möhtərəm dövlət başçımız demişdir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.” Bununla da cənab Prezident öz xalqına verdiyi bütün vədlərinə tam əməl etmiş oldu. Qeyd bolunmalıdır ki, Azərbaycanın tarixi Qələbəsi nəticəsində yaranmış yeni regional reallıqların formatı təkcə Qarabağın bərpası və ölkəmizin inkişafı üçün əldə olunmuş yeni imkanlarla məhdudlaşmır. Qələbə bütün Cənubi Qafqaza sülh və davamlı inkişaf imkanları qazandıran yeni perspektivlər ortaya çıxarıb. Ölkə Prezidenti cənab İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni istiqamətlər müəyyənləşmişdir.”

Sonda N.Aslanov cənab Prezident İlham Əliyevin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafına verdiyi misilsiz töhfələri xüsusi qeyd edib: “Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü, möhtərəm Prezidentimiz cənab İlham Əliyev hələ 2007-ci ildə qanunvericilik təşəbbüsü ilə çıxış edərək “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanun layihəsini Parlamentin müzakirəsinə təqdim etmişdir. Milli Məclisdə qanun layihəsi hər 3 oxunuşda müzakirə olundu, əlavə və dəyişikliklər nəzərə alınmaqla 8 may 2007-ci il tarixində Parlament tərəfindən qəbul edildi və dövlət başçısının 22 may 2007-ci il tarixli Fərmanı ilə qüvvəyə mindi. Azərbaycan Prezidentinin “Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” 2004-cü il 31 yanvar tarixli sərəncamı və 2007-ci ildə qəbul edilmiş “Qızıl Aypara Cəmiyyəti haqqında” qanun dövlətimizin bu təşkilata göstərdiyi xüsusi diqqət və qayğının əyani təzahürü kimi qiymətləndirilməlidir. Cənab Prezident İlham Əliyevin 2008-ci il 7 aprel tarixli sərəncamına əsasən, hər il martın 10-u Azərbaycanda Qızıl Aypara günü kimi qeyd olunur” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön