Ana Sayfa > Özəl > Azərbaycanın parlaq gələcəyinin təminatçısı
Azərbaycanın parlaq gələcəyinin təminatçısıBu gün, 09:36. Yazar: sevinc1 |
Azərbaycanın müasir tarixi zəngin və şərəfli hadisələrlə doludur. Bu tarixin hər səhifəsində xalqımızın birliyi, dövlətimizin gücü və inkişafın təməlinə qoyulan əzm və qətiyyət var. Ölkəmizin bu möhtəşəm inkişaf yolunun başında dayanan uzaqgörən, qətiyyətli və müdrik lider – Prezident İlham Əliyevdir. Onun rəhbərliyi ilə Azərbaycan, müstəqilliyini möhkəmləndirən, iqtisadiyyatı güclü, beynəlxalq arenada nüfuzlu və öz xalqına layiq həyat səviyyəsi yaradan bir dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan iqtisadi sahədə böyük uğurlar qazanmış və bu proses 2024-cü ildə də sürətlə davam etmişdir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yeni istehsal sahələrinin yaradılması ölkəmizin iqtisadi dayanıqlılığını artırdı. Dövlətin həyata keçirdiyi islahatlar nəticəsində kiçik və orta sahibkarlığın inkişafına şərait yaradıldı, yeni iş yerləri açıldı və vətəndaşların rifahının səviyyəsi yüksəldi. İnfrastruktur layihələrinin həyata keçirilməsi də diqqət mərkəzində oldu. Azərbaycan bu gün regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər layihələr ölkəmizi dünya iqtisadiyyatına daha sıx inteqrasiya etdirir. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin əsasında xalqın rifahı dayanır. 2024-cü ildə də sosial siyasət istiqamətində bir çox mühüm addımlar atıldı. Təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində həyata keçirilən layihələr cəmiyyətin inkişafına mühüm töhfələr verdi. Yeni məktəblərin, xəstəxanaların, idman komplekslərinin açılması, gənclərin və qadınların sosial fəallığının artırılması üçün aparılan tədbirlər davamlı inkişafın təminatıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada etibarlı və nüfuzlu tərəfdaş kimi tanındı. Ölkəmizin COP29-a ev sahibliyi etmək hüququnu qazanması dövlətimizin beynəlxalq mövqeyinin gücləndiyini göstərdi. Bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın ekoloji problemlərin həllində, qlobal məsələlərdə fəal və məsuliyyətli ölkə olduğunu nümayiş etdirdi. Azərbaycanın xarici siyasəti müstəqilliyə, ədalətə və milli maraqlara əsaslanır. Prezident İlham Əliyevin beynəlxalq təşkilatlar qarşısında səsləndirdiyi prinsipial və qətiyyətli tələblər ölkəmizin haqq işinin dünya tərəfindən qəbul edilməsinə və dəstəklənməsinə səbəb oldu. Regional və qlobal layihələrdə Azərbaycanın iştirakı, müxtəlif ölkələrlə iqtisadi və mədəni əlaqələrin inkişafı dövlətimizin nüfuzunu daha da artırdı. Prezident İlham Əliyevin doğum günü – 24 dekabr həm də Azərbaycan xalqı üçün hesabat və gələcəyə baxış günüdür. Hər il bu tarixdə həyata keçirilən işlərə nəzər salmaq, qarşıda duran hədəfləri müəyyənləşdirmək və yeni uğurlara doğru irəliləmək üçün bir fürsətdir. Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyəti və xalqına olan sevgisi sayəsində dövlətimiz daha böyük nailiyyətlərə imza atacaqdır. Ağaverdi Əliverdiyev YAP Qusra rayon təşkilatının mühasib Geri dön |