Ana Sayfa > Özəl > Kimə xidmət edirlər..?

Kimə xidmət edirlər..?


19-12-2024, 10:00. Yazar: sevinc1
Kimə xidmət edirlər..?

Bu günlərdə sosial şəbəkələrdə yayımlanan bir videosüjet diqqətimizi çəkdi. Materialın müəllifi və yayımçısı internet tv formatında fəaliyyət göstərən yerli media subyektlərindən biri idi. Təbii ki, digər “youtube” kanallar kimi bu subyektin də maddi gəirləri onun reytinq göstəricisi ilə, öz növbəsində reytinq göstəricisi də baxış sayı ilə müəyyən edilir. Bu səbəbdən də belə kanal sahibləri hər dəfə ən önəmsiz materialı belə böyük təm-təraqla, izləyicinin marağını doğura biləcək yüksək emosianal fonla təqdim etmək üçün çox böyük səylər göstərirlər.

Elə bizim rastımıza çıxan və Quba Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Bayramovun fəaliyyətini tənqid edən videosüjet də məhz bu meyarlar üzərində hazırlanmışdı. Təxminən 3 dəqiqə davam edən materialı müşayiət edən musiqili fon, bir-birini əvəzləyən foto-şəkillər izləyicidə sanki hansısa qlobal miqyasda baş vermiş iğtişaşlar, və yaxud da ən azından bir neçə həftə gündəmdə qalaraq ictimai müzakirə mövzusu olacaq bir hadisə barədə məlumat əldə edəcəyi təəssüratı yarada bilər. Təbii ki, mövzu mətnin elə ilk cümlələrindəcə açıqlanmasa...

Bir daha təkrar edirəm, bütün bu cəhdlərin qərəz xatirinə olunduğunu ehtimal etmək olar. Amma burada bir həssas məqam da var ki, onu qətiyyən nəzərdən qaçırmaq olmaz. Bu gün Azərbaycan bəzi Qərb ölkələri ilə faktiki olaraq aktiv informasiya müharibəsi şəraitindədir. Həm də bu müharibədə ölkəmizə qarşı dünyanın bir neçə aparıcı media qurumları öz səylərini birləşdiriblər. Bu zaman sual olunur: mövcud vəziyyətdə bir dövlət məmurunun fəaliyyətində guya ki, aşkar edilmiş və hələ heç öz təsdiqini belə tapmamış hansısa nöqsanlar barədə bu cür səsli-küylü süjet hazırlayan yerli media təmsilçilərimiz kimə və nəyə xidmət etdiklərinin fərqindədirlərmi? Nədənsə belələri ölkəmizin uğurları, parlaq qələbələri və yüksək nailiyyətləri barədə ya heç danışmırlar, ya da elə sönük materiallar təqdim edirlər ki, sanki böyük zəhmət bahasına əldə olunmuş bu nailiyyət hansısa rayon miqyaslı idman yarışında əldə olunmuş qələbədir. Bu yanaşma, dediyim kimi, həmin media subyektlərinin öz fəaliyyətlərinə və qarşılarına qoyduqları hədəflərə dair bir çox suallar yaradır və elə bilirəm ki, bu suallar ətrafında dərindən düşünməyə dəyər...

aia.az
Geri dön