Ana Sayfa > Manşet / Yazar1 / Ölkə > Dili də, ürəyi də Vətən deyirdi..

Dili də, ürəyi də Vətən deyirdi..


Bu gün, 13:35. Yazar: sevinc1
Dili də, ürəyi də Vətən deyirdi..

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim


O illər ağır illər idi. O illər siyasətin illəri idi, siyasi rejimin illəriydi, dövlət kollektiv təsərrüfat əsasında, camaatın əzabları hesabına inkişaf etdirilirdi. Bu təsərrüfata xor baxanlar bir gecənin içində sürgün edilirdi. Belə sürgünlər başqalarına görk olurdu. Hamı işləyirdi, hamı kolxozun cəfakeşi idi. Zəngilanın Malatkeşin kəndində yaşayan Məmi kişi M.C.Bağırov adına kolxozda işləyirdi, çəltik əkməklə məşğul idi. Bu ağır işin ağırlığını dilə gətirmədən işləyirdi. Dörd övladını böyüdüb boya-başa çatdırmaq üçün "ağ bir, qara iki" dillənmirdi. "Dözüm insanın təkcə özünün deyil, balalarının da taleyinə can yandırma borcudu. Belə yaşamadınsa, məhv olacaqsan..." - Məmi kişi belə düşünərmiş, belə işləyərmiş, belə yaşayarmış...

Əbil Məmi oğlu Həsənov 1920-ci il mayın 9-da anadan olmuşdu. Malatkeşən kəndində ibtidai təhsil almışdı, Pircivan kənd orta məktəbində (indiki Zəngilan şəhər 1 saylı orta məktəbində) oxu-musdu, 1939-cu ildə məktəbi əla qiymətlərlə bitirmişdi. Noyabr ayında hərbi xidmətə çağırılmışdı.

Əbil Həsənov həm cəsur döyüşçü olub, həm də səbatlı, iradəli, dünyagörüşlü bir hərbçi kimi tanınıb. Belə olmasaydı, onu partiya sıralarına qəbul etməzdilər. Həm də müharibə ərəfəsində, 1941-ci ildə.

İkinci Dünya müharibəsi ərəfəsi idi. Dünya çalxalanırdı, dünyanın sabahları nə olacaqdı, gümanlar idi. Əbil Həsənov 1940-cı ilin iyununa kimi Kiyev Xüsusi Hərbi dairəsində Kotovski adına 34-cü süvari alayında xidmət edib, sonra savadını görüblər, qabiliyyətini müşahidə ediblər, intizamlı olduğunu duyublar və Belaya Çerkov şəhərində 10-cu Hava briqadası yanında kiçik aviasiya mütəxəssisləri məktəbinə göndəriblər. Kursant kimi. Oxuyub, öyrənib, oktyabr ayında məktəbi bitirib. Kiyev Xüsusi Hərbi Dairəsində 17-ci avia-diviziyanın 224-cü sürətli Hava bombardmançı alayına göndərilib, 1941-ci ilin may ayına kimi avia-motorçu olub. Eyni vəzifəni 1942-ci ilin dekabrına kimi Cənub-Qərb Cəbhəsi 224-cü sürətli Hava bombardmançı aviasiya alayında yerinə yetirib. İkinci Dünya müharibəsi başlayanda bu vəzifədə xidmət edirdi. Xidmətini 1942-ci ilin dekabrından 1945-ci ilin aprelinədək İkinci Ukrayna Cəbhəsində 859-cu hava kəşfiyyatı aviasiya alayında avia-mexanik kimi davam etdirib. Neçə-neçə çətin döyüş əmrini uğurla yerinə yetirib. Hər uçuşdan sonra komandirləri Əbil Həsənovun da fərqləndiyini deyib, ona da təşəkkür elan edib. Əbil Məmi oğlu xatırlayırdı ki, döyüş əmrini yerinə yetirib qayıtmışdıq. Doyunca nəfəs dərməmiş təcili əmr verildi. Biz döyüşçü yoldaşlarımızla düz-əməlli hal-əhval tutmamış yeni əmri yerinə yetirməyə getdik. Əmri uğurla yerinə yetirdik. Düşmən xeyli itkiyə məruz qaldı. Qayıdanda yoldaşlarımızın ilıq baxışları qarşıladı bizi. Qollarımız bir-birimizin kürəyində çarpazlaşdı.



Əbil Həsənov İkinci Dünya müharibəsinin ağırlığını uçuşları ilə yaşasa da, bu uçuşların hər birini qələbəyə yaxınlaşdıran uçuş bilib. Müharibədə yüzlərlə döyüş əməliyyatı yerinə yetirib, düşmənin hərbi qüvvə və texnikasının məhv edilməsində o da iştirak edib. Döyüş yolu Mozdokdan başlayıb, Buxarestdə tamamlanıb...

İkinci Dünya müharibəsi başa çatma ərəfəsində Əbil Həsənovu Moskva şəhərinə, Hərbi Hava Qüvvələrinin Ali Aviasiya Zabitləri Məktəbinə göndəriblər, avia-mexanik ixtisası üzrə əlavə təhsil almağa. Belə bir göndərişdə müəyyən məqsəd olduğu şübhəsizdir - müharibə başa çata-çatda onun müharibəni zabit kimi başa vurması hansı təyinata hazırlıq olub. Ancaq onu 1946-cı ilin iyulunda ordu sıralarından tərxis ediblər. Belə tərxislərdə sağlamlıq amili də olur...

İkinci Dünya müharibəsində göstərdiyi igidliyə görə "İkinci dərəcəli Vətən müharibəsi" ordeni, "Döyüş xidmətlərinə görə", "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə", "1941-1945-ci illər İkinci Dünya müharibəsində rəşadətli əməyə görə" medalları və daha beş medalla təltif edilib.

Döyüşmüşdü, döyüşlərdə mətinləşmişdi Əbil Məmi oğlu. Ehtiyatda olan leytenant idi. Tərxis edildikdən sonra Zəngilana qayıdıb. Yeddi ilin həsrətinə sarılıb, 1943-cü ildə döyüşlərdə həlak olmuş böyük qardaşı İsmayılı, müharibədə həlak olan həmyerlilərini ürək ağrısı ilə xatırlayıb. Kimsənin duya bilmədiyi qəhərlə xatırlayıb, göz yaşları ürəyinə axıb Əbilin. Bircə təsəllisi olub: Qələbə qazanıldı...

Əbil Həsənov 1946-cı ilin uyulundan 1952-cı ilin avqustunadək Zəngilan rayon komsomol komitəsində təşkilat şöbəsinin müdiri, rayon partiya komitəsinin texniki katibi və statisti, təlimatçısı, partstatistika və vahid partiya bileti bölməsinin müdiri vəzifələrində isləyib. Partiya onun işini bəyənib, təqdir edib.

Orta məktəbdə əla qiymətlərlə oxumuşdu, qısamüddətli hərbi təhsil almışdı. Bu təhsilin işığında işləyirdi. Rayon partiya komitəsi belə bir kadrın siyasi təhsil almasını məqsədəuyğun bilib və onu 1952-ci ildə Azərbaycan KP MK yanında Respublika ikiillik Ali Partiya Məktəbində təhsil almağa göndərib. İkiillik ali siyasi təhsil aldıqdan sonra Əbil Həsənov rayon partiya komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. 1955-1957-ci illərdə Zəngilan rayon partiya komitəsinin MTS üzrə katibi, 1957-1959-cu illərdə rayon partiya komitəsinin katibi və ikinci katibi vəzifələrində işləyib.

Əbil Həsənov ziyalı insan idi. Təhsili sevirdi, təhsil verənləri dəyərləndirirdi, təhsili cəmiyyətin sabahlarına qayğı adlandıranlardan idi. Şəraitə görə ali təhsil almamışdı - orta məktəbdən sonra hərbi xidmət, hərbi xidmətin davamı olan müharibə, müharibədən sonra iş, partiya orqanlarında işləmək, siyasi təhsil almaq zərurəti, partiya komitəsində yüksək vəzifələrə təyinat... Ali təhsil almağa qərarlı idi. Könüldaşlarına deyərmiş ki, mən partiya işçisi kimi yeniyetmələrin, gənclərin ali təhsil almasını məsləhət görürəm, özüm ali təhsil almadan bunu ürəkdolusu təbliğ edə bilmərəm. Özüm özümü qınayaram. Orta təhsil alanda da, kursant olanda da, ali partiya təhsili alanda da müəllimlərimi ruhuma işıq bilmişəm. Mən də əmək fəaliyyətimi müəllim kimi davam etdirmək niyyətindəyəm. 1958-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix fakültəsini qiyabi bitirib...

Əbil Həsənov 1960-cı ildən 1964-ci ilədək Zəngilan rayon xalq maarif şöbəsinin müdiri, rayon istehlak cəmiyyətinin sədri, rayon əhaliyə məişət xidməti kombinatının direktoru vəzifələ-rində işləyib. 1964-cü ilin avqustundan 1989-cı ilin avqustunadək Zəngilan şəhər 8 illik və Zəngilan şəhər 2 saylı orta məktəblərinin direktoru olub. Bu sonuncu təyinatları ruhuna şükranlıq təyinatları adlandırırmış Əbil Məmi oğlu: müəllimlik peşəsinin qürurunu yaşaya-yaşaya şagirdlərinin ruhunun milliliyinin, xəlqiliyinin, bəşəriliyinin bilavasitə cəfakeşi olmağın könül xoşluğunu ömür ülgüsü bilirdi...

Əbil Həsənov pedaqoji fəaliyyəti ərzində "Rəşadətli əməyə görə Vladimir İliç Leninin anadan olmasının 100 illiyi" yubiley medalı, "Əmək veteranı" medalı, Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən "qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif edilib və digər çoxsaylı mükafatlara layiq görülüb.

1989-cu ilin sentyabrından 1993-cü il iyulun 24-dək Zəngilan şəhər 2 saylı orta məktəbində müəllim işləyib, həm də Zəngilan rayon Bilik Cəmiyyətinin məsul katibi olub...

Ziyalı idi Əbil Həsənov, müharibə və əmək veteranı idi. Uzun müddət partiya orqanlarında məsul vəzifələrdə işlmişdi. İşə həvəslə işə sevgini fərqləndirməyi bacarırdı. İşə sevgisi olanları sevirdi, söhbətləriylə, tövsiyələriylə işə marağı olanların düşüncələrini işə sevgiyə yönəltməyi özünə mənəvi borc bilirdi. Hansı vəzifədə işləyibsə, belə işləyib. Sonralar rayon müharibə və əmək veteranları şurasının sədri seçilmişdi. Bu şuranın sədri kimi fəaliyyəti dövlətçiliklə sıx bağlı idi, veteranların problemlərinin həllində də fəallıq göstərirdi, veteranların dövlətçiliyin mühafi-zəkarı kimi müsəlləhləşməsində də. Şuranın başlıca fəaliyyətlərindən birinin gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasına yönəldilməsini də təmin edirdi. "Gənclər cəmiyyətin başlıca qüvvəsidir. Onların potensialını dövlətçiliyə, Vətənin müdafiəsinə səfərbər etmək hər birimizin, bu sıradan Müharibə və Əmək Veteranları Şurasının mənəvi borcudur. Bu borc vətəndaşlıq borcu kimi yerinə yetirilməlidir...", - Əbil Həsənov belə deyirdi...

Zəngilanın ağır günlərində ağrılar yaşayanlardan biri də Əbil Məmi oğlu Həsənov olmusdu, o yaşında ruhu döyüşənlərin sırasındaydı, özü də onlara can atırdı, sözü də, döyüşçü məsləhətləri də. "Ürəyi əsgər olmayandan döyüşçü olmaz...", - bu fikir də Əbil müəllimdən eşidilirdi o ağır vaxtlarda; zəngilanlılar Zəngilanı qoruyurdu...

Əbil Məmi oğlunun dili də Vətən deyirdi, Zəngilan deyirdi, ürəyinin döyüntüləri də...

Əbil Həsənov rayon partiya komitəsinin büro və plenum üzvü, rayon və şəhər sovetinin deputatı kimi səmərəli ictimai-siyasi fəaliyyəti ilə sağlığında rayon ictimaiyyətinin məsləhət və güvən yeri olub. Mənəvi saflığı, sadələyi və təvazökarlığı onu tanıyanların da yaddaşındadı, tarixdə də qalıb...

Bir dəfə döyüş mövqelərinə gedirdim. Əbil Həsənovla qarşılaşdıq. Salamlaşdıq. İlk sözü rayonun müdafiəsi oldu, döyüşçülərimizi soruşdu, onların döyüş əzmini soruşdu, ruhunu soruşdu. Cavablarımdan razı qalmışdı, baxışlarında bir arxayınlıq dolaşmışdı. Əlini çiynimə qoymuşdu, üzü dağlara sarı baxmışdı, "A Bayram", - demişdi. "Könlüm məni o tərəflərə çəkir, vaxt elə, oralara özünlə məni də apar. Gedib əsgər balalarımızı səngərdə görüm, eşitmək ayrı, görmək ayrı. Gedim, görüm. Dünyanın işini bilmək olmaz..."

1993-cü il iyulun 24-də vəfat etdi. Zəngilanlılar bu işıqlı insanın xatirələrini sədaqətlə yaşadır...

Zəngilan işğal olunanda ruhunda tufanlar qopanlardan biri də Əbil Məmi oğlu olub, Zəngilan işğaldan azad ediləndən sonra ruhu göy üzünə sarılanlardan biri də Əbil Məmi oğlu olub...
Geri dön