Ana Sayfa > Siyasət > Seymur Qədəşov: “Ümummilli Lider Heydər Əliyevin siyasi kursu ilə irəliləyən Azərbaycan güclü və nüfuzlu bir ölkəyə çevrilmişdir”
Seymur Qədəşov: “Ümummilli Lider Heydər Əliyevin siyasi kursu ilə irəliləyən Azərbaycan güclü və nüfuzlu bir ölkəyə çevrilmişdir”11-12-2024, 08:30. Yazar: sevinc1 |
![]() “Ulu Öndər Heydər Əliyev öz xalqını, Vətənini sonsuz məhəbbətlə, hər bir vətənpərvər azərbaycanlının örnək ala biləcəyi fədakarlıqla sevirdi. Məhz Ulu Öndərimizin bu fədakarlığı və dahi rəhbərin XX əsrin ən görkəmli dövlət və siyasi xadimlərindən biri kimi malik olduğu ali insani keyfiyyətləri Heydər Əliyevə Azərbaycan xalqının Ümummilli Lideri adını qazandırmışdır. Bu gün biz birmənalı olaraq qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan hər zaman problemlərin həllinə doğru qətiyyətlə irəliləyən, bütün sahələrdə dinamik inkişaf edən, insan amilinin uca tutulduğu bir ölkə olub. Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dövrdə Ümummilli Lider respublikada sosial-iqtisadi inkişafla yanaşı, milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışıb və buna nail olub. Ulu Öndərimizin rəhbərliyi altında həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Hələ 1969-1982-ci illərdə, respublikaya birinci dəfə rəhbərlik etməyə başladığı dövrdə Ümummilli Lider ölkədə milli ruhun və azərbaycançılığın kommunizm ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almış və onun dirçəldilməsi istiqamətində mövcud imkanlardan maksimum dərəcədə istifadə etməyə başlamışdı. Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində xalqın tarixi yaddaşının özünə qaytarılması kimi ideoloji təməl prinsipləri əsasında milli ruhun hədsiz yüksəlişi təmin edilmiş, millətin qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin formalaşdırmışdır.” Bu sözləri mətbuata açıqlamasında ATİAHİ Şabran rayon komitəsinin sədri Seymur Qədəşov deyib. Daha sonra öz fikirlərini davam etdirən müsahibimiz Heydər Əliyevin xalqın təkidli çağırışına səs verərək respublikada hakimiyyətə dönüşü ilə xalqın və ölkənin hansı təhlükələrdən qurtulduğundan bəhs edərək bunları deyib: “1990-cı illərin əvvəllərində, müstəqilliyimizin ilk illərində suverenliyimizin itirilməsi və dövlətçilik ənənələrinin milli yaddaşdan silinməsi təhlükəsi ilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalqın təkidli çağırışına səs verərək və birmənalı dəstəyinə arxalanaraq xilaskarlıq missiyasını öz üzərinə götürməsi Azərbaycanı geri dönüşü mümkün olmayacaq bir uçuruma yuvarlanmaqdan qurtardı, ölkənin tarixini inkişafa doğru istiqamətləndirdi. Bu gün Ulu Öndərin xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən bəhs edərkən Onun xilaskarlıq missiyasının tarixi əhəmiyyətinə və siyasi-fəlsəfi məzmununa xüsusi diqqət yetirilir. Çünki Ümummilli Lider Heydər Əliyev respublikamızın ziddiyyətlər və qarşıdurma məkanına çevrildiyi, mürəkkəb regional və beynəlxalq proseslərin cərəyan etdiyi bir şəraitdə Azərbaycan xalqını böyük kataklizmlərdən xilas etmiş, faciə və fəlakətlərin qarşısını almış, ölkəmizin formal deyil, gerçək müstəqilliyini təmin etmişdir. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, xalqın öz liderinə olan sonsuz inam və etimadı Ulu Öndərin respublikamızın qurtuluşu naminə siyasi məsuliyyəti öz üzərinə götürməsini zərurətini şərtləndirən əsas amil olmuşdur. 1993-cü ilin məlum iyun hadisələri zamanı Azərbaycan xalqı Ulu Öndərə ölkəmizin xilası və tərəqqisi naminə respublikamıza rəhbərlik etməsi barədə qətiyyətli çağırış etmişdi. Həmin vaxt ölkədə yaşanan siyasi böhran artıq elə bir təhlükəli həddə çatmışdı ki, hətta o zaman hakimiyyətdə olan və bu vəziyyətin formalaşmasına bilavasitə səbəb olmuş qüvvələr də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuşdular. Ümummilli Lider bütün bunları nəzərə alaraq Bakıya qayıtmış, Azərbaycan xalqının və dövlətçiliyimizin xilası, dövlətçilik ənənələrimizin, milli qürur və ləyaqətin bərpası naminə tarixi missiyasını yerinə yetirməyə başlamışdı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri nəticəsində xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev ölkəmizin inkişaf konsepsiyasını dövrün xüsusiyyətlərinə və zamanın tələblərinə uyğun olaraq dəqiq müəyyənləşdirmiş və Azərbaycanı ictimai-siyasi sabitliyə və dinamik inkişafa malik olan bir ölkəyə çevirmişdir.” Sonda komitə rəhbəri bu gün yazılan tarixlə gələcək nəsillərimizin də ən azından bizim qədər qürur duyacaqlarını vurğulayıb: “Heydər Əliyev siyasət xəttinin 2003-cü ildən sonra Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan bu gün artıq təkcə regionun deyil, həm də dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsi oldu. Xalq-iqtidar birliyi 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizi, ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etdi. Bundan üç ildən də az müddət sonra, 23 aprel 2023-cü il tarixində Azərbaycan özünün Ermənistanla sərhəddində “Laçın” sərhəd-buraxılış məntəqəsini qurdu. Müqəddəs üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı və bununla da Azərbaycan öz sərhədlərinin bütövlüyünü təmin etdi. Nəhayət, yenə də 2023-cü ilin 19 sentyabr tarixində dövlətimizin keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan Ermənistanın silahlı qüvvələrinin Qarabağ bölgəsində qalan birləşmələrinin tərk-silah olunaraq ölkə ərazisindən çıxarılmasına, eləcə də Xankəndidə yaradılmış qondarma separatçı rejimin ləğvinə nail oldu. Bu qələbələr Ulu Öndər Heydər Əliyev siyasi kursunun və ölkəmizdə formalaşmış sarsılmaz xalq-prezident-ordu sarsılmaz birliyinin ən parlaq təntənəsidir. Bir vacib məqamı da qeyd edək ki, ötən illər ərzində Azərbaycan misli görünməmiş sosial-iqtisadi inkişafa nail olmaqla, hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri olan önəmli bir ölkəyə çevrilmişdir. Respublikamızda çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq ölkəmizdə dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır. XXI əsrə Heydər Əliyev dühasının istiqamət verdiyi yolla qədəm qoymuş Azərbaycan xalqı öz uğurlarını hər il, hər gün daha da artırır” – deyə, Seymur Qədəşov öz fikirlərini tamamlayıb. Geri dön |