Ana Sayfa > Siyasət > İbrahim Cəfərov: “Ulu Öndər çox böyük real təhlükələri qarşısına alaraq, xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürdü”

İbrahim Cəfərov: “Ulu Öndər çox böyük real təhlükələri qarşısına alaraq, xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürdü”


10-12-2024, 12:00. Yazar: sevinc1
İbrahim Cəfərov: “Ulu Öndər çox böyük real təhlükələri qarşısına alaraq, xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürdü”

“XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə də üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Həmin il xalqın təkidli tələbi ilə ölkədə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev bu addımı atmaqla Azərbaycan dövlətini real yox olmaq təhlükəsindən xilas etdi. O çətin və təhlükəli dövrdə Azərbaycan xalqı öz müdrik oğlunun xilaskarlıq missiyasına güvənir, xalqı və dövləti bu çətin vəziyyətdən xilas edəcəyinə inanırdı. Ulu Öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bundan sonra Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı.”

Bu sözləri Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı aia.az-a verdiyi müsahibəsində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov deyib.

Daha sonra müsahibimiz bu gün də Azərbaycanın öz dinamik inkişafını məhz Heydər Əliyevin ideyaları əsasında davam etdirdiyini diqqət mərkəzinə çəkib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkədə siyasi hakimiyyətə yenidən gəldiyi ilk gündən böyük çətinliklərə baxmayaraq, respublikada ictimai-siyasi sabitliyi bərqərar etdi, cəmiyyətin demokratikləşməsi, dünyəvi dövlət quruculuğu istiqamətində ardıcıl işlər həyata keçirdi. XX əsr tariximizin ən dinamik inkişaf dövrü məhz görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın siyasi tarixində, dövlət müstəqilliyinin qorunub saxlanılmasında dünyanın nüfuzlu təşkilatları və dövlətləri ilə çoxşaxəli münasibətlərin qurulmasında Ümummilli Liderimizin misilsiz xidmətləri olmuşdur. Bu gün Azərbaycan Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində öz şanlı tarixinin ən parlaq və şərəfli dönəmini yaşamaqdadır. 21 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bütün strateji məqsədlərə nail olub. Müasir dövlət quruculuğu strateji prioritet kimi müəyyənləşdirilib, ölkənin ümumi inkişaf strategiyası müasir dövrün tələblərinə uyğunlaşdırılaraq uğurla həyata keçirilib. Rasional və praqmatik xarici siyasət Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsini, dostlarının və tərəfdaşlarının sayının mütəmadi olaraq artmasını təmin edib. Ötən müddət ərzində regional güc mərkəzinə çevrilən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb” – deyə, İbrahim Cəfərov müsahibəsini sona çatdırıb.
Geri dön