Ana Sayfa > Özəl > Müstəqillik tarixinin ilk Zəfər paradı
Müstəqillik tarixinin ilk Zəfər paradı9-12-2024, 20:15. Yazar: sevinc1 |
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən hərbi parad əvvəlkilərdən ona görə möhtəşəm idi ki, bu, bizim İkinci Qarabağ müharibəsindəki haqlı savaşımızın təntənəsi idi. Eyni zamanda, bu, ağır, lakin şərəfli döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzərək dünyanı heyrətləndirən Azərbaycan Ordusunun gücünün nümayişi idi. Həmin gün ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının başını dik tutacağı, qürurla «Mən qalib xalqın övladıyam» deyəcəyi gün idi. Ali Baş Komandanmız İlham Əliyevin dediyi kimi: «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir». Bəli, Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə yerinə yetirdi. Xalqımızın 30 illik Vətən həsrətinə 44 günlük ağır döyüşlərdən sonra son qoydu. Eyni zamanda, bu Zəfərlə yeni salnamə yazdı, dövlətçiliyimizi, tariximizi qələbələr ənənəsi zənginləşdirdi. Bu Qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi. İkinci Qarabağ müharibəsindəki Qələbəmizə yalnız sevinən deyil, həm də siyasi və mənəvi dəstək verən ölkələrin biri və hətta birincisi qardaş Türkiyə oldu. Ona görə də 10 dekabr Zəfər paradı həm də qardaş ölkəmizin qürur və ləyaqət günü kimi qəbul edilirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həmçinin qardaş ölkənin rəsmi şəxslərinin iştirakı, o cümlədən Türkiyə hərbçilərinin nümunəvi keçidi Zəfər paradının diqqəti çəkən əsas məqamlarından biri idi. Bu amilin önəmli siyasi və rəmzi mənası var idi. Çünki Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Bir sözlə, iki ölkənin dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi, daha sarsılmaz oldu. Bütün dünya bir daha Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının şahidi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paraddakı çıxışında bildirdi ki, bu Zəfər Gününüzdə sizlərlə birlikdə olmaqdan böyük məmnunluq duyuruq: «Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır. Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır. Bu gün Azərbaycanın mili şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür». Zəfər paradındakı çıxışında Prezident İlham Əliyev bu barədə demişdir: «Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk». Təbii ki, Türkiyə hərbçilərinin paraddakı keçidi həm də düşmənə verilən növbəti mesaj idi. Eyni zamanda, bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |