Ana Sayfa > Siyasət / Özəl > Gülər Sultanzadə: “Zəfər paradı ən yeni reallıqlar ortaya qoyan parad idi”

Gülər Sultanzadə: “Zəfər paradı ən yeni reallıqlar ortaya qoyan parad idi”


9-12-2024, 10:30. Yazar: sevinc1
Gülər Sultanzadə: “Zəfər paradı ən yeni reallıqlar ortaya qoyan parad idi”

“Qələbəmizin rəmzi kimi 2020-ci il 10 dekabr tarixində ölkəmizin paytaxtı Bakı şəhərində keçirilmiş möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü, işğalçı Ermənistan üzərində  tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi qələbənin təcəssümü oldu. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik” deyə qeyd etməsi bütün xalqımızda ruh yüksəkliyi və sevinc hissi yaratmışdır.  Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır” fikri isə hər bir Azərbaycan vətəndaşına bir qürur yaşatdı.  Azərbaycan xalqının hərb tarixinə  qızıl hərflərlə yazılmış bu möhtəşəm Zəfər ölkə vətəndaşlarının yaddaşına əbədi həkk olundu. Bu baxımdan dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, 10 dekabr - 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbənin dünyaya bəyan edildiyi gün, dünyanın bütün diqqətini Bakıya yönəltdiyi, Azadlıq Meydanında atılan hər bir addımın, hər bir sözün böyük həyəcan və maraqla izlənildiyi an. Dünyanın diqqətinin Bakıya yönəlməsinin başlıca səbəbləri kimi xarakterizə olunur.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü Gülər Sultanzadə deyib.

Daha sonra müsahibimiz Zəfər paradının mahiyyətini şərh edərək bunları deyib: “Bakıda keçirilən Zəfər paradı İkinci Dünya Müharibəsindən sonra bir ölkənin işğal, terror, faşizm üzərində qələbəsi, işğalçını kapitulyasiyaya məcbur etdikdən sonra keçirdiyi ilk parad, ən yeni tarixdə regional düzəni dəyişən və yeni reallıqlar ortaya qoyan parad idi. Bu parad Cənubi Qafqaz regionunun tək hazırki dövrünün yox, həm də gələcəyi, gələcək münasibətlərinin dizaynını nümayiş etdirən, dostu dost, düşməni isə düşmən gözündə göstərən tarixi hadisə idi və nəhayət bu qalib Ali Baş Komandanın, qalib Ordunun və qalib xalqın paradı idi.  Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Bir məsələni də qeyd etmək istəyirəm. Rəsmi İrəvanın hərbi cinayətləri heç vaxt bitmək bilmədi. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutulmuşdu. Namərd atəşlər nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub.”

Fikirlərini davam etdirən partiya fəalı həmçinin Bakıda yaradılmış Hərbi Qənimətlər Parkının bu gün nəinki düşmənə, həm də onun havadarlarına bir göz dağı olduğunu vurğulayıb: “Bu gün açıq səma altında salınan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.  Zəfər paradı göstərdi ki,   Qələbə düsturunu şərtləndirən bütün amillərin hər birinin təməlində məhz ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət, ölkə Prezidenti cənab  İlham Əliyevin iqtisadi müstəqilliyimizin təmin olunmasına yönəlmiş dövlətçilik məfkurəsi və sarsılmaz siyasi iradəsi, ordu quruculuğuna sərf etdiyi illərin zəhməti dayanıb. Vətən müharibəsi müstəqil Azərbaycanın hərb tarixinin şanlı səhifəsi kimi daim tarixdə qalmaqla, Qələbənin ildönümü hər il xalqımız tərəfindən qürurla qeyd olunacaqdır” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Geri dön