Ana Sayfa > Manşet / Ölkə > Milli Məclis dövlət büdcəsi layihəyəsini ikinci oxunuşda qəbul edilib

Milli Məclis dövlət büdcəsi layihəyəsini ikinci oxunuşda qəbul edilib


Dünən, 17:39. Yazar: sevinc1
Milli Məclis dövlət büdcəsi layihəyəsini ikinci oxunuşda qəbul edilib

Dekabrın 3-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda hökumət üzvləri iştirak ediblər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 10 məsələnin – 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda daxil edildiyini diqqətə çatdırıb. Spiker birinci məsələnin “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş) olduğunu söyləyib.
Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu məsələ barədə məlumat verib.
O, bildirib ki, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi həm komitələrdə, həm də Milli Məclisin plenar iclasında birinci oxunuşda geniş müzakirə olunub. Plenar iclasdan sonra büdcə zərfinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə ikinci oxunuşda müzakirəsi keçirilib və komitə üzvlərinin qaldırdığı məsələlərə münasibət bildirilib.
Komitə sədri vurğulayıb ki, növbəti ilin dövlət büdcəsinin layihəsi ölkə Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifə və təşəbbüsləri, habelə yeni dövrün çağırışlarını, milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəfləri özündə əks etdirir və onların icrası üçün zəruri maliyyə təminatı yaradır. O, qanun layihəsinin büdcə qanunvericiliyinin tələblərinə, ölkənin strateji sənədlərinin müddəalarına cavab verdiyini deyib.
Azər Əmiraslanov qeyd edib ki, 2025-ci ilin büdcə zərfində makro-iqtisadi sabitlik, davamlı iqtisadi artım və büdcə dayanıqlığı, iqtisadi siyasətin prinsipləri və əsas hədəfləri müəyyən edilir. Rifaha və iqtisadi artıma yönəldilmiş xərclər bir-birini tamamlayır və günün reallıqlarına cavab verir. O, diqqətə çatdırıb ki, layihədə sosial xərclərin həcmi və strukturu vətəndaşların sosial müdafiəsinin və rifahının dövlətin diqqət mərkəzində saxlanıldığını göstərir. İqtisadiyyatın şaxələndirilməsi üçün stimullaşdırıcı və təşviqedici tədbirlər nəzərdə tutulur. Sənəd Böyük Qayıdış proqramının maliyyələşdirilməsi, Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa prosesinə, bu ərazilərdə iqtisadi həyatın canlanmasına və məskunlaşmaya öz layiqli töhfəsini verəcək.
Komitə sədri bildirib ki, müdafiə və milli təhlükəsizlik üçün büdcə vəsaitlərinin artırılması həm ölkənin təhlükəsizliyinə, həm də regionda sülh və sabitliyin qorunmasına xidmət edir. Büdcənin strateji istiqamətləri Azərbaycanın regionda iqtisadi, siyasi və hərbi cəhətdən liderlik mövqeyini daha da möhkəmləndirir. O, növbəti il üçün planlaşdırılan dövlət büdcəsinin milli maraqlarımızın, iqtisadi müstəqilliyimizin, dövlət suverenliyimizin qorunmasına xidmət edən strateji maliyyə sənədi olduğunu vurğulayıb.
Sonra iclasda məsələ ətrafında müzakirələr aparılıb. Komitə sədri Hicran Hüseynova, deputatlar Qüdrət Həsənquliyev, Jalə Əliyeva, Vüqar Bayramov, Aqil Abbasov, Vüqar Rəhimzadə, Hikmət Məmmədov ölkənin 2025-ci il üçün dövlət büdcəsi layihəsi barədə fikir və təkliflərini söyləyiblər.
Çıxışlarda dünyada gedən geosiyasi proseslər fonunda Azərbaycanın rəqabətə dayanıqlı iqtisadiyyatının təmin edilməsinin vacibliyi bildirilib. Qeyd olunub ki, bu baxımdan 2025-ci ilin dövlət büdcəsində ölkənin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, işğaldan azad olunmuş ərazilərimizin bərpası prioritet məsələlər təşkil edir. Eyni zamanda, dövlət büdcəsinin sosialyönümlülüyü ölkədə aparılan uğurlu iqtisadi siyasətin əsas hədəflərinin reallaşmasını ifadə edir. İqtisadi islahatların dərinləşməsi, sosial layihələrin uğurla həyata keçirilməsi üçün yaxşı zəmin yaradıldığı söylənilib.
Deputatlar vurğulayıblar ki, bu gün Azərbaycanda vətəndaş məmnunluğunun artırılması, insanların rifahının yüksəldilməsi əsas prioritetlərdəndir. Çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin formalaşması, investisiya cəlbediciliyi, şəffaflığın artırılması, müasir idarəçilik sisteminin yaradılması, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının uğurla icrası və digər bu kimi mühüm amillər Azərbaycanın dayanıqlı sosial-iqtisadi inkişafından xəbər verir.
Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra gündəliyin növbəti iki məsələsi – “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri təqdim edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu məsələlər barədə məlumatında hər iki layihənin birinci oxunuşda ətraflı təqdim edildiyini söyləyib. O, xatırladıb ki, Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri cari illə müqayisədə 10,5 faiz, İşsizlikdən sığorta fondunun növbəti il büdcəsinin gəlir və xərcləri isə cari illə müqayisədə 9,5 faiz çoxdur.
Bildirilib ki, Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun növbəti il üçün büdcələri vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına, işsizlik səviyyəsinin azaldılmasına, daha geniş məşğulluq imkanlarının yaradılmasına, aztəminatlı ailələrin, şəhid ailələrinin, qazi və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradacaq.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov hər iki sənəd barədə bu komitənin müsbət rəyini açıqlayıb.
Müzakirələrdə parlamentin komitə sədri Tahir Rzayev, deputatlar Azər Badamov, Vüqar Bayramov, Elman Nəsirov çıxış edərək, təqdim edilmiş sənədlərin əhalinin sosial rifahının yaxşılaşmasında, xalqımızın gələcək həyat səviyyəsinin daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini söyləyiblər. Deputatlar növbəti ildə sosial müdafiə sahəsinə ayrılan vəsaitin artırılmasının əhalinin müxtəlif sosial qruplarına dövlət dəstəyinin bariz nümunəsi olduğunu deyiblər. Qeyd edilib ki, əhalinin aztəminatlı təbəqəsinin, əlilliyi olan şəxslərin, pensiyaçıların həyat şəraitinin daha da yaxşılaşdırılması prioritet olaraq qalır. Dövlət sosial müdafiə fondu tərəfindən həyata keçirilən sosial yardımlar, reallaşdırılan proqramlar bu qrupdan olan insanlara daha geniş imkanlar yaradır. Bildirilib ki, təqdim olunan qanun layihələri 2025-ci ildə də sosial siyasətin uğurla davam etdirilməsinə xidmət edəcək.
Sonra “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihəyə hər hansı əlavə və dəyişikliyin edilmədiyini nəzərə alaraq, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Layihəyə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. O, 2025-ci il üçün ehtiyac meyarının həddinin 285 manat məbləğində müəyyən edildiyini diqqətə çatdırıb. Komitə sədri artıq üç ildir ki, ehtiyac meyarının yaşayış minimumuna bərabər tutulduğunu qeyd edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin müsbət rəyini səsləndirib.
Müzakirələrdə deputat Əli Məsimli məsələ barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini  (ikinci oxunuş) təqdim edib. O, Məcəlləyə edilən dəyişikliklərdə güzəştlərin miqyasının və dairəsinin genişləndirildiyini, bunun o cümlədən humanitar, mədəniyyət sahələrinə də şamil edildiyini deyib. Komitə sədri layihə barədə birinci oxunuşda geniş məlumat verildiyini, ikinci oxunuş üçün hər hansı əlavə dəyişikliyin olmadığını nəzərə alaraq, sənədin səsə qoyulmasını xahiş edib.
Sənəddə investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasına dair, teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə vergi güzəştlərinin verilməsi, bəzi xidmət sahələri üzrə mikrosahibkarların gəlirlərinə 75% vergi güzəştinin müvafiq tələblərlə şərtləndirilmədən tətbiq edilməsi, ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edilməsi, tibb turizminin inkişafı məqsədilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV-nin geri qaytarılması, sənaye məhəllələrinin istifadəsində olan torpaq sahələrinə və əmlaklara görə idarəedici təşkilatın və operatorun torpaq və əmlak vergisindən azad edilməsi ilə bağlı və digər güzəştlər nəzərdə tutulub.
Layihədə, bununla yanaşı vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi, o cümlədən bazarlara nəzarət üzrə qanunvericiliyə dəyişikliklərin edilməsi, həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta üzrə güzəştlərin məhdudlaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması ilə bağlı, həmçinin bir sıra uyğunlaşma xarakterli dəyişikliklər də təklif olunur.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra komitə sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Vergi ödəyiciləri və vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinin asanlaşdırılması məqsədilə hazırlanan qanun layihəsində heç bir dəyişikliyin aparılmadığını deyən komitə sədri sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Növbəti məsələ - “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı da komitə sədri Azər Əmiraslanov təqdim edib. O bildirib ki, nağd hesablaşma limitləri ilə bağlı olan bu qanun layihəsi ilə əlaqədar hər hansı bir qeyd, təklif daxil olmayıb.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə məlumatı diqqətə çatdırıb.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dəyişikliklərlə bağlı rəhbərlik etdiyi komitənin rəyini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra spiker Sahibə Qafarova bildirib ki, gündəliyin son məsələsi olan “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb və məsələyə dair məlumat vermək üçün komitənin sədri Azər Əmiraslanova söz verib.
Azər Əmiraslanov bildirib ki, qanun layihəsi Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştlərinin gömrük güzəştləri ilə tamamlanmasını, başqa sözlə, dəstəklənməsini nəzərdə tutur. O, deputatların layihə ilə bağlı qeyd və təkliflərinin olmadığını diqqətə çatdırıb.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Geri dön