Ana Sayfa > Manşet / Siyasət > Deputat beynəlxalq konfransda Azərbaycanın sülh quruculuğu ilə bağlı təcrübəsindən danışıb
Deputat beynəlxalq konfransda Azərbaycanın sülh quruculuğu ilə bağlı təcrübəsindən danışıbBu gün, 15:00. Yazar: sevinc1 |
Milli Məclisin deputatı Könül Nurullayeva Kambocanın paytaxtı Pnompen şəhərində Sülh və Tolerantlıq naminə Beynəlxalq Parlamentin 11-ci plenar sessiyası zamanı "Sülh, sülh quruculuğu, barışıq və tolerantlığın qlobal arxitekturasının inkişafı: Hökumətlərin, parlamentlərin və vətəndaş cəmiyyəti təşkilatlarının işbirliyi" mövzusunda çıxış edib. Deputat bildirib ki, geosiyasi gərginliyin artdığı bir vaxtda dünyada sülhə daha çox ehtiyac var. Sülh təkcə hərbi əməliyyatların dayandırılması deyil, bütün maraqlı tərəflərin fəal iştirakını tələb edən dinamik və çoxölçülü prosesdir: “Hökumətlər sülhə üstünlük verən hüquqi çərçivələrin yaradılmasında mühüm rol oynayırlar. Parlamentlər bu çərçivələrin hesabatlılıq və inklüzivlik prinsiplərinə uyğunlaşdırılmasını təmin edir, vətəndaş cəmiyyətləri isə insanlar arasında tolerantlıq və qarşılıqlı anlaşma mədəniyyətini inkişaf etdirir. Bu elementlərin inteqrasiyası davamlı sülhə nail olmaq üçün zəruri olan işbirliyini yaradır”. K.Nurullayeva Azərbaycanın sülh quruculuğu ilə bağlı təcrübəsinə diqqət yönəldib. Bildirib ki, 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altında qaldı. Nəticədə bu, ölkəmizə mədəni və iqtisadi baxımdan çətinliklər yaratdı: “Bununla belə, 2020-ci ildə bu ərazilərin beynəlxalq hüququn norma və prinsiplərə uyğun olaraq işğaldan azad edilməsi dönüş nöqtəsi oldu. Bu, bölgəmizdə barışıq və inkişafa əsaslanan bir fürsət yaratdı. Bu münaqişədən sonra Azərbaycan hərtərəfli sülh quruculuğu prosesinə başlayıb. Buraya azad edilmiş ərazilərin yenidən qurulması, köçkünlərin təhlükəsiz qayıtmasının təmin edilməsi, sabitliyin möhkəmləndirilməsinə yönəlmiş sosial-iqtisadi infrastrukturun yaradılması daxildir”. Deputat ölkəmizin davamlı sülhün vacib komponentləri kimi beynəlxalq hüquqa və suverenlik prinsiplərinə sadiqliyini vurğulayıb. Qeyd edib ki, hazırda Ermənistanla sülh müqaviləsini yekunlaşdırmaq üçün fəal şəkildə səylər davam edir: “Bu müqavilə bütün Qafqaz regionu üçün kritik əhəmiyyətə malikdir, çünki o, uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində atılmış əsas addımlardan biri ola bilər. Bu müqavilənin uğurla bağlanması tərəqqiyə və inkişafa yol açacaq, regiondakı bütün xalqların rifahını yüksəldəcək. Ona görə də əsas məqsəd Qafqazda sülhü bərpa etmək və qorumaq üçün bu müqaviləni mümkün qədər tez yekunlaşdırmaq və imzalamaqdır.” Qeyd edək ki, 23-25 noyabr tarixlərində Kambocanın paytaxtı Pnompen şəhərində Sülh və Tolerantlıq naminə Beynəlxalq Parlamentin “Sülh, barışıq və tolerantlıq axtarışı” mövzusunda 11-ci plenar sessiyası keçirilib. Sessiyada Parlamentlərarası Birliyin prezidenti, ASEAN təşkilatının baş katibi, Kambocanın baş naziri, Kamboca Senatının prezidenti, müxtəlif ölkələrin parlamentlərinin sədrləri, xarici işlər nazirləri və digər yüksək vəzifəli şəxslər iştirak edərək, sülh və barışıq mövzusunda fikir və təcrübələrini bölüşüblər. Geri dön |