Ana Sayfa > Parlament > Alovlu çıxışların arxasında heç bir fakt dayanmır

Alovlu çıxışların arxasında heç bir fakt dayanmır


Bu gün, 17:30. Yazar: sevinc1
Alovlu çıxışların arxasında heç bir fakt dayanmır

Noyabrın sonuncu həftəsinin ilk üç günündə Milli Məclisin plenar iclasları keçirilib. İclaslarda 2025-ci ilin büdcə zərfi müzakirə olunub.

Müzakirələr zamanı bəzi deputatların çıxışları narazılıq yaradıb. Deputatlardan bəzilərinin "odlu-alovlu" çıxışları parlamentin spikeri Sahibə Qafarovanı müdaxilə etməyə məcbur edib. "Sizə qulaq asdıqca, adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütünlüklə uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?",- xanım sədr vurğulayıb.

Modern.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, bəzi deputatlar rayonları, sanki, problemlər içərisindəymiş kimi təqdim etməyə çalışıblar:



“Milli Məclisdə üç gün çox səmərəli büdcə müzakirələri aparılaraq 2025-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul olundu. Bütün deputatlar üçün dövlət büdcəsi zərfinə münasibət bildirilməsi üçün şərait yaradıldı. Deputatlar büdcə zərfini yüksək dəyərləndirdilər və həm də təmsil olunduqları rayonlarla bağlı məsələləri də gündəmə gətirdilər. Amma çox təəssüf ki, bəzi həmkarlar müzakirələr zamanı dövlətimizin uzun illər ərzində həyata keçirdiyi sosial infrastruktur layihələrinin icrası ilə bağlı danışmayaraq, rayonları sanki problemlər içərisindəymiş kimi təqdim etməyə çalışdılar.

Halbuki, regionlarımızda elə bir yaşayış məntəqəsi yoxdur ki, ölkəmizdə həyata keçirilən inkişaf proqramlarından kənarda qalsın, hər hansı bir layihə icra olunmasın. Məhz dövlət başçımızın sərəncamları ilə 2004-cü ildən icra olunmağa başlanmış regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları sayəsində Azərbaycanın siması yenilənərək müasirləşmiş və insanların rahatlığı təmin olunmuşdur. Heç də sirr deyil ki, 100 milyardlarla manat investisyaların qoyulması sayəsində insanlar rahat yollarla hərəkət edir, tibb müəsisələrimiz, təhsl müəsisələrimiz, su-kanalizasiya sistemləri, qazlaşma, elektrik və rabitə şəbəkəsi, Olimpiya Kompleksləri, su anbarları, istehsal müəsisələri və sairə yenilənir. Bütün bunlar bu gün, ancaq vətəndaşlarımızın rifahının yaxşılaşmasına xidmət edir. Bu məsələləri görməzliyə vurmaq və heç bir iş görülməyibmiş kimi görüntü yaratmaq yolverilməzdir”.

A.Badamov bəzi həmkarlarının tribunadan istifadə edib, əsassız məişət məsələlərini gündəmə gətirərək özlərini yaxşı millət vəkili kimi təqdim etməyə çalışmasını düzgün addım hesab etmədiyini deyib:

"Xanım sədrin iclas zamanı səsləndirdiyi iradlar çox düzgündür və ölkəmizdə görülən işlərdən xalq məlumatlı olmalıdır. Bu baxımdan icra olunmuş layihələri yaddan çıxardıb kənarda qoyaraq həllini gözləyən məsələləri qabardaraq böyük problemlər kimi təqdim olunmasını düzgün hesab etmirəm. Düzdür, həllini gözləyən məsələlər də var. Həmin məsələlər də dövlət büdcəsi hesabına mərhələli şəkildə həll olunur. Bu gün qarşımızda dayanan əsas məsələlərdən biri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasıdır. Məhz bu işlərin həyata keçirlməsinə 2025-ci il də daxil olmaqla 21 milyard manat vəsait ayrılır. Əgər torpaqlarımız işğal olunmasaydı bu vəsait də regionlarımıza yönəldilmişdi və bu gün gündəmə gətirlən məsələlər də həll olunmuşdu.

Sosial siyasət dövlətmizin əsas prioritetidir. Belə ki, son 5 ildə icra olunmuş 7 milyard manat maliyyə tutumlu və 4 milyon insana şamil olunmuş sosial paketlər sayəsində vətəndaşların rifahı kifayət qədər yaxşılaşmışdır. Təkcə son 5 ildə minimum əməlhaqqı 2,7 dəfə, minimum pensiyalar 2,5 dəfə, ÜDSY 2,7 dəfə və digər müavinətlər və təqaüdlər dəfələrlə artılıb. Gələn ilin dövlət büdcəsində də bu istiqamətdə addımların davamlı olması nəzərdə tutulur.

Bu baxımdan xalq bütün məsələlərdən məlumatlı olmalı və dövlətin onların yanında olduğunu hər zaman hiss etməlidir. Biz də deputat olaraq seçicilərimizin problemlərini gündəmə gətirdiyimiz kimi seçicilərimizi görülən işlərlə yaxından tanış etməli və dəyələndirməliyik".

Milli Məclisin deputatı Aydın Hüseynov da qeyd edib ki, qanun layihəsinin müzakirəsi zamanı fikirlər konkret olaraq buna yönəldilməlidir:



“Parlamentdə qanun layihəsi müzakirə olunur. Ona görə də fikirlər konkret olaraq qanun layihəsinə yönəlməlidir. Bundan qabaq məsələlər komitə iclaslarında çox geniş müzakirə olundu. Geniş ictimaiyyət də qanun layihələri ilə tanış idi. Bizim büdcəmizdə sosial xərclər 8,8 faiz artırsa, bu,müsbət haldır. Dövlətin həyata keçirdiyi siyasət Azərbaycan xalqının sosial rifahının artırılmasına yönəlib”.

Deputat söyləyib ki, parlamentdə səsləndirilən hər fikrin arxasında konkret faktlar dayanmalıdır:

“Hər hansı mülahizələr əsasında fikir yürüdülməməlidir. Deputatın vəzifəsi ondan ibarətdir ki, seçici ona hər hansısa fikri deyirsə, o əsaslandırılmalı, tam əksini tapmalıdır. Hər hansı seçicinin müraciətini işçi qaydada həll etmək mümkündür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün deputat müraciətlərinə həssaslıqla və diqqətlə yanaşır. Yəni bu cür xırda məsələləri, əgər varsa, işçi qaydada, yaxud həmin nazirliklə həll etmək mümkündür. Həmin məsələləri parlamentə çıxardıb, ümumiləşdirib, bu boyda görülən işlərə, əldə olunan nailiyyətlərə haradasa xırda-para məsələlərlə, hansı ki, hələ bunların əsaslı olacağı da bilinmir, kölgə salmaq qətiyyən düzgün deyil”.
Geri dön