Ana Sayfa > Manşet / Siyasət / Özəl > Göydəniz Qəhrəmanov: “Azərbaycan Prezidentinin təşəbbüs və səyləri COP29-un möhtəşəm nəticələrinə səbəb oldu”
Göydəniz Qəhrəmanov: “Azərbaycan Prezidentinin təşəbbüs və səyləri COP29-un möhtəşəm nəticələrinə səbəb oldu”Bu gün, 09:04. Yazar: sevinc1 |
“Cənab Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında demişdir: “Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik.” Bu günlərdə öz işini başa çatdırmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakı sessiyasının nəticələri Azərbaycan Prezidentinin bu proqnozlarında da haqlı olduğunu növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Ümumiyyətlə, dövlət başçımızın həyata keçirdiyi xarici siyasət kursunda ümumbəşəri dəyərlər hər zaman istiqamətverici prioritet amillər kimi çıxış edib. Diqqətə layiq haldır ki, bu vacib məqam hətta hazırkı dövrdə ölkəmizlə siyasi müstəvidə münasibətlərində müəyyən gərginliklərin müşahidə olunduğu ABŞ-nin Prezidenti Baydenin təbrik bəyanatında da öz əksini tapıb. Həmin bəyanatda uğurlu nəticələrin əldə edilməsində əməyi olan tərəfləri və COP29-un sədrliyini təbrik edən ABŞ Prezidenti COP29-un Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdiyini və qlobal müzakirələrin mərkəzinə çevrildiyini vurğulayıb. Qeyd olunub ki, tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb olub. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə əlamətdar hadisə kimi tarixə düşdü.” Bu sözləri COP29-un uğurlu yekun nəticələri ilə bağlı aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib. Daha sonra Azərbaycanın inkişaf etməkdə olan dövlətlərlə, o cümlədən kiçik ada ölkələri ilə münasibətlərinin ümumbəşəri dəyərlər üzərində formalaşdığını qeyd edən G.Qəhrəmanov COP29-un nəticələrinin məhz bu ölkələrə böyük dəstək vəd etdiyini diqqət mərkəzinə çəkib: “Azərbaycan Prezidenti xüsusilə kiçik ada ölkələrinin iqlim dəyişikliyinin yaratdığı fəsadlarla bağlı üzləşdikləri təhlükələrlə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşıb. Dövlətimizin başçısı COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində etdiyi çıxışında da bu məsələyə öz yanaşmasını birmənalı şəkildə ortaya qoyaraq bəyan etdi ki, bu ölkələrin səsi qlobal arenada eşidilməlidir və inkişaf etmiş bütün dövlətlər, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. Azərbaycan Prezidentinin təşəbbüs və səyləri bu məsələdə də nəticəsiz qalmadı. Azərbaycanın uğurlu moderatorluğu ilə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Halbuki, həmin sessiyada heç də rahat, hamının həmrəy olduğu ümumi məsələlərin müzakirəsi getmirdi və ortaq qərara gəlib çıxmaq, müzakirələri nəticəyə bağlamaq asan deyildi. Lakin Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. Müzakirələr ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında gedirdi. Lakin Azərbaycan bu rəqəmln 300 milyard dollara qaldırılmasına nail oldu. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı” – deyə, millət vəkili fikirlərini tamamlayıb. Geri dön |