Ana Sayfa > Ölkə > Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib

Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib


Bu gün, 15:34. Yazar: sevinc1
Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib

İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində yaradılmış qlobal “Yaşıl artım portalı” yaşıl keçid strategiyalarının formalaşdırılmasını stimullaşdıracaq.

Bu barədə aia.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində yaradılmış və COP29-da təqdim olunan qlobal “Yaşıl artım portalı” ilkin variantda istifadəyə verilib. Qlobal enerji keçidi üçün lazım olan məlumatları əhatə edən portal ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək. İnteraktiv alətdə yeni sənaye sahələrinin, yeni bazarların və iqtisadi inkişaf istiqamətlərinin formalaşdırılması üçün mövcud imkanlar təqdim olunur.
Portal yaşıl dəyər zənciri - batareyalar, vacib minerallar, elektrik şəbəkəsi, elektrik nəqliyyat vasitələri, yaşıl hidrogen, istilik nasosları, hidroelektrik, nüvə, günəş və külək enerjisi məhsulları barədə 10 illik məlumatları və 140-dan çox ölkə üçün strateji perspektivləri əhatə edir. “Yaşıl artım portalı”na həmçinin, yaşıl dəyər zənciri məhsulları arasında əlaqənin əks olunduğu atlas əlavə olunub. Fundamental tədqiqatlara əsaslanan məlumatlar ölkələrə və investorlara karbonsuzlaşma üçün tələb olunan vasitələrin istehsalı üçün lazım olan imkanları müəyyən etməyə və ondan faydalanmağa yardım edəcək.
İstifadəçilər portal vasitəsilə ölkələrin hər bir dəyər zənciri üzrə mövqeyini və iqtisadi rəqabətlilik səviyyəsini müəyyənləşdirə biləcəklər. Bundan başqa, məhsulun gözlənilən və beynəlxalq ortalama qiyməti ilə müqayisədə ölkənin dəyər zənciri üzrə vəziyyəti təyin edilə bilər. Portalda texniki iqtisadi əsaslandırma aparmaqla və hər bir məhsulun cəlbediciliyini dəyərləndirməklə ölkənin yaşıl dəyər zəncirlərinə daxil olmaq imkanları təhlil olunur. İnteraktiv portalda yaşıl dəyər zənciri üzrə məhsullarla bağlı mövcud bazarların durumu, effektiv ixracatçılar və artım perspektivləri barədə də məlumatları əldə etmək mümkündür.
Yaşıl texnologiyalara artan tələbatın təmin olunması və bu prosesdə təchizatçı kimi çıxış etmək istəyən ölkələr və potensial investorlar portal vasitəsilə yaşıl dəyər zəncirinin onların istehsal imkanlarına nə qədər uyğun olduğunu təhlil edə biləcəklər.
Portal Harvard Universitetinin 250 ölkə və iqtisadi regionu, həmçinin 2 milyon istifadəçini əhatə edən “İqtisadi Mürəkkəblik Atlası”nın (Atlas of Economic Complexity) əsasında hazırlanıb. 2025-ci ildə tam fəaliyyət göstərəcək “Yaşıl artım portalı”na beynəlxalq təşkilatlar və müxtəlif ölkələrdən əldə edilən məlumatlara əsasən hazırlanmış təhlillər, müqayisəli məlumat bazaları və “yaşıl artım” üçün strategiyalar əlavə olunacaq. Portaldan istifadə ödənişsizdir.
Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanın portalla bağlı videomüraciəti ilə aşağıdakı linkdən tanış olmaq olar:
https://tinyurl.com/mr377pnw
Geri dön