Ana Sayfa > Manşet / Siyasət / Özəl > Eltun Süleymanov: "Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyi bacardı"

Eltun Süleymanov: "Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyi bacardı"


Bu gün, 17:42. Yazar: sevinc1
Eltun Süleymanov: "Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyi bacardı"

Noyabrın 11-dən 24-nə qədər Bakıda keçirilən COP29 iqlim sammiti həm Azərbaycan, həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşlarda qalacaq. Sammitin yekunları, xüsusilə də gərgin müzakirələrdən, açıq şəkil alan mübahisələrdən sonra əldə olunan razılaşmalar bir sıra dünya liderlərinin təqdirini qazanıb və onlar COP29-un işini yüksək qiymətləndirirlər. Bu sırada ABŞ-nin prezidenti Cozef Baydendən tutmuş beynəlxalq üstqurum təşkilatlarının liderlərinə qədər var. COP29-dan aylar öncə, eləcə də tədbirin başlanması ərəfəsində ölkədə bütün təbəqələrdə bəlli bir həyəcan vardı. Ancaq gərginlik və problemlər yaşanmadı. Üstəlik, Azərbaycanın uğurlarını həzm edə bilməyən, hər fürsətdə ölkəmizin reputasiyasına zərbə vurmağa çalışan xarici dairələrin mövcudluğu, məqsədyönlü fəaliyyəti göz önündə idi. COP-29 sammitinə Azərbaycan ev sahibliyi etsə də, bu, BMT-nin bayrağı altında keçirilən tədbir idi, ancaq bədxah dairələr bu sammitə ona görə maneçilik törətmək, problem yaratmaq istəyirdilər ki, ortada Azərbaycanın adı vardı. Onlar düşünürdülər ki, COP29 sammiti yaxşı alınmasa, bu, Azərbaycanın reputasiyasına zərbə olacaq. Bir sözlə, suyu bulandırıb balıq tutmaq həvəsində olanlar var idi.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, amma onların xəyal etdiyi kimi olmadı. Azərbaycan öz üzərinə düşən işləri hərtərəfli peşəkarlıqla görməsi bədxahlara “təşkilatçılıq zəif idi”, “təhlükəsizlik qaydalarında boşluqlar vardı” kimi demaqoqluqlar etməyə imkan vermədi. Bir sıra xarici və yerli dairələrin ən çox toxunduqları məqam COP29-da iştirak edən ölkələrin və onların təmsilçilərinin sayı ilə bağlıydı. Açılış günündən sonrakı günlərdə məlum oldu ki, narahatlığa əsas yoxdur, qonaqların sayı kifayət qədərdir, hətta dünyanın o başından, məsələn, Kapo Verdedən, Zambiyadan, San Tome və Prinsipi dövlətindən də yüksək vəzifəli təmsilçilər gəlib. Az tanınan və inkişaf etməkdə olan ölkələrin nümayəndələrinin sammitdə və müzakirələrdə həvəslə iştirak etmələrinin bir səbəbi də o idi ki, bu sammitin nəticələrindən asılı olaraq onlar böyük maliyyə yardımları ala bilərdilər. Belə dövlətlər öz məqsədlərinə müəyyən mənada çatdılar. İqlim dəyişikliklərinin fəsadları ilə bağlı belə bir hesabalama mövcuddur ki, yaxın illərdə bunun üçün 10 trilyondan çox vəsait lazım olacaq. Təbii kataklizmlərin müxtəlif ölkələrə vurduğu zərər bundan az olmayacaq. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri də məhz bu istiqamətdədir. Əldə olunan razılaşmaya əsasən hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi hədəfləyir. Bakı Maliyyə Məqsədi varlı ölkələrin 2035-ci ilə qədər kasıb dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 sədarətinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. Bu vəsait, lakonik desək, kasıb ölkələrin iqlim dəyişikliklərinə uyğunlaşmasını təmin edən layihələrə yönəldilməlidir. COP29-un ən böyük uğurlarından biri 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da “Paris sazişi”nin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. Bununla bağlı razılığın əldə olunması COP29 sədarətinin xüsusi önəm verdiyi məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Bu xüsusda yayılan rəsmi açıqlamada bildirilir ki, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Kömürlə işləyən elektrik stansiyalarının fəaliyyəti dayandırılacaq, külək enerjisi ilə işləyən elektrik stansiyalarının tikintisi artıralacaq, meşələrin qırılmasının məhdudlaşdırılması ilə yanaşı yeni meşə massivlərinin bərpası və salınması işi gücləndiriləcək. Bir sözlə, bütün dünya üçün böyük əhəmiyyət daşıyan bu sammit öz ritmi, ahəngi ilə, müsbət nəticələri ilə başa çatdı. Xoşbəxtlikdən, ölkəmizin adına xələl gətirə biləcək hər hansı xoşagəlməz hadisə baş vermədi, qonaqlar bizdən razı getdilər. Azərbaycan dünya şöhrəti qazandı, öz imzasını imzalar içində bir daha təsdiqlədi-deyə E. Süleymanov fikrini tamamlayıb.
Geri dön