Ana Sayfa > Manşet / Özəl / Gündəm / Siyasət / Seçilənlər-9 > Sazlı-sözlü Kəlbəcər yenidən Azərbaycanın zümrüd qaşı kimi parlayacaqdır

Sazlı-sözlü Kəlbəcər yenidən Azərbaycanın zümrüd qaşı kimi parlayacaqdır


Bu gün, 07:55. Yazar: sevinc1

Sazlı-sözlü Kəlbəcər yenidən Azərbaycanın  zümrüd qaşı kimi parlayacaqdır

Əziz Ələkbərli,
Qərbi Azərbaycan İcması
İdarə heyətinin sədri,
Milli Məclisin deputatı


Kəlbəcər qədim Azərbaycan torpağıdır, bu toponim Kol-bi-içər, yəni Kol tayfasının içərliyi-əyaləti anlamında olmaqla bu ərazidə yaşayan qədim Kol türk tayfasının adını günümüzə qədər daşımaqdadır. Doğrudan da, Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Rayona inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf edir. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
1993-cü il aprelin 2-də Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 adam əsir götürüıdü və itkin düşdü. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu, onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edildi, dağıdıldı və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. Kəlbəcərin işğalından sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnamə qəbul etdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Bu gün ermənilərin tərəfindən çıxış edən Qərb və Avropa dairələri riyakarcasına susdu.
27 ildən artıq müddətdə BMT qətanməsi kağız üzərində qaldı. Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən savaşında Azərbaycan Ordusu Ermənistan ordusunu diz çökdürdü. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi. Lakin bu, 15 noyabrda reallaşmadı. Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərərək noyabrın 25-dək vaxt istədi. Azərbaycan tərəfi Rusiya tərəfindən çatdırılan bu xahişi qəbul etdi. Beləliklə, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Bununla həm də Azərbaycan BMT qətnaməsinin tələbini reallaşdırmış oldu. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.


Kəlbəcər işğaldan azad olunduqdan sonra orada infrastruktur layihələrinin icrasına başlanıb. Kəlbəcərdə həyata keçirilən layihələrin siyahısına nəzər saldıqda bu rayona verilən önəmi də görmək olur. Vaxtilə Ümummilli Lider Heydər Əliyev deyirdi: “Böyük əraziyə malik olan Kəlbəcər Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir. Respublikamızın ucqar rayonu olmaqla bərabər, Kəlbəcər ölkəmiz üçün həm də strateji əhəmiyyəti olan bir rayondur. Allah Kəlbəcərə hər cür nemətlər – gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yeraltı sərvətləri, həm də yerüstü sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir.”
İndi həmin Kəlbəcər azaddır, torpağın əsil sahibləri qayıdıb. İşğalçı ermənilər unitazlarını da kürəklərinə alıb gəldikləri yerə qayıtmaq məcbuiriyyətində qaldılar. Bu torpaqlara yeni həyat, yeni nəfəs verilir. Azad Kəlbəcərin xoş günləri bundan sonra olacaq. Sazlı-sözlü Kəlbəcər yenidən Azərbaycanın zümrüd qaşı kimi parlayacaqdır.


Geri dön