Ana Sayfa > Siyasət > Kəlbəcərin azad edilməsi siyasətin, hərbi gücün, taktiki planların uğurlu nəticəsi idi
Kəlbəcərin azad edilməsi siyasətin, hərbi gücün, taktiki planların uğurlu nəticəsi idiDünən, 14:40. Yazar: sevinc1 |
Ən gözəl diyarımız olan cənnətməkan Kəlbəcər artıq 4 ildir azaddır. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin uğurlu diplomatiyası, prinsipial mövqeyi və Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı sayəsində Ermənistan həm sahədə, həm masada məğlubiyyətə uğradı, kapitulyasiya aktını imzalamağa və işğal etdikləri tarixi Azərbaycan ərazilərindən çıxmağa məcbur oldular. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Ermənistan ordusu Kəlbəcər rayonunu tərk etdi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi mənfur düşmənin işğalından azad edildi. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Arxeoloji faktlara əsaslanaraq deyə bilərik ki, yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv.km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmış, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Bütün bunlar isə əlbəttə ki, rəsmi İrəvanın hərbi cinayətlərinin bir hissəsi idi. Dünya birliyi isə “İkili standartlar” siyasəti yürüdərək cinayətə göz yummaqla bərabər həm də işğalçı dövlətə himayədarlıq edirdi. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürülərək erməni silahlı qüvvələrinin hərəkətləri bu istiqamətdə böyük dərəcədə məhdudlaşdırıldı. Faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. “Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq” –deyən Prezident İlham Əliyev Kəlbəcər uğrunda gedən döyüşlərin, Kəlbəcərin azad olunmasının strateji əhəmiyyətini çox dəqiqliklə izah etmişdir. Effektiv hərbi strategiyanın nəticəsi kimi isə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundular. Bu isə qəhrəmanlarımıza dövlət səviyyəsində göstərilən hörmət və ehtiramın bariz nümunəsidir. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs olaraq Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmiş, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunmuşdur. Bu gün isə Kəlbəcər öz sakinlərini qarşılamaq qayğısı ilə sevinir. İllər öncə əliyalın, zorla öz dədə-baba torpaqlarından çıxarılan Kəlbəcər sakinləri böyük qürur və şərəflə Vətən torpağına dönməyə hazırlaşırlar. Kəlbəcərdə yeni yaşayış məntəqələri, yeni yollar, infrastruktur obyektlər tikilib istifadəyə verilir, Kəlbəcərə həyat sanki yenidən qayıdır. Kəlbəcərin Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək. Rayonun Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Rayonun enerji potensialı yenidən dirçəldilir. Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Yeni avtomobil yolları çəkilir, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. İlk yaşayış məhəlləsi artıq 3,26 hektar ərazidə layihələndirilib. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Rayonun Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Bəxtiyar Mustafayev, YAP Mingəçevir təşkilatının sədri. Geri dön |