Ana Sayfa > Siyasət > Anar Nəbiyev : Bu torpaqlarda əbədi yaşayacağıq

Anar Nəbiyev : Bu torpaqlarda əbədi yaşayacağıq


Bu gün, 12:51. Yazar: sevinc1
Anar Nəbiyev :  Bu torpaqlarda əbədi yaşayacağıq

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların dünyaya təqdimatı oldu. Ötən dövr ərzində Azərbaycan bütün sahələrdə gücləndi, Ordumuz Qələbəyə hazırlandı, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı.  44 günlük İkinci Qarabağ müharibəsində bütün bu amillərin vəhdəti sayəsində tarixi Zəfərə imza atdıq. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan  10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapan müddəalarda Kəlbəcərin, Ağdamın və Laçının boşaldılması ilə bağlı vaxt öz əksini tapmışdı. Ermənilərin Kəlbəcəri boşaldan zaman törətdikləri vəhşiliklər dünyanın gözü qarşısında baş verdi. Dünya dövlətləri sussalar da, bu vəhşiliklərin fonunda Azərbaycanın bu illər ərzində necə vəhşi ilə üz-üzə olduğunun şahidinə çevrildilər. Belə ki, ermənilər apara bildiklərini apardılar, apara bilmədiklərini yandırdılar, ekoloji terror törətdilər. 

Torpaqlarımızın işğaldan azad edildikləri tarixləri qeyd edərkən onların işğal edildikləri vaxtı, erməni vəhşiliklərini yada salmaya bilmərik. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Hazırda Ağdam genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Cənab İlham Əliyev 2022-ci ildə Ağdam şəhərində keçirilən  Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bu mühüm məqamı xüsusi qeyd etdi ki, hazırda biz keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik.

Qeyd etdiyimiz kimi, 20 noyabr Ağdam, 25 noyabr isə Kəlbəcər Şəhəri Günüdür. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. Statistik rəqəmlərə diqqət yetirək.  İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 60 min kəlbəcərli respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və sair talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.

Tarixi Zəfərimizdən sonra Kəlbəcərə səfəri zamanı  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi  ki, baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar: “Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev digər işğaldan azad edilmiş torpaqlarımız kimi, Kəlbəcərə də səfərləri zamanı böyük qürur hissi ilə qeyd edir ki, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq. Biz bu gün buradayıq, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və  bundan sonra burada əbədi yaşayacağıq.

Keçmiş məcburi köçkünlərin  dogma yurd-yuvalarına qayıdışını təmin etmək üçün Böyük Qayıdış Proqramı uğurla icra edilir. Cari ilin sonuna qədər sakinlərinə qovuşacaq şəhərlər sırasında Kəlbəcərin də adı var. Ağdam şəhəri isə gələn il sakinlərini qarşılayacaq. Ağdam şəhəri ilk “ağıllı şəhər” olacaq.      

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Geri dön