Ana Sayfa > Siyasət > Cənab Prezident bəzi Qərb siyasətçilərinə onların layiq olduqları yeri göstərdi
Cənab Prezident bəzi Qərb siyasətçilərinə onların layiq olduqları yeri göstərdiBu gün, 09:38. Yazar: sevinc1 |
Noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilmiş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin gedişində bu gün öz xudbin maraqlarını bütün bəşəriyyətin maraq və mənafelərindən üstün tutan bəzi məlum Qərb dövlətləri növbəti dəfə Azərbaycan Prezidentinin sərt tənqidinə məruz qaldılar. Hər zaman prinsipal mövqelərdən çıxış edən, dünyanın ən nüfuzlu beynəlxalq tribunalarından öz sözünü qətiyyətlə deməyi bacaran cənab Prezident İlham Əliyev bu çıxışında da dünyaya demokratiya dərsi keçməyə iddialı olan, öz ölkələrini bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandıran üzdəniraq siyasətçilərə onların əsil simalarını və layiq olduqları yeri göstərdi. İlk növbədə dövlətimizin başçısı öz çıxışında qeyd etdi ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra ölkəmizin inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni, daha yüksək səviyyəyə qalxıb. Cənab Prezident kiçik ada dövlətlərinin böyük haqsızlıqlara məruz qaldıqlarını diqqət mərkəzinə çəkərək belə bir mühüm məqamı qeyd etdi ki, bu ölkələrin səsi qlobal arenada eşidilməlidir. Bu xüsusda cənab Prezident İlham Əliyevin inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərmələri ilə bağlı müraciəti xüsusi önəm kəsb edir. Həqiqətən də bu ölkələr kənardan dəstək olmadan özlərini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilməzlər. Öz növbəsində Azərbaycan kiçik ada dövlətlərinə hər zaman özünün birmənalı dəstəyini nümayiş etdirir. Ölkəmiz fəlakət qarşısında zəif olan bir sıra dövlətlərə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib. Azərbaycan həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verib. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycan dövləti 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Ölkəmiz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanıb. Dövlət başçımızın öz çıxışında qaldırdığı ən mühüm məsələlərdən biri əlbəttə ki, neokolonializm və iqlim dəyişmələri mövzusu ilə bağlıdır. Cənab Prezident İlham Əliyev qəti və birmənalı şəkildə bəyan etdi ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükələr yaradır. Həmin ərazilərdə yaşayan icmaların səsi isə bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Fransa və Niderland müstəmləkələri bu gün, XXI əsrdə də neokolonializm siyasətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır. Bütün bu insanlığa təhqir dolu məqamlar cənab Prezident İlham Əliyevin çıxışında öz əksini tapıb və onların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb. Natiq Quluzadə YAP Zəngilan rayon təşkilatının sədri Geri dön |