Ana Sayfa > İqtisadiyyat > “AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib

“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib


Bu gün, 11:38. Yazar: sevinc1
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib

“AzerGold” QSC tərəfindən “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsi çərçivəsində Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş nadir, nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin “Çovdar” qızıl mədəni ətrafında çoxaldılması və reintroduksiyası uğurla icra edilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən növbəti aksiya zamanı Zəngəzur itburnusu (Rosa zangezura P.Jarosch.), Nizami itburnusu (Rosa nisami Sosn.), Qafqaz dağdağanı (Celtis caucasica Willd.), Adi nar (Punica granatum L.), İriyarpaq kövrək mürdəşər (Frangula grandiflora A.Pool), Trautvetter ağcaqayını (Acer trautvetteri L.), Adi şabalıd (Castanea sativa Mill.), Dəmirağac (Parrotia persica (DC.) C.A.Mey.), Şabalıdyarpaq palıd (Quercus castaneifolia C.A.Mey.) və Atşabalıdı (Aesculus hippocastanum L.) kimi nadir ağac və bitki növlərinin kütləvi əkini həyata keçirilib.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsi çərçivəsində 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun əməkdaşlarının bilavasitə iştirakı ilə “Çovdar” mədəninin ətrafındakı dağlardan nəsli kəsilmək təhlükəsində olan ağac və bitkilər aşkarlanaraq, toxumları yığılıb. Həmin toxumların çeşidlənməsi, müvafiq dərman vasitələri ilə qurudulması həyata keçirilərək, xüsusi aqrotexniki qaydada təcrübə sahəsində yetişdirilib.
Cari aksiya daxil olmaqla, ümumilikdə 3 dəfə, hər ilin oktyabr-noyabr aylarında nadir, nəsli kəsilmək təhlükəsində olan ağac tingi və bitki kollarının tarixən yetişdiyi ərazilərdən biri kimi Daşkəsən rayonunda, “Çovdar” mədəninin ətrafında ayrılmış geniş ərazidə əkini, çoxaldılması təmin edilib. Builki aksiya zamanı, həmçinin təbii şəkildə digər bölgələrdə yayılmış nadir ağac və bitki növlərinin “Çovdar” qızıl mədəni ətrafında kütləvi əkini həyata keçirilib. Sözügedən bitkilər mütəmadi qulluq göstərilməsi üçün “AzerGold” QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində ekoloqlar tərəfindən daimi nəzarətə götürülüb.
Xatırladaq ki, Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın 2023-cü ildə nəşr edilmiş 3-cü nəşrində “AzerGold” QSC-nin icra etdiyi bu ekoloji əhəmiyyətli layihə öz əksini tapıb.
Ölkəmizin dağ-mədən sənayesini təmsil edən dövlət şirkəti olaraq “AzerGold” QSC tərəfindən istismarı həyata keçirilən yataqların ekoloji cəhətdən daha effektiv idarə edilməsi, hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. Bununla yanaşı, QSC-nin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində ekoloji tarazlığın qorunub saxlanılması məqsədilə davamlı olaraq kütləvi tədbirlər, o cümlədən, iməcilik, ağacəkmə və digər yaşıllaşdırma aksiyaları təşkil edilir.
Geri dön