Ana Sayfa > Özəl > Üçtərəfli Bəyanat yeni uğurların başlanğıcı oldu

Üçtərəfli Bəyanat yeni uğurların başlanğıcı oldu


19-11-2024, 11:21. Yazar: sevinc1
Üçtərəfli Bəyanat yeni uğurların başlanğıcı oldu

10 noyabr 2020-ci ildə Üçtərəfli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bu hadisədən keçən iki il müddətində ölkəmizin həyatında xeyli mühüm hadisələr baş verib. Bizimçün başlıcası budur ki, Üçtərəfli Bəyanatın imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlar daha çox olmuşdur. Bunlardan ilk növbədə Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən qaytarılmasını göstərmək olar. Daha sonra iki qardaş ölkə - Türkiyə və Azərbaycan arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalandı.
Qələbəmizdən sonra Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Yeni magistral yollar inşa edilir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib.
Azərbaycanın ərazi bütövlüyünü tanınıb. Ölkəmizin suverenliyini tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq Komissiyalar hazırda iş başındadır.
Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatında qeyd olunur ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq həll olunmalıdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Azərbaycan xalqı qalib xalq kimi gec-tez öz istədiklərinə qovuşacaqdır.
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi.

Geri dön